“Uşağımın müalicəsinə xərcləmişəm” - Veloparkdan 25 minlik oğurluq edən şəxs

Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkdan 25 min manatlıq oğurluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, oğurluq hadisəsini törədən 33 yaşlı Kamran Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi işləyib.

Onun işlədiyi sahə Veloparkın ərazisi olub.

Kamran maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün Veloparkdan oğurluq etmək qərarına gəldiyini deyib. Bu məqsədlə ərazidə olan elektrik kabellərini kəsərək metal şəklində satıb. Bununla 6000-7000 manat əldə etdiyini deyən Kamran həmin məbləği xəstə olan uşağının müalicəsinə və borclarına xərclədiyini bildirib. Əməlindən peşman olduğunu deyən Kamran barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş kimi Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki tanınıb. Qurumun nümayəndəsi dəymiş zərərin 25 min 836 manat olduğunu və ödənilməsini tələb edib.

Məhkəmə Kamran barəsində 2 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

İ.Muradov
Musavat.com

19.04.2025 18:54
396