Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb. Son məlumatlara görə, azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub. Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub.
Bütün bunlar peycerlərin eyni anda parladılması ilə baş verib. Maraqlıdır, hakerlər mobil cihazlarımıza və komputerlərimizə müdaxilə edib peycerlərdə olduğu kimi təxribat törədə bilərlərmi? Düşmən tərəf bu cür əməllərlə hansı təhlükəli hərəkətləri edə bilər.
Mövzu ilə bağlı Musavat.com-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Livanda peycerlərin (rabitə cihazlarının) kütləvi şəkildə partlaması hadisəsi texnoloji sabotaj və ya hədəfli bir kiberhücum kimi qiymətləndirilə bilər: “Cihazların eyni vaxtda partladılması, çox güman ki, xarici müdaxilə ilə əlaqəlidir və bu, peycerlərin zəif şifrələnməsi və ya idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib. Bu hadisə göstərir ki, rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyalar, hər zaman yüksək səviyyədə qorunmalıdır. Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmasa, bu cür hücumlar daha geniş miqyasda həyata keçirilə və ciddi nəticələrə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, xüsusilə, dövlət qurumları və təşkilatlar, belə cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alına bilsin.
Qeyd edək ki, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden bildirib ki, Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi şəkildə partlaması haker hücumu ilə deyil, quraşdırılmış partlayıcı qurğuların işləməsi ilə bağlıdır.
O, X sosial şəbəkəsində yazıb ki, belə fikirə gəlməsinə zərərçəkənlərin aldıqları oxşar ağır xəsarətlər səbəb olub.
“Əgər bunlar həddindən artıq qızmış batareyalardan yaranan partlayışlar olsaydı, biz daha kiçik yanğınlar və uğursuzluqlar görərdik”, - Snouden əlavə edib.
O, partlayışın arxasında İsrailin ola biləcəyini etiraf edib və mahiyyətcə bunu terrorizm adlandırıb: “Terrorizmdən fərqlənmir".
Xatırladaq ki, sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib.
O, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib
Şahanə Rəhimli
Musavat.com