Unun qiyməti düşür: Çörək ucuzlaşacaq?

Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.

Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?

Musavat.com xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov Bizim.media-ya açıqlamasında unun ucuzlaşmasının çörəyinin qiymətinin azalmasına birbaşa təsiri ola biləcəyini deyib:

"Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xammalı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyəri nə qədər azalsa da, hazır məhsul baha olaraq qalır.

Nəzərə alaq ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir. Son illərin təcrübəsində də gördük ki, ərzaqlıq buğda və unun qiyməti endikcə çörəyin də qiymətində azalma olub. Son zamanlar "zavod çörəyi"nin qiymətində iki dəfə eniş olub. Yəqin ki, budəfəki azalma da çörəyin qiymətinə öz təsirini göstərəcək və yaxın zamanlarda biz çörəyin ucuzlaşmasını görə bilərik".

16.08.2024 16:37
568