Qanun bir şey deyir, psixoloqlar başqa şey - cəzalandırma çıxış yolu deyil
Son zamanlar ölkədə sosial şəbəkələrin, xüsusən də TikTok-un uşaqların tərbiyəsinə göstərdiyi mənfi təsir müzakirə olunur. Valideynlərin populyarlıq, baxış, abunə sayı və dolayısı ilə maddi gəlir əldə etmək məqsədilə uşaqlarından canlı yayınlarda, paylaşımlarda istifadə etməsi halları geniş yayılıb. Ölkənin TikTok platformasında azyaşlı Adəmin qazandığı populyarlıq, təhsil almaq yerinə sosial şəbəkənin fenomeninə çevrilməsi və onu buna valideyni Sadiq Məmmədovun cəlb etməsi nəticəsində sonuncu 30 sutka azadlıqdan məhrum edilib. Bu, uşaqlarını sosial şəbəkələrə cəlb edənlərə bir dərs olacaqmı? Bunun qarşısı hüquqi baxımdan alına bilərmi?
İlk növbədə dünyadakı tendensiyalardan danışaq. TikTok-un sahibi olan Çin şirkəti “ByteDance Ltd” böyük məbləğdə cərimə təhlükəsi ilə üzləşə bilər. Belə ki, Avropa Komissiyası yetkinlik yaşına çatmayanlar üçün risklə bağlı narahatlıqlar səbəbi ilə yeni rəqəmsal xidmətlər qanunu çərçivəsində yaxın həftələrdə TikTok sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq. Bundan əvvəl Estoniya teleqram mesencerinə dair tənzimləməni gücləndirmək üçün Avropa Komissiyasına təkliflər göndərib.
Bundan başqa, Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var. Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada TikTok-a ancaq xüsusi “VPN” vasitəsilə daxil olmaq mümkündür.
TikTok yetkinlik yaşına çatmayan uşaqların proqramdan istifadəsinin qarşısını ala bilmədiyinə və onların məlumatlarından sui-istifadə etməsinə görə İngiltərədə təxminən 16 milyon dollar cərimələnib. İnformasiya Komissarlığı İdarəsi bildirib ki, 13 yaşından kiçik 1,4 milyon Böyük Britaniyalı uşaq TikTok-un yaş həddini aşaraq proqramdan istifadə edə bilib. “Uşaqlarımızın fiziki dünyada olduğu kimi rəqəmsal dünyada da təhlükəsiz olmasını təmin etmək üçün qanunlar mövcuddur. TikTok bu qanunlara əməl etməyib”, - deyə Böyük Britaniyanın İnformasiya Komissarı Con Edvards açıqlamasında qeyd edib.
TikTok isə iddiaları rədd edərək bildirib: “Biz 13 yaşdan kiçikləri platformadan uzaq tutmaq üçün böyük sərmayələr qoyuruq və 40 000 nəfərlik təhlükəsizlik komandamız platformanı cəmiyyətimiz üçün təhlükəsiz saxlamaq üçün gecə-gündüz işləyir”.
Qanunvericilik bazasının müddəalarına görə, Tik Tok uşaqlar üçün qadağan olunmalıdır. Yəni TikTok-da uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var.
İnkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün yetərincə addımlar atılıb, mexanizmlər müəyyən olunub. İnkişaf etmiş ölkələrin əksəriyyəti uşaqların internetdən istifadədə olan problemləri 5-10 il öncə hökumət, provayderlər, vətəndaş cəmiyyəti, valideynlər, uşaq təşkilatları, təhsil sahəsi birləşib həll ediblər. Buna görə də həmin ölkələrdə TikTok o qədər də təhlükə törətmir. Amma Azərbaycanda hələ ki bu problemlər indi işıqlandırılır. Bir nüansı qeyd edə bilərəm ki, biz bu problemi təhsildə həll etmişik. Necə Avropa bu problemi cəmiyyətdə həll edibsə, biz də təhsildə həll etmişik. Bütün təhsil sektoruna gedən internet xüsusi proqram təminatı ilə süzgəcdən keçirilir.
Psixoloqlar isə deyirlər ki, Tik-Tok videoları uşaqları şiddət, söyüş, bayağı ifadələr, cinsəllik, cinsi və psixi istismar və s. kimi yollara sürükləyə bilir. Uşaqlar bu cür videoları çox rahatlıqla çəkib paylaşa bilirlər. İstifadəçilərin məxfi kimlik bilgilərini ələ keçirmək bu proqramda daha asandır. Uşaq və yeniyetmələrimiz bir tərəfdən də bu yolla təhlükəli, psixopat insanların təsirinə məruz qala bilərlər.
Amma bundan çıxış yolları da var. Ekspertlər hesab edir ki, valideynlər bu proqramların müxtəlif filtrləmə, istifadəni məhdudlaşdırma funksiyalarını öyrənib onları aktiv etsələr daha yaxşı olar. Ən yaxşı versiyalardan biri kimi uşaqlarla birlikdə bu proqramlardan istifadə etməkdir. Birlikdə videolar çəkmək, şəkillər hazırlamaq və s. faydalı olar. Bu yolla onları nəzarətdə saxlamaq daha rahat olacaq. Mütləq uşağın internetdən, telefondan, xüsusən sosial şəbəkələrdən istifadəsinə müəyyən saat aralığında icazə verilməlidir. Bunu isə öncədən uşaqla uyğun bir dillə danışmaq lazımdır.
Bəs hüquq bu məsələdə nə deyir? Uşaq əməyinin valideynlər tərəfindən istismar edilməsi Ailə Məcəlləsində əksini tapsa da, Cinayət Məcəlləsində bununla bağlı cəzalar və ya hər hansı maddə yoxdur. Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Konstitusiyanın 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb. Qanunvericiliyi pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir.
Əmək Məcəlləsinə görə, 15 yaşından yuxarı şəxslər reklama çəkilən zaman sahibkarla, yəni reklam çəkən şəxslə müqavilə bağlamalıdır. Digər yaşda olan uşaqlar isə valideynlərin icazəsi ilə reklama çəkilməlidirlər. Ancaq həmişə uşağın təhsili, səhhəti nəzərə alınmalıdır. “Reklam haqqında” Qanunun 21-ci maddəsində deyilir ki, reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədilə onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi yolverilməzdir. Qanunda o da qeyd edilir ki, yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi yasaqdır. Lakin qeyd olunan qanun normalarının pozulmasına görə konkret qanuni məsuliyyət nəzərdə tutulmayıb. Qanundakı boşluq ondan ibarətdir ki, 15 yaşdan aşağı uşaqların, ümumiyyətlə, işlədilmələri qadağandır.
Ölkələrin çoxunda hakimiyyət uşaq və internet, uşaq və sosial şəbəkə haqqında nizamnamə, qanunlar qəbul edib. Bu qanunlarla uşaqların hansı yaşdan sosial şəbəkəyə qoşulmasının mümkünlüyü nizamlanır. Bəzi ölkələrdə bu, 14 və ya 15 yaşdır. Hansı müddət ərzində istifadəsi də tənzimlənir.
Məsələn, bəzi ölkələrdə axşam saat 7-9 arasında imkan verilir və sonra profil avtomatik olaraq bağlanır. Uşaqların müəyyən saytlara girməsi əngəllənir. Ancaq müəyyən yaşa çatmış uşaqlar profil aça bilərlər, bundan ötrü onlar öz sənədlərini təqdim edib, qeydiyyatdan keçirlər, bundan sonra ona icazə verilir.
Bəzi ölkələrdə bu yük həm də valideynlərin üzərinə düşür. Əgər uşaq xidmət göstərəni aldadaraq, hansısa tanışının adına profil açırsa, buna nəzarəti qanunvericilik valideynlərin üzərinə qoyur. Əgər valideyn də bu tələbi yerinə yetirmirsə, müəyyən məsuliyyət daşıyır.
Yazını hazırladı: Sevinc TELMANQIZI