USAID Azərbaycandakı proseslərə köklü təsir edə bilməz- Deputat



ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bulud infrastrukturunun tətbiqi üçün "Amazon Web Services" ilə əməkdaşlığa dəstək məqsədilə Ermənistana 5 milyon dollar vəsait ayıracaq.

Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti baş nazir Nikol Paşinyan və USAID-in rəhbəri Samanta Pauer arasında İrəvanda keçirilən görüşdən sonra yayıb. Pauer isə qeyd edib ki, ABŞ administrasiyası Ermənistan hökumətinin demokratiyanın gücləndirilməsi, inkişafı, həmçinin ölkənin dayanıqlığının artırılması üzrə proqramlarını ardıcıl dəstəkləməyə hazırdır.

Millət vəkili Bəhruz Məhərrəmov Musavat.com-a şərhində bildirdi ki, Samanta Pauerin rəhbərliyi dövründə agentliyin fəaliyyətində radikallaşma hiss olunur:

“Ötən əsrin ortalarında Marşal planı çərçivəsində yaradılmış, əslində, uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlməli olan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək adı altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb. Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırmış, xüsusən İslam və Türk dünyasına, ələlxüsus Azərbaycana münasibətdə hücumlar intensivləşib. Vətən müharibəsi və antiterror tədbirləri dövründə isə USAID açıq formada tərəf kimi davranmış, bu gün də proses eyni qaydada davam edir. Antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan separatçı rejimin keçmiş "liderlərinin" istintaqa verdiyi ifadələr USAID-in həm də korrupsiyalaşmış mexanizmə çevrilməsi reallığını meydana çıxarır. Təsadüfi deyil ki, separatçı "liderlərinin" saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər edib və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham edib, həmçinin Ermənistanın işğal və təcavüz siyasətini müdafiə edib”.


B.Məhərrəmov qeyd edib ki, ötən dövr ərzində ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID-in imkanları səfərbər ediĺərək, beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə qərəzli fon formalaşdırılması, həmçinin Azərbaycan daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxsaylı, çoxşaxəli fəaliyyətlərə start verilib:

“USAID-in Ermənistana 5 illik yardım paketini 2 dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməlidir. Görünən odur ki, ABŞ hələ də regionda sabit, təhlükəsiz mühitin qurulmasını arzulamır və Beynəlxalq İnkişaf Agentliyi də bu prosesdə ənənəvi olaraq mexanizm kimi çıxış etməkdədir. Lakin bölgədə artıq elə bir reallıq yaranıb ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada köklü təsir etmək imkanı minimuma enib, xüsusən Azərbaycan vətəndaş cəmiyyəti institutlarında həyata keçirilən şəffaflaşma və sağlamlaşma fonunda təsisatın Azərbaycan cəmiyyətinə təsiri mümkünsüzdür. Bu baxımdan USAID daha çox gücü Ermənistan daxilində fəaliyyətə, o cümlədən bu ölkəyə təcavüzkar məqsədlərin dəstəklənməsi üçün əlavə yardımlar ayrılmasına yönəldib”.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.09.2024 15:24
425