Deputat Vahid Əhmədov Milli Məclisdə “Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı bir sıra vacib məqamlara diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2016-cı ildə yaradılan və 3 il fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyəti dövründə maliyyə bazarında nəzarət mexanizminin düzgün qurulmaması, qiymətli kağız bazarının faktiki fəaliyyət göstərməməsi, inkişafın olmaması, o cümlədən Mərkəzi Bankla Palata arasında olan fikir ayrılıqları Palatanın 2019-cu ildə bağlanmasına səbəb olub:
“Bütün bunları nəzərə alan cənab Prezident 2019-cu ildə sərəncam imzalayıb, maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib. Qanun layihələrindən göründüyü kimi, Mərkəzi Banka Maliyyə Bazarlarında maliyyə sabitliyinin təmin edilməsi tapşırılıb və bununla əlaqədar layihələrdə Mərkəzi Banka əlavə səlahiyyətlər verilib. Deputat bunları nəzərə alaraq, bir neçə təklif səsləndirib: “Qanunun 5.1.10-cu maddəsində “Əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi” Mərkəzi Bankın funksiyasına aid edilir. Bu sahədə problemlər kifayət qədərdir. Xüsusilə, bağlanmış bankların depozitlərinin əhaliyə qaytarılmasında, həmçinin əmlak hərraclarının vaxtında və düzgün keçirilməsində ciddi problemlər mövcuddur. Mərkəzi Bank məsələni daim nəzarətdə saxlamalıdır. Qanunun 28.2-ci maddəsində, yeni olaraq pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq anlayışı daxil edilir. Bu, çox vacib məsələdir. Cünki inflyasiyanın qarşısını almaq üçün monetar siyasəti aparan, onun alətlərindən istifadə edən Mərkəzi Bankdır. Bu siyasət iqtisadi blokun həyata keçirildiyi fiskal siyasətlə uzlaşdırıldıqda daha çox effekt verir. Həm inflyasiya yüksək olmur, həm də qiymətlər artmır. Burada əlbəttə, bank faizlərinə pul kütləsinə nəzarət, manatın məzənnəsi və digər amillər nəzərə alınmalıdır”.
Vahid Əhmədov layihənin 15-ci maddəsinə - bank olmayan kredit təşkilatları haqqında qanuna (BOKT) da diqqət çəkib:
“Yeni qanuna əsasən, ödəniş hesabları aça, apara və kredit kartları emissiya edə bilər. Müsbət yenilikdir. Təklif edirəm ki, BOKT-a valyuta mübadiləsi və nağd pul əməliyyatları da verilə bilər və onlar kassa qovşaqları yaradıb bu əməliyyatları həyata keçirə bilər. Dünyada banklarla BOKT-ların əsas fərqi bankların əmanət qəbul edə bilməsidir. Mərkəzi Bankın yeni rəhbərliyi çox ciddi islahatlara start verib. Dünən biz komitədə bizi çox narahat edən ödəniş sisteminin tənzimlənməsi haqqında qanun layihəsini müzakirə etdik. Bütün bu müsbət islahatları nəzərə alaraq, Bank rəhbərliyinin maliyyə amnistiyası məsələsinə mövqeyini bilmək istərdim. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz müsbət mövqeyini bildirib. Bankların kredit faizlərinə yenidən baxılmasını, diqqəti daha çox istehlak kreditlərinə yox, istehsal üçün yeni iş yerlərinin açılması üçün olan kreditlərə diqqət yetirmələrini xahiş edirəm”.
E.Paşasoy,
Musavat.com