Əhməd Qəşəmoğlu: “Hazırda bütün dünyada əhali artımının qarşısını almaq üçün genişmiqyaslı iş gedir”
Azərbaycanda ötən il uşaqların sayı 2022-ci il ilə müqayisədə 36 min nəfər azalıb. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, bu, son illər təbii artım faizinin müqayisəli azalması ilə bağlıdır.
Həmçinin Bakı Tədqiqat İnstitutunun 2005-22-ci illəri əhatə edən hesabatı da bir daha təsdiqləyir ki, ölkədə uşaqların sayı sürətlə azalmağa başlayıb.
Hesabatda qeyd olunur ki, 2005-ci ildə əhalinin 31,8%-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Azalma özünü daha çox qız uşaqlarının sayında göstərib. Belə ki, bu müddətdə oğlan uşaqlarının sayı 2,1% artdığı halda, qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındakı gender fərqi 2,5%-dən 3,7%-ə yüksəlib.
Qız uşaqlarının sayının getdikcə azalmasının səbəbləri ilə bağlı artıq uzun illərdir ki, müzakirələr var. Ekspertlər bildirir ki, bunun başlıca səbəbi selektiv abortlardır.
Ümumiyyətlə, Azərbaycanda ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından biri selektiv abortlardır. Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.
Ümumiyyətlə, oğlan uşaqlarına üstünlüyün verilməsi ölkədə mövcud olan gender stereotipləri, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu və sosial normaların təzahürüdür, ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir.
Qız uşaqlarının sayının azalmasının fəsadlarına gəldikdə, mütəxəssislər bildirir ki, bu vəziyyət gələcəkdə ictimai həyatın bütün sahələrində daha kəskin gender fərqi və kişilərin sayının kəskin artması (maskulinizasiya), əmək bazarında qadınların xüsusi çəkisinin azalması, eyni zamanda, zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun pisləşməsi, qızqaçırma, erkən nikahlar, insan alveri və s. bu kimi bir sıra mənfi hallara gətirib çıxara bilər.
Bəs ümumilikdə ölkədə uşaqların sayının ilbəil sürətlə azalmasının səbəbləri hansılardır? Bu vəziyyət gələcəkdə hansı problemlərə gətirib çıxara bilər?
Sosioloqların fikrincə, qadının cəmiyyətdə rolunun artması, təhsil və karyeraya üstünlük verməsi ailə planlaşdırılması, doğuşların sayının tənzimlənməsinə ciddi təsir göstərir.
Həmçinin səbəblər arasında iqtisadi amillər də vurğulanır. Belə ki, ailələr övladlarının daha sağlam və savadlı, dünyagörüşlü vətəndaş kimi boya-başa çatmasına çalışır ki, bunun üçün də ilk növbədə maliyyə, sosial dayanıqlıq tələb olunur. Bundan başqa, ailələr az uşağa sahib olub, əvəzində övladlarına daha keyfiyyətli həyat və təhsil vermək istəyirlər. Bu baxımdan hazırda əsasən bir və ikiuşaqlı ailələrin sayı çoxdur.
Qeyd olunur ki, təbii artımın aşağı düşməsi gələcəkdə bir çox problemlər ortaya çıxaracaq. Məsələn, əmək bazarında problem yarana, eyni zamanda təbii artım aşağı düşdükcə, paralel olaraq miqrantların sayı arta bilər. Hansı ki, bu da genefondumuza təsir edəcək.
Əhməd Qəşəmoğlu
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, hazırda bütün dünyada əhali artımının qarşısını almaq üçün genişmiqyaslı iş gedir. Buna BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar da maraqlıdır. Çünki 1969-cu ildə Amerikada aparılan tədqiqatlardan belə məlum oldu ki, dünya əhalisi sürətlə artacaq və bu da ciddi şəkildə iqtisadi problemlər yaradacaq. O vaxtdan beynəlxalq təşkilatlar iş aparır ki, dünyada əhalinin saytı çox da artmasın. Üç istiqamətdə iş gedir - maarifləndirmə yolu, insanları arzuolunmayan hamiləliyin qarşısının alınmağın üsulları öyrədilir, ikinci reproduktiv sağlamlıqla bağlı maarifləndirmədir, digəri isə müharibə və sairədir. Yəni, hazırda dünyada əhalinin sayının artmasının qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirilir.
Daha bir məsələ, insanlar savadlandıqca, dünyagörüşləri artdıqca çoxuşaqlı ailənin tərəfdarı olmur. Düşünürlər ki, həm də öz həyatlarını yaşamalıdırlar. Çox sayda uşağa sahib olub, onların təlim-tərbiyəsi, təhsili, gələcəyi ilə bağlı məşğul olur, sonradan ayılırlar ki, artıq qocalıblar.
Əlbəttə ki, proses özbaşına qoyulsa, gələcək üçün ciddi problemlər yarana bilər. Bu baxımdan hər bir ölkə özü üçün bu sahədə müəyyən strategiyalar, seçməli, fəaliyyət proqramı qumralıdırlar.
Hesab edirəm ki, ən ideal olanı 3 uşaqlı ailə olmaqdır. İnsanlara bunu təbliğ etmək lazımdır. Lakin bu məsələ təkcə valideynlərdən deyil, həm də ölkənin sosial-siyasətindən asılıdır. Bu baxımdan çox təmkinli, savadlı planlar həyata keçirməyə böyük ehtiyac var".
Yazını hazırladı: Xalidə GƏRAY