Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə seçki keçiriləcək. Qərarın açıqlanmasından sonra Naxçıvan Ali Məclisinin sədri də eyni tarixə seçki elan edib.
Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələlik Naxçıvan Ali Məclisinə namizədlərini irəli sürməyib.
Bu barədə Modern.az-a YAP-ın Naxçıvan təşkilatından məlumat verilib.
Rəsmi məlumata görə, Naxçıvan Mərkəzi Seçki Komissiyasının sonuncu iclası Əjdər Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilib. İclas zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkidə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi qəbul edilib. Daha sonra mətbuatda Əjdər Əliyevin Ali Məclisə seçkidə iştirak etmək üçün MSK sədrliyi vəzifəsindən istefa verməsi barədə xəbərlər yayılıb.
2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, ikisi isə bitərəf olub. Onlardan 10-u qadın, 35-i kişi olub.
20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsi ilə deputatların sayı 43-ə enib.
2020-ci il fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutub. Sessiyada VI çağırış Ali Məclisin sədri YAP Naxçıvan MR Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə YAP-ın üzvü Azər Zeynalov seçiliblər. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biridir. O, qanunverici orqanda hakim partiyanı təmsil edir.
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədar Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlayıb. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.
Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda Məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir.
Əldə olunan məlumata görə, YAP Ali Məclisə seçkidə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcək. Partiyanın tezliklə namizədlərini açıqlayacağı gözlənilir.