Ukraynaya kütləvi dron HÜCUMU – Yanğınlar baş verdi, yaralananlar var - FOTO,VİDEO

Aprelin 10-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərinə dronlarla zərbələr endirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Kiyev və Nikolayev şəhərlərində partlayışlar nəticəsində yanğınlar baş verib, mülki əhali arasında yaralananlar var, bir sıra obyektlərə ciddi ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bu gecə Ukraynaya qarşı 145 ədəd “Şahed” tipli hücum dronu və müxtəlif növ imitasiya PUA-ları buraxıb. Yerli vaxtla səhər saat 09:00-a olan məlumata əsasən, ölkənin şimal, cənub, şərq və mərkəzi bölgələrində ümumilikdə 85 ədəd “Şahed” dronu məhv edilib.

“49 ədəd düşmənə məxsus imitasiya dronu məhv edilib. Hücumlar nəticəsində Donetsk, Xarkov, Kiyev, Xmelnitski, Poltava və Nikolayev vilayətləri zərər görüb”, - Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, aprelin 9-u yerli vaxtla saat 23:34-dən aprelin 10-u saat 01:37-dək dron hücumları ilə bağlı şəhərdə hava həyəcanı elan olunub.

Səhər saat 07:01-dən 07:26-dək isə ballistik silah təhlükəsi səbəbindən yenidən sirenlər işə düşüb.

Kiyev üzərində və ətrafında ümumilikdə 30 dron qeydə alınıb, onlardan 16-sı vurulub, digərləri ya hava məkanını tərk edib, ya da qeydə alınmadan itib.

Hücum nəticəsində şəhərin Qoloseyevski rayonunda anbar sahəsində yanğın başlayıb. Darnitski rayonunda isə bir fərdi yaşayış evi dağılıb, yaxınlıqdakı digər evlərin pəncərələri və avtomobillər zədələnib.

İlkin məlumata görə, iki qadın xəsarət alıb, onlara yerində tibbi yardım göstərilib.

Nikolayevdə 9 bina və 30-dan çox qaraj zərər görüb

Nikolayev vilayətinin hərbi administrasiya rəhbəri Vitali Kim bildirib ki, gecə saat 02:45 radələrində şəhər “Şahed 131/136” tipli dronlarla vurulub. Partlayış dalğası və qalıqların düşməsi nəticəsində 9 çoxmərtəbəli bina, 3 avtomobil, 30 qaraj və bir inzibati bina zərər görüb. Bundan əlavə, bir mənzildə və qaraj kooperativinin ərazisində yanğınlar baş verib.

Vitali Kim hadisə yerindən foto və video görüntülər paylaşıb. Hazırda şəhərdə bərpa işləri aparılır və zərərçəkənlərə yardım göstərilir.

Ukrayna Fövqəladə Hallar Xidmətinin regional idarəsinin məlumatına görə, bir ünvan üzrə beşmərtəbəli binanın həyətinə dron qalıqları düşüb, nəticədə birinci mərtəbədə yerləşən mənzildə 20 kvadratmetr sahədə yanğın baş verib. Digər mənzillər də zədələnib, qapı və pəncərələr partlayış dalğası ilə sıradan çıxıb.

Xilasedicilər xüsusi alətlə mənzilin qapısını açaraq orada olan hərəkətsiz qadını çıxarıblar. Qızıl Xaç Cəmiyyətinin operativ reaksiya qrupu ona ilkin yardım göstərərək yaxınlarına təhvil verib.

Başqa ünvanlarda da iki avtomobil (12 kv.m) və bir qarajda (15 kv.m) baş vermiş yanğınlar söndürülüb. Qarajlara ciddi zərər dəyib.

Daha bir ünvanda partlayış dalğası nəticəsində fərdi yaşayış evinin giriş qapısı dağılıb və içəridə ana üç uşağı ilə birlikdə qalıb. Xilasedicilər ailəni təhlükəsiz şəkildə evdən çıxarıb.

Ümumilikdə gecə hücumları nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 3-ü müxtəlif travmalarla şəhər xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərə Fövqəladə Hallar Xidmətinin psixoloqları yardım göstərib, təcili psixoloji dəstək nöqtəsi yaradılıb.

Hadisənin nəticələrinin aradan qaldırılmasına 47 xilasedici və 9 texnika cəlb olunub.

Nikolayev şəhərinin meri Aleksandr Senkeviçin sözlərinə görə, şəhərin Zavodski rayonuna raketlər düşüb, nəticədə yanğınlar baş verib. Ümumilikdə 9 çoxmərtəbəli bina, 3 avtomobil, təxminən 30 qaraj və bir inzibati bina zərər görüb.

“Təəssüf ki, 10 nəfər xəsarət alıb – onlardan 2-si xəstəxanadadır, digərlərinə yerində tibbi yardım göstərilib,” – deyə Senkeviç bildirib.

UNİAN-ın xəbərinə görə, aprelin 9-da rus ordusu Dnepr şəhərinə də genişmiqyaslı dron hücumu həyata keçirib. 15 nəfər yaralanıb, onlardan 8-i xəstəxanadadır. Şəxsi evlər, çoxmərtəbəli binalar və avtomobillər zərər görüb. Bir neçə müəssisədə dağıntılar qeydə alınıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

@@TVmusavat/112632@@

İqbal RZAYEV,
Musavat.com

10.04.2025 11:28
297