“Bahalı xarici avtomobillər, dəbdəbəli yaxtalar və milyardlarla dollarlıq sərvət - demək olar ki, hər kəs belə bir mirasın arzusundadır. Ancaq doğuş zamanı “şanslı bilet” yalnız bir neçə nəfərə düşür. Bəzilərinə nənənin xalçası və çini qablar, digərlərinə isə milyardlarla dollar, daha dəqiq desək, 20,5 milyard dollar qismət olur.
“Forbes”ın versiyasına görə Rusiyanın ən varlı varisi, “Lukoil”in təsisçisi Vahid Ələkbərovun oğlu 33 yaşlı Yusif Ələkbərovun gələcəkdə ümid edə biləcəyi bu məbləğdir.
Musavat.com xəbər verir ki, Rusiyanın “Moskovskiy Komsomolets” qəzetində Vahid Ələkbərovun oğlu Yusif və digər milyarder balalarına həsr olunan xüsusi yazı bu cümlələrlə başlayır.
Qeyd edək ki, “Forbes”in reytinqində Yusifdən sonra 11 yaşlı Tara Melniçenko və onun 6 yaşlı qardaşı Adrian gəlir. “YevroXim”in qurucusu Andrey Melniçenkonun övladlarının hər birinə 12,6 milyard dollar miras qalacaq.
Qəzet Yusif Ələkbərovun dəbdəbəli həyatını belə təsvir edib:
“Elit klublar, şənliklər, brilyantlar- bunlar ancaq filmlərdə görünür. Sosial şəbəkələrdə qapalı profil, minimum dostluq və cəmiyyətdən təcrid isə real həyatın tələbidir. Hesabında milyardları olan bir insanın həyatında qiymətli birisinizsə, sizi də xüsusi formada qoruyurlar.
Yusif Ələkbərov Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft-qaz yataqlarının istismarı fakültəsində oxuyub. Həmin dövrün məzunları Yusif Ələkbərovu belə xatırlayır – universitetə gəlib, başqa yerlərə getməyib, maşını daim ali məktəbin həyətində dayanıb, universitet içində onu həmişə iki mühafizəçi müşayiət eləyib.
Zəngin varis digər tələbələr arasında xüsusi olaraq seçilməyib. Hamı onun kimin oğlu olduğunu bilib, amma tanış olmaq üçün yanına getməyə cürət etməyiblər.
Neftçi karyerasında kiçik Ələkbərov atasının yolu ilə gedib. Gələcək neft maqnatı Vahid Ələkbərovun özü əmək fəaliyyətinə Xəzər dənizində qazma ustası, Koqalımda (hazırda LUKOIL-un əsas istehsal müəssisələrinin yerləşdiyi şimal şəhəri. - Red.) şəxsi bizneslə başlayıb. Bu şəhərdə indi də Vahid Yusifoviç haqqında əfsanələr dolaşır. Biri deyir ki, quyuda işləyərkən partlayış olub. İki fəhlə ölüb, Ələkbərov özü isə 12 metr hündürlükdən açıq dənizə tullanıb. O, sağ qalıb və sahilə çıxıb. Həqiqətdir, yoxsa uydurma, bunu demək çətindir...
Materialda qeyd olunur ki, dollar milyarderi universiteti bitirən oğlunu da Koqalımda quyu qazmağa göndərib. Yerlilər Yusif Ələkbərovun dəbdəbəli avtomobilini indi də xatırlayırlar. Yeri gəlmişkən, onun tam avtomobil parkı var. Orada neçə maşının olduğunu bilən yoxdur. Sosial şəbəkələrdəki bir neçə fotoda cəmi iki avtomobil görünür. Birincisi 9,5 milyon rubldan başlayan (təxminən 112 min ABŞ dolları) qara “Porsche”dir. Yeri gəlmişkən, bu avtomobil şəxsən onun adına qeydiyyatda olmayıb. Şəkil 2018-ci ildə yerləşdirilib, o zamanlar bahalı xarici avtomobilin rəsmi sahibinin kim olduğu məlum deyil.
Yazıda bildirilir ki, sürət Yusif Ələkbərov üçün sevimli məşğuliyyətdir. Cəmi bir il ərzində avtomobilə 27 cərimə yazılıb ki, bunların əksəriyyəti sürət həddini aşmağa görə baş verib. Hamısı ödənilib, ümumi məbləğ 41.000 rubl təşkil edir.
Yusifin ikinci avtomobili daha bahadır - 11,6 milyon rubldan (təxminən 140 min ABŞ dolları) başlayan “Mercedes-Benz”. 2021-ci ildə onun cəmi üç cəriməsi olub.
Yusif evlidir, xanımının adı Alisadır. 35 yaşlı xanım onunla 2016-cı ilin aprelində evlənib. Toydan qısa müddət o, dəbdəbəli “Mercedes-Benz”in sükanı arxasına keçib. Əri bu maşının qarasını, özü isə ağını sürüb. Və xanım sürətdə heç də ərindən geri qalmayıb. Onun sürdüyü maşınla bağlı 2021-ci ilin təkcə üç ayında 33 yol qayda pozuntusu qeydə alınıb.
Toydan sonra Alisa Yusiflə birlikdə “Lukoyl”da işə düzəlib və eyni zamanda şəxsi biznesini idarə edib. O, Na-Kurort turizm agentliyinin sahibidir. Son bir il ərzində şirkət öz sahibəsinə 78,5 milyon rubl gəlir və 7,6 milyon xalis mənfəət gətirib.
Yusif toydan sonra ilk dəfə sosial şəbəkələrdə ailə həyatının şəkillərini paylaşıb: yaxtada tətil, İspaniyaya səyahət, sevgilisi üçün böyük çiçək buketləri. Amma daha sona profildəki romantikanın azaldığı görünüb. Şayiələrə görə, cütlük ayrılıb, lakin şəbəkədə bu mövzuda etibarlı məlumat yoxdur.
Atasının Yusifi “Lukoil” şirkətinin idarəçiliyinə cəlb etmək istəyinə baxmayaraq, o, şəxsi biznesini qurur. Yusif Ələkbərov “AMC-Reklama” şirkətinin qurucularından biri olub. Həmin şirkət marketinq və kommunikasiya xidmətləri üzrə ixtisaslaşıb. 2011-ci ildə firma ləğv olunub. 2022-ci ilin avqustunda isə onun daha bir müəssisəsi – daşınmaz əmlakın idarə edilməsi ilə məşğul olan “Yusal” şirkətinin fəaliyyətinə son qoyub.
Lakin kiçik Ələkbərovun başqa bir layihəsi “Ekto holdinq” uğur qazanmağı bacarıb. Holdinqə neft məhsullarının daşınması ilə məşğul olan “VPT” şirkəti daxildir. 2022-ci il üçün onun gəliri 10 milyard rubl (119 milyon 696 min ABŞ dolları, xalis mənfəəti isə 1,8 milyard rubl (21 milyon 538 min ABŞ dolları) təşkil edib. Holdinqə məxsus başqa bir şirkət "B Planı" sərinləşdirici içkilərin istehsalı ilə məşğuldur. 2022-ci il üçün onun gəliri - 120 milyon rubl (1,4 milyon ABŞ dolları), mənfəət - 6,5 milyon rubl (təxminən 80 min dollar) civarında olub.
Varis öz biznesini qurarkən, “Lukoil”in səhmləri böyüyür. Əgər 2020-ci ildə onun mirası 18 milyard dollar qiymətləndirilirdisə, indi bu, artıq 20,5 milyard dollardır. Vahid Ələkbərovun Yusifə vəsiyyət edə biləcəyi səhm paketi isə bölünməzdir.
Vərəsə onu başqasına sata bilməz.
Musavat.com