Həkimlər həyəcan təbili çalır - xəstə nəsil yetişir
Son illər dünyada da, ölkədə da uşaqlar arasında piylənmə halları artıb. Hərəkətsiz, kompüter başında keçən, fast-foodla qidalanan uşaqlar üçün əslində bu, normal haldır. Amma bunun yetişən nəsil, genofondumuz üçün də təhlükə olduğu heç kimə sirr deyil. Bəs problemin mənşəyi nədir? Söhbət təkcə zərərli vərdişlərdən, düzgün olmayan qidalanmadan gedir, yoxsa...?
Son 40 il ərzində piylənmə əmsalı 10 dəfə artıb, bu isə 124 milyon oğlan və qızın hazırda aşırı kök olduğu deməkdir, yeni tədqiqatın nəticələrində bildirilib. BBC-nin araşdırmasına görə, dünyanın 200 ölkəsində kökəlmə tendensiyasını təhlil edən ətraflı hesabatın nəticələri Lancet-də dərc edilib.
Hesabata görə, Azərbaycanda qızlar arasında piylənmə 4.4 faiz, oğlanlar arasında isə 5.3 faiz təşkil edir. Britaniyada beşyaşlı uşaqdan tutmuş 19 yaşlı gəncədək hər 10 nəfərdən biri kökdür.
Mütəxəssislərin fikrincə, kök uşaqların böyüyüb yaşlaşanda da kök qalması onların sağlamlığı üçün ciddi risk yaradır. Lancet təhlilinin açıqlanması dünyada qeyd olunan Dünya Piylənmə Gününə təsadüf edib. Dünya Piylənmə Federasiyasının qeyd etdiyinə görə, piylənmə səbəbindən əmələ gələn xəstəliklərin müalicəsinə 2025-ci ildən başlayaraq hər il dünya üzrə təxminən 1213 milyard dollar xərclənəcək. Ən yüksək sürətlə uşaqların piylənməsi Şərqi Asiya ölkələrində müşahidə edilir.
Çəki çatışmazlığı problemi piylənmə ilə əvəzlənib
Tədqiqatçıların qeyd etdiyinə görə, indiki tendensiya qüvvədə qalsa, yaxın gələcəkdə dünyada köklərin sayı, çəkisi normadan az olanların sayını üstələyəcək. 2000-ci ildə pik səviyyəyə çatdıqdan sonra çəkisi normadan az olan qız və oğlanların sayı dünyada ildən-ilə azalmağa doğru dəyişir. 2020-cı ildə 192 milyon uşaq və yeniyetmənin çəkisi normadan az olub. Bu, həmin yaşda olan kök uşaqların sayından xeyli çox olsa da, bu sahədə tendensiyanın dəyişdiyi qeyd olunur.
Şərqi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində cəmi bir neçə onillik ərzində uşaqlarda çəki çətışmazlığı problemi piylənmə problemi ilə əvəzlənib. Ümumilikdə isə dünyada 213 milyon uşaq və yeniyetmənin, hələlik piylənmə həddinə çatmasa da, kök olduğu qeyd olunur.
Həkimlər isə izah edir ki, uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bədən kütləsi indeksi isə 30-dur. Uşaqlar arasında piylənmənin artması epidemik şəkildə yayılır və bu, pediatr və uşaq endokrinoloqlarından problemə ciddi yanaşma tələb edir. Böyük yaşlı insanların 60%-də çəki ilə bağlı problem uşaq və yeniyetməlik yaşlarından başlayır. Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər.
Piylənmənin gerçək səbəblərinə gəlincə, uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur. Məlumdur ki, hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80%, problem yalnız anadadırsa - 50%, təkcə atadadırsa - 38% təşkil edir.
Uşaqlarda piylənmənin əsas əlaməti dəri altında piy hüceyrələri qatının artmasıdır. Erkən yaşlı uşaqlarda piylənmənin ilkin əlamətləri kimi hipodinamiyanı, hərəki vərdişlərin formalaşmasının ləngiməsini, qəbizliyə, allergik reaksiyalara, infeksion xəstəliklərə meyilliliyi göstərmək olar.
Məktəb yaşlarında belə uşaqlarda təngnəfəslik, fiziki yüklənməyə tolerantlığın azalması, arterial təzyiqin artması müşahidə olunur.
Uşaqlarda ikincili piylənmə aparıcı xəstəlik fonunda və sonuncunun tipik simptomları ilə uzlaşır.
Kuşinqoid piylənməsinin (İtsenko-Kuşinq sindromu zamanı) xarkterik cəhətləri qarın, üz və boyun nahiyələrində piy qatlarının yaranmasıdır, lakin bu zaman aşağı ətraflar arıq qalır. Qızlarda pubertat dövrdə amenoreya və qirsutizm müşahidə edilir.
Piylənmə daha çox kasıb ölkələrdə yayılıb, ya varlılarda?
Yüksək gəlirli ölkələrdəkı uşaqlarda da piylənmə halları çox yüksəkdir. Bu qrupa daxil olan Birləşmiş Ştatlar kök uşaqların sayına görə ən yuxarı yerdədir. Tədqiqatçılar bu qlobal epidemiyanın səbəbinin ərzaq marketinqi və uğursuz siyasət nəticəsi olduğunu deyirlər. İnsanların fərdi seçimi olmaqdansa, onlar yeməyi ağır ətraf mühit şəraitində əldə edir. Sağlam yeməklərin qiyməti olduqca yüksəkdir. Sağlam yemək yoxsul təbəqə üçün əlçatmazdır. Qeyri-sağlam ərzaq malları oynamağa yeri olmayan uşaqların çəkisinə təsir edir
Piylənmə ürək-damaq xəstəlikləri, iflic, diabet və bəzi xərçəng növləri daxil edilməklə, bir çox xəstəliklərə səbəb olur. Lakin uşaqlıq dövründə də bunun mənfi təsirləri olur. Beləliklə, bu, utancla bağlıdır. Bunun uşaqlara psixoloji təsirləri olur. Bunun uşaqların təhsilinə də təsiri olduğu ilə bağlı dəlillər var. Araşdırmalarda azçəkili uşaq probleminə də toxunulub. Əsasən dünyanın yoxsul ölkələri olmaqla, bu, hələ də sağlamlıq problemlərindən biridir. Yeniyetmələr arasında çəki azlığı ən çox Hindistanda müşahidə olunub.
Hesabatın müəllifləri siyasətçiləri qeyri-sağlam yeməklərin vergisini qaldırmaqla yanaşı, xüsusilə yoxsul ailələr və icmaların evdə və məktəbdə yeməklərin sağlam və əlçatan olmasına imkan yaratmağa çağırır.
Ümumilikdə 1975-ci ildən 2020-ci ilə qədər piylənmənin rastgəlmə tezliyi 3 dəfəyə qədər artıb. 2020-ci ildə dünya əhalisinin 119 milyardı artıq çəkidən, bunun 650 milyonu isə piylənmədən əziyyət çəkir. Piylənmənin səbəbləri birincili və ikincili olmaqla iki yerə ayrılır. Piylənmənin geniş yayılmasının səbəbi həyat tərzimizdir. Rahat və oturaq həyat tərzi burada ciddi rol oynayır. Buna görə inkişaf etmiş ölkələrdə insanlar piylənmədən daha çox əziyyət çəkirlər. Piylənmənin birinci səbəbi özümüzdən asılı hallarla əlaqəlidir. Bu, qidalanma və həyat tərzimizlə bağlıdır. Fast-food qidalardan, qazlı içkilərdən istifadə, fiziki aktivliyin aşağı olması piylənmə tezliyini artıran amillərdəndir. Piylənmənin ikinci səbəbinə isə genetik, endokrin xəstəliklər, bəzi dərman preparatlarının istifadəsi aiddir.
Yazını hazırladı: Sevinc TELMANQIZI