Uruqvayın “Boz qurd” AĞRISI - saxta soyqırım yenə GÜNDƏMDƏ

Uruqvay Senatorlar Palatası 24 aprelin “Erməni soyqırımını anma günü” elan edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə yekdilliklə səs verib. Qanuna əsasən, bütün dövlət televiziya və radio kanalları hər il aprelin 24-də “erməni soyqırımı” mövzusunu eyni vaxtda işıqlandırmaq öhdəliyi götürüb. 

Musavat.com xəbər verir ki, Ermənistanın Uruqvaydakı səfirliyinin mətbuat xidmətindən “Armenpress”ə verilən məlumata görə, görüş zamanı müxtəlif siyasi partiyaları təmsil edən senatorlar Ermənistana və erməni xalqına qarşı dostluq münasibətlərini təsdiqləyib, “insanlığa qarşı törədilmiş bu cür cinayətləri unutmamağın vacibliyini” vurğulayıb, ictimaiyyətin hörmət və sevildiyi, həmçinin Montevideoda Ermənistan səfirliyinin açılmasının vacibliyi qeyd olunub.

PALATA.jpg (30 KB)

Senatorlar Ermənistanın təhlükəsizlik problemləri ilə üzləşməkdə davam etdiyini qeyd edərək, 2022-ci ildə Senatın da “Laçın dəhlizi”nin blokadasını yekdilliklə pislədiyini və Qarabağ xalqı ilə həmrəylik ifadə etdiyini xatırladıblar.

Qanun layihəsi artıq Nümayəndələr Palatasına təqdim olunub və orada səsə qoyulmalıdır.

Uruqvay-Ermənistan münasibətlərindən bəhs etmişkən, xatırladaq ki, Cənubi Amerikanın bu kiçik dövlətində böyük bir erməni icması fəaliyyət göstərir. Məlumatlara görə, bu ölkədə təxminən 20 minlik erməni icması yaşayır. Ermənilər Uruqvaya ilk dəfə 1800-cü illərin sonlarında gəliblər.

1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutub. 20 aprel 1965-ci ildə isə Uruqvay dünyada qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan ilk dövlət olub. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açıb. 26 dekabr 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edib və 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulub. 1992-ci ilin iyununda Ermənistan prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edib. 1997-ci ilin fevralında isə Uruqvay İrəvanda fəxri konsulluğunu açıb.

Ermənilər ölkənin müxtəlif dövlət strukturlarına, o cümlədən parlamentə yol tapmağı bacarıblar. Uruqvayda “Daşnaksütyun”, “Qnçak”, “Ramkavar” kimi partiyalar fəaliyyət göstərir. Son illər Türkiyənin Cənubi Amerikaya yönəlik fəal siyasəti bütövlükdə qitədə uzun illərdən bəri kök salmış erməniləri narahat edir.

Xatırladaq ki, 2022-ci ilin mayında Türkiyənin ovaxtkı xarici işlər naziri Uruqvaya səfər edəndə erməni millətçiləri etiraz aksiyası keçirməyə cəhd etmiş, Mövlud Çavuşoğlu isə onları dəli edən “Boz qurd”ların işarəsini göstərmişdi.

QURD.jpg (57 KB)

Saxta soyqırımın 103-cü ilində ciddi xəyal qırıqlığına uğrayan erməni lobbisi görünür, indi əlindən yalnız bu ölkədə yenidən Türkiyə və Azərbaycanda qıcıq yaratmaq niyyəti güdən “anım günü” müəyyənləşdirmək kimi mənasız qərar verməyi düşünüb.

Musavat.com

09.05.2024 10:54
1178