Vasif Talıbovun “Flaminqo” DƏHŞƏTLƏRİ: "200 min dollar toplayıb verdik, sonra tələb etdilər ki..."

Son günlər yerli mətbuatda Bakı şəhərində yerləşən və əslən Naxçıvandan olan iş adamına məxsus məşhur “Flaminqo” restoranı ətrafında müxtəlif fikirlər səsləndirilir. Vasif Talıbovun 2008-ci ildə bu restoranı zorla sahibinin əlindən aldığı bildirilir.

Həmin vaxt restoranın icraçı direktoru olan və baş verən hadisələrə canlı şahidlik etmiş Nizami Ələkbərov “Azinforum.az” saytına müsahibəsində “Flaminqo” restoranı ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib.

Həmin müsahibənin maraqlı hissələrini oxuculara təqdim edirik: “Öncə onu qeyd edim ki, bu barədə mətbuatda yanlış fikirlər səsləndirilir. Mübariz Pənahovun (Sədərək Gömrüyünün sabiq rəisi-red.) “Flaminqo” restoranına heç bir aidiyyatı olmayıb. Bu restoran Şərur rayon Dəmirçi kənd sakini Fərəcov Cəmil və onun ailə üzvlərinə məxsus olub. 6 qardaş və 3 bacıdan ibarət Fərəcovlar ailəsi Qazaxıstanın Alma- Ata şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul idilər. Onlar 2000-ci ildə oradakı bizneslərini və bütün əmlaklarını sataraq Azərbaycana qayıdıblar. “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən Mikayıl Əliyev küçəsində torpaq sahəsi alıb, orada əvvəlcə idman kompleksi inşa ediblər. Ardınca Fərəcovlar Bakıdakı digər obyektlərini sataraq, başqa bir nəfərlə şərikli şəkildə bu ərazidə 607 nəfərlik böyük bir zal tikdilər. Həmin vaxt bu restoranın dəyəri 15 milyon dollar idi.

“Cənab sədr deyir ki, 200 min dollar verməlisən!”

2008-ci ilin noyabr ayında Cəmil bəyi nəsə bikef gördüm. Bunun səbəbini soruşduqda mənə dedi ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Qasım adlı bir şəxs ona zəng edib, deyib ki, Cənab Sədr (Vasif Talıbov) deyir ki, Naxçıvanın elektrik enerjisinə borcu yaranıb, Naxçıvanın bir övladı kimi 200 min dollar da sən kömək etməlisən”. Cəmil bəy bunun zarafat olduğunu zənn edib və deyib ki, “Cənab sədr deyirsə, boynumuz qıldan incədir”. Bir həftə sonra həmin şəxs yenidən zəng edərək, sözügedən vəsaitin taleyi ilə maraqlanmağa başlayıb. O, pulun mütləq çatdırılmalı olduğunu bildirib.

Bu tip danışıqlar 1 həftə davam etdi və sonda Cəmil bəy artıq zənglərə cavab verməməyə başladı. Günlərin birində özünü Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən həmin Qasım adlı şəxs başqa bir nəfərlə obyektə gəlib, onun harada olduğunu soruşdu. Mən onlara Cəmil bəyin harada olduğunu bilmədiyimi dedim və getdilər. 10 gün sonra Qasım adlı şəxs yanında bir nəfərlə gəldi və yenidən həmin vəsaiti istəyərək, Cəmil bəyin yerini soruşdu. Biz sonra həmin polislərlə nahara yollandıq və bu zaman onlara zəng gəldi. Bu iki şəxs mənə dedilər ki, “Sən Cəmil bəyin harada olduğunu bilirsən və bunu bizdən gizlədirsən. Ona görə də bizimlə birlikdə Bakıdakı Daxili İşlər Nazirliyinə getməlisən”. 

Mən içkili olduğum üçün onlara sabah gələcəyimi dedim və səhər tezdən DİN binasının arxa girişində oldum. Telefonu yoxladılar və məni sorğu-sual etdilər. Heç nə bilmədiyimi başa düşdükdən sonra məni sərbəst buraxdılar. Həmin günün axşamı saat 7 radələrində Qasım adlı DİN əməkdaşı mənə zəng edərək, bir restorana dəvət etdi. Deyilən yerə getdim və orada Cəmil bəyin qardaşı Nağını gördüm. Orada çox qalmadım və evə qayıtdım. Yenə həmin gün axşam saat 12 radələrində mənə zəng gəldi və həmin əməkdaş gülərək mənə dedi ki, “Dur gəl Qaraçuxura, Cəmil bəygildə tut arağı içirik”. Səhər yaxın bir tanışımın vasitəsilə öyrəndim ki, Cəmil bəyi Naxçıvana aparıblar.

“Vasif Talıbovun göstərişi belədir”

İlk olaraq Cəmil müəllim Naxçıvanda keçmiş daxili işlər naziri Əhməd Əhmədovun qəbulunda olub. Ə.Əhmədov Vasif Talıbovun göstərişi əsasında Cəmil müəllimin Naxçıvana dəvət olunduğunu bildirib və sözügedən vəsaiti xoşluqla ödəməsini istəyib. Cəmil müəllim isə pulunun olmadığını bildirib və buna etiraz edib. Ardınca Ə.Əhmədovun göstərişi ilə onu Böyükdüz həbsxanasına aparıblar. Ona burada psixoloji təzyiqlər ediblər. O, bu təzyqilərə dözə bilmədiyindən, tələb olunan pulu vermək qərarına gəlib. Hətta ayaqyolundan tapdığı paslı mismarla özünə xəsarət də yetirmişdi. Cəmil müəllimi qan içində görüb qorxmuş, həkim çağırmışdılar. Evə buraxıb tapşırmışdılar ki, heç kimə bu barədə danışmasın. Bir həftə sonra yenidən gəlib həbsxanaya aparmışdılar.

Cəmil müəllim mənə zəng vurub dedi ki, qohum-əqrəbada, tanışlarda, dostlarda nə qədər pul varsa, təcili topla. Mən Cəmil bəyin qardaşlarıyla bir araya gələrək, vəziyyəti onlara izah etdim. Biz müxtəlif şəxslərdən 203 min dollar pul toplaya bildik və qərara gəldik ki, bu pulu Naxçıvana elə mən özüm aparım. Aptekdən bir ədəd bel bağı aldım və paçka şəklində olan pulları onun içinə yığdım. Üstündən də palto geyindim. Səhər tezdən birinci reyslə Bakıdan Naxçıvana doğru yola düşdüm. Hava limanında heç bir yoxlanışdan keçmədim və çox rahat şəkildə Naxçıvana çatdım. Düşünürəm ki, hava limanı çalışanlarına əvvəlcədən belə bir tapşırıq gəlmişdi.

“200 min oldu 2 milyon dollar”

Dərhal DİN əməkdaşı Qasımın yanına gəldim və pulları ona verdim. O, bu pulları çantaya yığdıqdan sonra Əhməd Əhmədova zəng vurdu. Nazir tapşırıq verdi ki, pulları aşağıdakı növbətçiyə təhvil verin. Bu vaxt sual etdim ki, biz Cəmil müəllimi artıq çıxara bilərikmi? 

O, yenidən Əhməd Əhmədova zəng vurdu. Və mənə dedi ki, “apara bilməzsiniz”. Sual verdim ki, niyə apara bilmirik? 

Dedi ki, “200 min oldu 2 milyon dollar. Pul gecikdiyinə görə qiymət qalxıb”. Sual verdim ki, yəni 200 min dollardan əlavə 1 milyon 800 min dollar da verməliyik? O, isə gülümsəyərək dedi ki, “yox, bu 200 min dollar “semiçka pulu” idi. 2 milyon dollar gələnə qədər Cəmil müəllim burda qalacaq”. Kor-peşman şəkildə oranı tərk elədim.

“Flaminqo”nu dəyər-dəyməzinə sat!”

Qasım bizim Cəmil müəllimlə olan danışıqlarımızı dinləyirdi. O, tez-tez Cəmil müəllimə təzyiq edərək, “Flaminqo”nun satılmasını məsləhət görürdü. Ona görə də Cəmil mənə zəng vurub dedi ki, ““Flaminqo"nu dəyər-dəyməzinə sat, yoxsa özümə qəsd edəcəm”. Mən onun dediyi kimi, obyekti satışa çıxardım. Bir nəfər müştəri maraq göstərdi və 12 milyon dollara razılığa gəldik. O, ağsaqqalı ilə məsləhətləşib, məni xəbərdar edəcəyini dedi. İki gün sonra gəlib mənə dedi ki, ““Flaminqo”ya Naxçıvan əl qoyub, ona görə də biz bu obyekti ala bilmərik”. Bu məsələ obyektin satışına mane oldu və biz alıcı tapa bilmədik. Mən məcbur qalıb vəziyyəti Cəmil müəllimə izah etdim.

“Şərurlu İsfəndiyardan gələn zəng”

Demək, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov günlərin birində Cəmil müəllimə zəng edir. O, belə bir obyektə ehtiyac duymadığını, lakin köməklik məqsədilə, məcburən “Flaminqo”nu almaq istədiyini, ancaq nağd pulu olmadığından qarşılığında müxtəlif bina evləri, obyektlər verə biləcəyini deyir. Qasımın təkidi ilə Cəmil müəllim bu təkliflə razılaşır və səhər birinci reyslə Naxçıvanda Bakıya gələrək Şərurlu İsfəndiyarla görüşürlər. İsfəndiyar “Xalqlar Dostluğu” metrostansiyası ətrafında altı mənzil, Xarici İşlər Nazirliyinin arxasındakı 16 mərtəbəli binadan 420 kvadrat sahəsi olan bir ədəd obyekt, Zərifə Əlieyeva adına göz klinikasının yaxınlığından sahəsi 120 kvadrat olan bir ədəd obyekt və kafe və şəhərin mərkəzindəki binalardan birində mənzil verdi. Bu mənizllərin və obyektlərin dəyəri 3 milyon 600 min dollar idi. Yerdə qalan 2 milyon dollar isə Naxçıvana göndərildi. Əlavə 350 min dollar qiyməti olan obyekt də ğzlərinə götürüldü. Beləcə, Cəmil müəllimdən əl çəkdilər. Ancaq Cəmil müəllim bu obyektlərdən istifadə edə bilmədi. Dəyəri 1 milyon 200 min dollar olan mənzillər onun “Flaminqo”dakı digər şərikinə verildi. Sonra insanlardan yığılan pulları ödəmək üçün bu qalan əmlaklar dəyər-dəyməzinə satıldı. Həmin vaxt Fərəcovların banka da borcları var idi. Bir sözlə, “Flaminqo”dan Cəmil müəllimə 1 manat belə pul qalmadı. İndi aldığı pensiya ilə dolanmağa çalışır.

Bəli, Talıbovlar Naxçıvandan olan iş adamlarının başına bu cür oyunlar açırdı..."

12.01.2023 10:49
8209