Vəkil Əziz Qənbərov kənd təsərrüfatı naziri Məcnun Məmmədova açıq məktub yazıb. Vəkil Azərbaycanda kənd təsərrüfatı sahəsində görülən müsbət işləri qeyd etməklə nazirin diqqətinə fermerləri saxta sənəd düzəltməyə sövq edən qaydalardan yazıb.
Nazirə ünvanlanan, surəti Musavat.com-a təqdim olunan açıq məktubunda Əziz Qənbərov yazır:
“Hörmətli cənab nazir! Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətim ilə bağlı bir çox kəlbəcərli fermerlər mənə müraciət edir ki, onların problemlərini sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının mövsümi qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu, çox ədalətsiz şərt olmaqla bərabər, fermerləri məcbur edir ki, saxta sənəd düzəltsin. Həmin şərtlər aşağıdakılardır.
250(baş qoyun)X 2 manat=500 manat çimizdirmək xərci;
81 hektar yaylaq sahəsinin hər hektarına görə 2 manat ödəniş tələb olunur = 160 manat icarə haqqı;
250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 “Kamaz” lazımdır. Keçən il bir “Kamaz” Kəlbəcərə heyvanları 800 manata aparıb. Deməli fermer 250 qoyunu Kəlbəcər yaylağına aparmaq üçün 5 “Kamaz” sürücüsünün hər birinə 800 manat ödəməli, 4 min manat buna görə xərc çəkməlidir. Hələ heyvanları 3 ay sonra yaylaqdan qaytarmaq üçün əlavə 4 min manat da xərcləməlidir.
Hörmətli cənab nazir!Bu halda 1 fermer 250 baş qoyunu yaylağa aparması üçün 8 min 660 manat pul xərcləməlidir. Bu fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. 1 fermer il ərzində çoban, fəhlə saxlamağa, digər zəruri xərcləri çəkməyə 20 min manat xərcləməlidir. Bu isə fermerlərin illik qazanclarının əhəmiyyətli hissəsinin əllərindən alınması deməkdir.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stimullaşdırıcı tədbirlər görməyi tapşırdığı bir vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonlarının camaatının əksər hissəsi fermer təsərrüfatı ilə məşğuldurlar.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com