Məktəb bufetlərində yer alan ziyanlı qidalar
Dərs ilinin başlanması məktəblərdəki bufetlərdə uşaqlar üçün təhlükələrin artması deməkdir. Yenə də mənşəyi bilinməyən peraşkilər, kökələr, çipslər, şirniyyatlar... Uşaqlar məktəbdə mədələrini lazımsız qidalarla doldurduqları üçün evə tox və zərərli qidalanma ilə dönürlər. Bəs bundan çıxış yolu nədir? Yanlış və zərərli qidalanma uşaqların orqanizmində öz təsirini necə göstərir?
Qida Təhlükəsizliyi İnstitutundan verilən məlumata görə, uşaqlarda piylənmə hazırda geniş yayılan, ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq çəki və piylənməni sağlamlıq üçün risk yaradan anormal və ya həddindən artıq yağ yığılması hesab edir. Artıq çəkili uşaqlarda yetkinlik yaşlarında diabet və ürək-damar xəstəlikləri müşahidə edilir. Hətta artıq çəkili uşaqlarda astma tezliyinin daha yüksək olduğu da müəyyən edilib.
Piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Ona görə də uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, xüsusən də onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.
Uşaqlarda piylənməyə yol açan səbəblərdən biri də yemək vərdişlərindəki dəyişikliklərdir. Nizamsız yemək fasilələri, eləcə də yüksək enerjili, yağ, şəkər, duz tərkibli qəlyanaltılar, unlu qənnadı məmulatları, fastfood və digər ayaqüstü yeməklər uşaqların sağlamlıq səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki yüksək kalori tərkibinə baxmayaraq, ayaqüstü qidalar orqanizmin sağlamlığını dəstəkləmək və tələbatını ödəmək üçün faydalı deyil. Bu tip qidalar qeyri-sağlam qidalar hesab edilir və bilavasitə piylənmənin yaranma səbəblərindəndir. Uşaqları “asılı vəziyyətə” salan bu tip qidalar soyuq qazlı sularla birlikdə istehlak edilən zaman sağlamlıq üçün daha ciddi fəsadlara yol açır. Qida qəbulu ilə bağlı vərdişlərin dəyişməsi meyvə-tərəvəz istehlakının da azalmasına səbəb olur. Ayaqüstü yeməklərə meyillilik uşaqların fiziki və əqli sağlamlığı üçün olduqca vacib olan səhər yeməyini tədricən əvəz etməyə başlayır. Mütəxəssislərin fikrincə isə səhər yeməyi günün ən vacib qidasıdır. Çünki sağlam səhər yeməyi gün boyu uşaqların sərf edəcəyi enerjini artırır. Eyni zamanda balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir. Qeyd edək ki, qeyri-sağlam qidalanma, həyat tərzindən başqa genetik faktorlar və hormonlar da uşaqlarda piylənməyə yol aça bilər.
Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidir. Piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır.
Çipsə meyl edən uşağın mədəsində nələr baş verir?
Qablaşdırılmış qida istehlakının son illərdə sürətlə artması ilə, tərkibində qatqılar olan məhsulların başda piylənmə olmaqla, bir çox xəstəliyə yol açdığı bildirilir. Mütəxəssislər uşaq və gənclərin tez-tez yediyi çips kimi qablaşdırılmış qidaların zərərlərinə də diqqət çəkiblər. Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Derya Arğun emala məruz qalmış qidaların istehlakının yaratdığı problemlər haqqında da məlumat verib: “Xüsusilə böyümə və inkişaf dövründə olan uşaqlarda çips istehlakı olduqca geniş yayılıb. Bu uşaqların daimi olaraq çips yemələri həm onların inkişafına mənfi təsir edir, həm də gələcəkdə onların piylənməsinə səbəb olur. Nəhayət, çips dediyimiz şey xalis formada yağdan ibarətdir. Bir il mütəmadi olaraq çips yeyən uşaq təxminən doqquz kilo çəki alır. Çips istehlakı diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və insult kimi xəstəliklərin riskini artırır. Tədqiqatlar göstərir ki, sonsuzluğun demensiya və Altsheymerilə güclü əlaqəsi var. Bu səbəbdən uşaq vaxtından çips yemək yetkinlik dövründə ciddi xəstəliklərə səbəb ola bilər”.
Həkim-mütəxəssis deyib ki, çipslərin tərkibində çoxlu karbohidrat olduğu üçün çips yedikdə o, qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinə, sonra isə azalmasına səbəb ola bilər: “Buna hipoqlikemiya deyilir. Bu hal təkrarlanan aclıq hissi yaradır və insanın daim yemək istəməsinə səbəb olur. Valideynlərə demək istəyirəm ki, əgər uşaqlarının gələcəkdə metabolik xəstəliklər, şəkərli diabet, təzyiq, ürək-damar xəstəlikləri, demensiya kimi problemlərlə üzləşməsini istəmirlərsə, mütləq olaraq onları çipsdən uzaq tutmalıdırlar. Marketdən paketləşdirilmiş çips almaq əvəzinə, özləri sağlam qəlyanaltılar hazırlaya bilərlər”.
Məktəb bufetlərində nələr qadağan olunub?
Bir neçə il əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 53 ümumtəhsil müəssisəsində monitorinqlər apardı. Çox təəssüf olsun ki, həmin monitorinqin nəticəsi o qədər də ürəkaçan olmadı, bir çox neqativ hallar ortaya çıxdı. Ancaq ən əsas problem məktəb bufetlərində Nazirlər Kabinetinin hazırladığı siyahıya əsasən qidaların olmaması idi. Yəni nəzərdə tutulmuş siyahıda orta ümumtəhsil müəssisələrində 16 adda qidanın qadağası və iaşə qaydalarına riayət edilməsi ilə bağlı bəyanata zidd olaraq, məktəbdə satışı qadağan olunmuş ərzaq və içki məmulatları aşkara çıxarılıb.
Qanunla sosiska, kolbasa, yumurta, süd məmulatları qadağan olunub. Yuxarıda qeyd etdiyimiz 53 məktəbdə aşkarlanan pozuntu Bakı şəhəri üzrə məktəblərdə keçirilib. Bəzi orta məktəblərdə qadağan olunmuş qidalar, vaxtı keçmiş məhsullar, yaxud da cipsi kimi zərərli qidalar məktəblilərə satılır. Məsələn, cips yeyən şagirdin beyninin dərs prosesinə fokuslana bilməsi mümkün deyil. Bu gün məktəb bufetlərində satılan qidalar təkcə fiziki sağlamlıq üçün deyil, həm də zehni sağlamlıq üçün nəzərdə tutulur.
Məsələn, tərkibində ət olan peraşki və digər məhsullar ona görə qadağan olunur ki, onlar qanın hərəkət mexanizminə çox ciddi təsir göstərir. Qan dövranı düzgün getməyən şagird dərsə adaptasiya ola bilmir. Bu gün dünya məktəblərində bu hallara ciddi riayət edilir. Orta ümumtəhsil məktəblərində isə meyvə və meyvə şirələrinin satışının artırılması arzuediləndir.
Yazını hazırladı: Sevinc TELMANQIZI