Döyülən uşaqda... günah axtarmaq olarmı?
Tədris ili yekunlaşır. Amma yenə də məktəbdə döyülən uşaq mövzusu aktuallığını qoruyur. Sanki bu, Azərbaycanda “olmazsa olmaz”dır, “qızını döyməyən dizinə döyər”, “kötək cənnətdən çıxmadır” tipli el məsəllərinin hakim olduğu cəmiyyətimizdə döyülmə halları adiləşib.
Bugünlərdə Bakıda mühafizəçinin məktəblini döyməsi hadisəsi geniş ajiotaj doğurub. Bakı şəhəri 189 nömrəli tam orta məktəbin direktoru Fəyaz Hüseynov bildirib ki, texniki işçi işdən azad olunub: “İki ildir bizim məktəbdə çalışırdı. İyun ayının 7-də, birinci növbənin dərsləri bitdikdən sonra şagirdlər evə gediblər. Bir şagirdimiz də pəncərədən düşmək qərarına gəlib. Məktəbin işçisi də bunu görərək ona iradını bildirib”.
Cinayət Məcəlləsi (CM) öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir. Uşağın digər valideyni və ya qəyyumu CM-in 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur.
Döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir. Uşaqların yazılı şikayəti bu məsələdə mütləqdir. CM-in 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər. Ümumiyyətlə, bu məqamda uşağa dəyən xəsarətin dərəcəsi də bilinməlidir. CM-in 207.2 maddəsinə görə, zərərçəkmişin şikayət ərizəsi olmalıdır. Hadisənin ictimai əhəmiyyətini nəzərə alaraq, prokuror özü də cinayət təqibini başlaya bilər.
Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir. Və nəticə etibarilə bu gün döyülən uşaq sabah döyən valideyn, bacı və qardaş olur. Şiddət domino effekti ilə yayılır.
Amma uşağı döyən valideyn yox, müəllimi, ya da məktəbin işçisidirsə... Bu halda məsuliyyət onu döyən təhsil işçisi ilə yanaşı, məktəb rəhbərliyi də məsuliyyət daşıyır. Ümumiyyətlə, Azərbaycanda məktəb müəllimlərinin işə qəbulu son illər test imtahanı vasitəsilə olsa da, pedaqoji kadrların psixoloji vəziyyəti ilə bağlı məsələ açıq olaraq qalır. Dünya praktikasında müəllimlərin 6 aydan bir psixoloji, tibbi müayinədən keçməsi qaydası var. Ölkəmizdə isə müəllimlər tibbi müayinədən keçirilir, ancaq bu da formal xarakter daşıyır. Müəllim qeydiyyatda olduğu poliklinikadan hansısa məbləğ müqabilində arayış alır və məktəbə təqdim edir. Səhiyyə Nazirliyinin məlumatına görə, müəllimlər də obliqat qrupa daxildirlər. Bu qrupa sosial sahələrdə çalışan şəxslər - həkimlər, müəllimlər, yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, hotellərdə çalışanlar, əhali ilə daha çox ünsiyyətdə olan insanlar daxildir. Bu qrupa daxil olan şəxslər işə qəbul olunanda da, daha sonra da ildə bir dəfə olmaqla tibbi yoxlamadan keçir. Proses məcburi xarakter daşıyır. Məqsəd yoluxucu xəstəliklərin qarşısının alınmasıdır. Proses pulsuz aparılmalıdır, ancaq müşahidələr göstərir ki, formal xarakter daşıyır. Müəllimə ancaq sağlam olması barədə arayış lazım olur və müəyyən məbləğ qarşılığında həmin arayışı alır. Müəllimlər tibbi yoxlama zamanı terapevt, dermatoloq baxışından və rentgen müayinəsindən keçirlər.
Tibbi yoxlamaya psixoloji test daxil deyil. Halbuki bəzi müəllimlərin davranışındakı aqressivlik və məktəblərdən gələn xəbərlər psixoloji testin vacibliyini diqtə edir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də daha öncə mətbuata açıqlamasında bildirib ki, müəllimlər və təhsil işçilərinin işə qəbulunda psixoloji test mümkündür. M.Abbaszadənin fikrincə, tədris prosesini aparmaq üçün müvafiq biliyi olan şəxsin iş prosesində digər keyfiyyətləri də olmalıdır. Bunu isə psixoloji test vasitəsilə etmək mümkündür.
Müəllimlərin psixoloji testdən keçirilməsi məktəblərdəki xoşagəlməz olayların qarşısını almaqda effektli ola bilər. Təklif belə olmalıdır ki, müəllimlər dərs ilinin əvvəlində və tədris prosesi müddətində psixoloji testdən keçirilməli və davranışında mümkün olan problemlər aşkarlanmalıdır.
Psixoloji araşdırmalar sübut edib ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə uşağın hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv şəkildə böyüməsinə və onda psixi xəstəliklərin yaranmasına təkan verir. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür. Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə ünsiyyət qurmaqda da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.
Amma bəzi ölkələrdə, ümumiyyətlə, uşaqların döyülməsi, daha doğrusu, döyülərək tərbiyə edilməsi qadağandır. Ölkədə "Ailədə zorakılığa qarşı mübarizə haqqında" Qanuna yeni əlavələr qüvvəyə minib. Yeni əlavələr uşaqlara işgəncələrin verilməsini, habelə uşaqların mənəvi cəhətdən alçaldılmasını yasaqlayır. Bu norma pozulduğu halda polisin iştirakı ilə sosial xidmət əməkdaşları uşaqları ailədən ala və məhkəmələr 24 saat ərzində qəddar valideynləri bu hüquqlarından məhrum edə bilər.
Yeni əlavələrin müzakirəsi zamanı bir çox valideynlər bildiriblər ki, onlar uşaqların döyülmədən tərbiyə edilməsini təsəvvür edə bilmirlər. Bu iddianı rədd edən sosial xidmət əməkdaşları bildirirlər ki, uşaqların düzgün tərbiyəsi üçün onlara da böyüklər kimi hörmət qoyulmalıdır.
Hazırladı: Sevin Telmanqızı