Ekspert: “Adlar kimi soyadlar da milli olmalıdır”
Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib. Məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib. Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.
Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub.
Bəs niyə milli adlarımız dəbə minmir? Son müharibədəki qəhrəmanlarımızın adlarına az-az rast gəlirik. Səbəb nədir?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Mistik düşüncəyə bağlı cəmiyyətlərin hamısında dini adlara üstünlük verilməsi xarakterik cəhətdir. Bu cür cəmiyyətlərdə insanlar hər hansı bir adın mistika ilə bağlı olduğunu düşünürlər.
Doğrudur, son vaxtlar yaşayan insanların adları daha çox nəvələrə verilir və bu bir ənənəyə çevrilməkdədir. Amma yaxşı olardı ki, ad seçimi milli xarakterdə olsun və bu, təbliğ olunsun. Təəssüf ki, bu istiqamətdə təbliğat yoxdur. Hansısa dini mərasimlərdə bu adların fəziləti ilə bağlı xeyli moizələr oxunur və insanlar da elə düşünür ki, həmin adları qoyanda insanın işləri gətirir. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır ki, addan çox insanın əməli önəmlidir".
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev də qeyd edir ki, ad məsələsi çox həssas məsələdir: “Çünki insana qoyulan ad bir ömür boyu onu müşayiət edir, xarakterinə, davranışına, taleyinə birbaşa təsir edir. Yəni ad məsələsinə ciddi yanaşmaq lazımdır. Tarixə nəzər yetirəndə görürük ki, adların verilməsi ilə bağlı Azərbaycanın fərqli ənənələri olub. Məsələn, "Dədə Qorqud" eposunda görürük ki, insan doğulur və həyatda adı özü qazanır. Belə ki, qəhrəmanlıq göstərən igidə Dədə Qorqud qopuz götürüb ad verir. Yəni igid özü həyatda öz adını qazanır və el ağsaqqalı, müdriki ona ad qoyur. Eyni zamanda adı insanın əməllərinə görə qoyardılar. Elə ad qoyardılar ki, ad onun şəxsiyyət kimi formalaşmasına töhfə vermiş olsun. Azərbaycanda dini adlar çoxalmağa başlayıb. Şəxsən mən buna təəssüflənirəm. Çünki adlar hər bir xalqın milli keyfiyyətlərini, xarakterini, milli kimliyini əks etdirməlidir. Biz bilirik ki, adların həm də psixoloji təlqin gücü var. Yəni adlar insanların davranışına, şəxsiyyətinə, kimliyinə, sosiallaşmasına mütləq mənada təsir edir. Bəzi adlar var ki, uşaqlar o adlara görə özlərində məsuliyyət hiss edir və o ada uyğun şəkildə həyatlarını şəkilləndirir, formalaşdırırlar.
Bu baxımdan çox yaxşı olardı ki, ad məsələsinə çox həssas yanaşılsın. Azərbaycanın kifayət qədər tarixi şəxsiyyətləri, mədəniyyət, idman xadimləri var, eyni zamanda Zəfərimizə imza atmış, bu Zəfərdə haqqı, payı olan qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimiz var ki, biz onların adlarını şərəflə, ləyaqətlə övladlarımıza qoya bilərik. Bununla da həm də həmin şəxsiyyətləri, qəhrəmanları yaşatmış olarıq.
Təklifim budur ki, bizim tanınmış ziyalılarımız, məşhurlarımız övladlarına bu cür adlar qoysunlar ki, digər insanlara da bir örnək, nümunə olsun və bu bir ənənəyə çevrilsin. Azərbaycan coğrafiyasında fərqli dinlər olub. Məsələn, atəşpərəstlik, xristianlıq. İndi o demək deyil ki, biz müxtəlif din daşıyıcılarının adlarını övladlarımıza verməliyik. Biz Azərbaycanın şərəfə tarixinə imza atmış şəxslərin adlarını qürurla daşımalı və onları tarixə həkk etməliyik.
Daha bir məsələ, soyadlarımızın sonundakı “ov” şəkilçisindən də azad ola bilərik. Biz milli kimliyimizə geri qayıtmalıyıq. Dövlətimiz soyadlarımızın sonundakı “ov”lardan imtinanın asan mexanizmini tapmalıdır ki, insanlar kütləvi şəkildə ondan imtina edə bilsin. Bir sözlə, adlar kimi soyadlar da milli olmalıdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”