ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bulud infrastrukturunun tətbiqi üçün "Amazon Web Services" ilə əməkdaşlığa dəstək məqsədilə Ermənistana 5 milyon dollar vəsait ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti baş nazir Nikol Paşinyan və USAID-in rəhbəri Samanta Pauer arasında İrəvanda keçirilən görüşdən sonra yayıb.
Görüşdə Paşinyan Ermənistan-ABŞ Strateji Dialoqu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb və USAID-in Ermənistanda demokratik təsisatların inkişafına yönəlmiş proqramlarını yüksək qiymətləndirib.
"Baş nazir qeyd edib ki, Ermənistan Respublikası hökuməti islahatların həyata keçirilməsi üçün ardıcıl addımları qətiyyətlə davam etdirəcək", - məlumatda deyilir.
Pauer isə qeyd edib ki, ABŞ administrasiyası Ermənistan hökumətinin demokratiyanın gücləndirilməsi, inkişafı, həmçinin ölkənin dayanıqlığının artırılması üzrə proqramlarını ardıcıl dəstəkləməyə hazırdır.
Musavat.com