UNESCO-nun antitürk rəhbərini misirli əvəzləsə... - Bakıdan gözlənti

Azulenin yerinə ərəb gəlsə, qurumun Azərbaycana münasibəti müsbətə doğru dəyişəcəkmi? - şərh

Aprelin 15-də Misir Ərəb Respublikasının paytaxtı Qahirədə bu ölkənin xarici işlər nazirinin müavini Vael Hamedi ilə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanınn rəhbərliyi ilə iki ölkə xarici işlər nazirlikləri arasında 11-ci siyasi məsləhətləşmələr keçirilib. Erməni mediasının məlumatına görə, məsləhətləşmələrdə iki ölkə arasında çoxtərəfli platformalarda birgə iş və qarşılıqlı dəstək müzakirə olunub.  Bu kontekstdə Ermənistan tərəfi UNESCO-nun yeni baş direktoru vəzifəsinə Misir tərəfindən irəli sürülən Xalid Əl-Ananinin namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, iqamətgahı Parisdə yerləşən bu BMT qurumunun indiki baş direktoru fransız, qatı ermənipərəst və anti-Azərbaycançı Odri Azuledir.

Bəs Bakı da misirlinin namizədliyini dəstəkləyə bilərmi? Azuleni ərəb (misirli) əvəzləsə, qurumun Azərbaycana, Bakının haqlı tələblərinə münasibəti müsbətə doğru dəyişəcəkmi?

İtaliya Azərbaycana dost ölkədir"

Şəhla Cəlilzadə

Siyasi şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a deyib ki, Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən sonra Rusiya ilə nisbətən məsafəli, lakin digər dünya dövlətləri ilə nisbətən daha yaxın yeni xarici siyasət kursuna start verib: “Təsadüfi deyil ki, ərəb dünyasına ”yaxınlaşmaq" istəyən Ermənistan 2024-cü ilin iyununda Fələstin dövlətini rəsmi olaraq tanıdığını bəyan etdi. Bunu həm də Türkiyə ilə normallaşma kontekstində atılan addım hesab etmək olar. Həmçinin Ermənistan bir sıra məsələlərdə ərəb dövlətlərinə dəstək ifadə etməyə başladı. Məsələn, Səudiyyə Ərəbistanına “jest” olaraq Expo2030-un bu ölkədə keçirilməsi ilə bağlı edilən müraciəti dəstəkləyəcəyini 2022-ci ildə bəyan etdi. Hazırda UNESCO-ya Misirdən yeni baş direktorun təyin edilməsi məsələsi gündəmdədir. Ermənistan Misirin namizədini dəstəkləməklə Misirlə münasibətlərini inkişaf etdirmək istəyir. Lakin qeyd etmək lazımdır ki, Misirin Azərbaycanla əlaqələri Ermənistanla müqayisədə daha genişdir və daha çox inkişaf edib. Bunu  həm siyasi, həm iqtisadi müstəvidə dəyərləndirmək olar. Məsələn, Azərbaycanla BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq edən Misir indiyədək bu platformalarda Azərbaycanın siyasi mövqeyini dəstəkləyib.  Vətən müharibəsindən sonra isə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 2023-cü ilin yanvarında Misir dövlət başçısı Əl-Sisinin ölkəmizə səfəri baş tutdu. 2014-cü ildən hakimiyyətdə olan Sisi bununla Azərbaycana ilk rəsmi səfər edirdi. Prezident İlham Əliyev isə 2024-cü ilin iyununda Misirə rəsmi səfər edib. Bu səfərlər ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair mesajlarla yadda qalıb. Azərbaycanla isti münasibətləri olan Misirdən UNESCO-ya yeni direktor təyinatı tamamilə müsbət hadisə olaraq qiymətləndirilə bilər. Bu, UNESCO ilə münasibətlərin qarşıdakı dövrdə normallaşmasına imkan yarada bilər".

 

Siyasi şərhçi Şəhla Cəlilzadə deyir ki, hazırda UNESCO-nun rəhbəri qatı anti-Azərbaycan mövqeli şəxsdir: “Odri Azule qlobal erməni şəbəkəsinin əsas üzvlərindən biridir. Onun dövründə UNESCO Azərbaycana qarşı münasibətdə qərəzli mövqe sərgiləmiş, xüsusilə II Qarabağ müharibəsindən sonra ermənilərin qlobal dəstəkçisinə çevrilmişdir. Halbuki bu quruma əvvəlki rəhbərlərin başçılıq etdiyi dövrlərdə UNESCO Ermənistan-Azərbaycan münasibətlərində tərəfsiz olmuş, qurumun Baş direktoru Matsuranın dövründə Mehriban Əliyeva UNESCO-nun ”xoşməramlı səfiri" adını almış, sonrakı rəhbər Bokovanın dövründə də isti münasibətlər davam etdirilmişdir. Lakin ən son rəhbər Odri Azule, o həm də ana tərəfindən yarıermənidir (anası Katya Brami ermənidir, atası Andre Azule isə ermənilərin Yaxın Şərq Fondunun Prezidentidir), tamamilə ermənipərəst mövqe sərgiləyərək, noyabr 2021-ci ildə Ermənistan XİN rəhbərinin Parisə səfəri zamanı onunla görüşündə Qarabağa qurumun faktaraşdırıcı missiyasının göndəriləcəyini bəyan etmişdir. 30 ildə Azərbaycan torpaqlarında törədilən erməni vandalizminin real izlərinə, şəhərlərin yerlə yeksan edilməsinə, Azərbaycanın mədəni abidələrin ermənilər tərəfindən məhv olunmasını yerində təsbit etməsi üçün quruma müraciətlərinə məhəl qoymayan təşkilat birdən-birə erməni müraciətinə müsbət cavab verməklə mövqeyini ortaya qoymuşdu. Hətta 2022-ci ilin martında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra erməni mədəni abidələrinin Azərbaycan nəzarəti altına keçdiyi və guya Azərbaycan tərəfindən dağıdıldığı vurğulanaraq beynəlxalq ictimaiyyət tərəfindən UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməsi üçün Azərbaycana təzyiq göstərilməsi tələbi irəli sürülür. 2023-cü ilin sentyabrında belə bir missiya Qarabağa gəldi, düzdür, lakin bu, daha neytral qurum olan BMT missiyası idi və bu missiya Azərbaycanın tezislərini təsdiqləyən hesabatla çıxış edərək erməniləri daha da qəzəbləndirmişdi. Beləliklə, UNESCO-ya Azərbaycanın haqq səsinə laqeyd olmayan bir dövlətdən rəhbərin təyin edilməsi, ermənilər üçün daha bir fiasko ola bilər".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

19.04.2025 11:27
274