Tanınmış vəkil Əkrəm Həsınov məhkəmə-hüquq islahatlarının yeni mərhələsi barədə fikirlərini bölüşüb.
Musavat.com xəbər verir ki, Əkrəm Həsənov qeyd edib ki, 1 il öncə Ali Məhkəməyə yeni sədr təyin olunmaqla real islahatlar başlanıb:
"Bir il əvvəl İnam Kərimov Ali Məhkəmənin yeni sədri təyin olundu. Ötən dövr göstərir ki, məhz bu təyinatla ölkədə real məhkəmə-hüquq islahatları başlandı. Söhbət yalnız Ali Məhkəmənin qərarlarının keyfiyyətinin artmasından getmir. Halbuki, bu da çox önəmlidir. Verilən qərarlar daha əsaslı, vahid mahiyyətli və elmi olmağa başlayıb.
Vəkil problemlərin hələ də varlığını, lakin təkmilləşmənin göz qabağında olduğunu vurğulayıb: "Eyni zamanda qərarlar üzrə axtarış sistemi də təkmilləşib. Əsas məsələ odur ki, bütövlükdə məhkəmə sisteminin idarəçiliyində müsbət tendensiya var. Məhkəmə hakimiyyəti daha müstəqil olub. O cümlədən daha Ədliyyə Nazirliyindən asılı deyil. Ötən ilədək Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri idi. Bu da məhkəmə hakimiyyətini icra hakimiyyətindən asılı vəziyyətə salmışdı. İnam Kərimov həmçinin Məhkəmə-Hüquq Şurasının sədri olduqdan sonra bu asılılığa son qoyuldu. Hazırda Ədliyyə Nazirliyi məhkəmə sisteminin işinə qarışmır. Bu model yeni hakimlərin təyinatında da önəmli rol oynayır. Yeni təyinatlar əvvəlkilərdən müsbət mənada fərqlənir. Təbii ki, kadr məsələsi çox vacibdir. Bu baxımdan Ali Məhkəmənin özündə də yenilənmə qaçılmazdır. Və bu prosesə də artıq başlanılıb. Elə aprelin 5-də Ali Məhkəməyə müsbət nüfuza malik iki yeni hakim təyin olunub. Məsələn, onlardan biri – Aidə Hüseyn neçə ildir ki, Bakı Apellyasiya Məhkəməsinin ən savadlı və dürüst hakimlərindən biri kimi tanınır".
Vəkil məhkəmələrin səlahiyyətlərinin düzgün bölünməsi istiqamətində də atılan addımları qeyd edib:
"Ali Məhkəmənin Konstitusiya Məhkəməsi ilə səlahiyyətlərinin düzgün bölünməsi də nəhayət baş verdi. Son illər ərzində Konstitusiya Məhkəməsi faktiki olaraq növbəti instansiya məhkəməsinə çevrilmişdi: Ali Məhkəmənin qərarlarını yeri gəldi-gəlmədi ləğv edərək, işləri illərlə uzadırdı. Ötən ilin iyul ayından Konstitusiya Məhkəməsi, bir qayda olaraq, yalnız qanunlara şərh verməklə məşğul olmalıdır. Düzdür, bəzən yenə də səlahiyyətlərini aşır, amma inanıram ki, buna da son qoyulacaq. Beləliklə də, hazırda məhz Ali Məhkəmə məhkəmə-hüquq sisteminin əsas fiquruna çevrilib".
Vəkil ədliyyə naziri vəzifəsinə ölkənin ən görkəmli hüquqşünaslarından olan Fərid Əhmədovun təyinatının məhkəmə-hüquq sisteminin gələcəyi ilə bağlı nikbinlik üçün əsas verdiyini də diqqətə çatdırıb: "Əlbəttə ki, tək əldən səs çıxmaz. Nə İnam Kərimov, nə də Fərid Əhmədov təkbaşına bütün problemləri həll edə bilməzlər. Yalnız ona görə yox ki, Konstitusiya Məhkəməsinə hələ də Fərhad Abdullayev kimisi rəhbərlik edir. Ümumiyyətlə, problemlər çox və dərindir. Müvafiq qurumlarda ciddi kadr problemləri var. Buna görə də üzərimizə düşən əsas vəzifə məhkəmə-hüquq sisteminin rəhbərliyinə gətirilmiş şəxslərə kömək məqsədilə ictimai nəzarəti daha da gücləndirməkdir. Əsas odur ki, əvvəlki dövrdən fərqli olaraq, indi səsimizi eşidən müsbət məramlı rəhbərlər var. İrəli!"
E.Məmmədəliyev,
Musavat.com