Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əlavə maliyyələşdirmənin olmayacağı halda Əfqanıstanda dəstəklədiyi səhiyyə müəssisələrinin 80 %-ni bu ilin iyun ayına qədər bağlamaq məcburiyyətində qalacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bunun 1,8 milyon insana təsirini qeyd edir.
ÜST-ün məlumatına görə, Əfqanıstan yoluxucu xəstəliklərin, o cümlədən qızılca, malyariya və denge qızdırmasının yayılma riski ilə üzləşir. Bundan başqa, ölkə dünyada yalnız iki ölkədə - Əfqanıstan və Pakistanda endemik olaraq qalan poliomielit xəstəliyinin aradan qaldırılması üçün mübarizəni davam etdirir.
Təşkilat həmçinin vurğulayır ki, mövcud vəziyyət ABŞ-nin ÜST-dən çıxması və maliyyələşdirməni dayandırması ilə əlaqədar qızılcanın qlobal monitorinq sisteminin risk altında qalmasına səbəb olur. Təkcə 2025-ci ilin ilk iki ayında Əfqanıstanda 16 min mümkün qızılca hadisəsi və 111 ölüm halı qeydə alınıb.
Xatırladaq ki, "Taliban" 2021-ci ildə hakimiyyətə gəldikdən sonra beynəlxalq təcrid və xarici ölkələrlə rəsmi tərəfdaşlığın olmaması ilə üzləşib. ÜST xəbərdarlıq edir ki, səhiyyə sisteminin çökməsi humanitar böhrana səbəb ola bilər.