Ukraynanın Tramp və Vens dövründə taleyi bəllidir - İLGİNC İDDİA

Xəbər verildiyi kimi, ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukraynaya qarşı sərt mövqeyi ilə tanınan Ohayo ştatından senator Ceyms Devid Vensi vitse-prezident olaraq seçib. Bu isə Avropada Ukraynada aparılan savaşın məğlubiyyətə gətirib çıxara biləcəyi qorxusunu artırıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

“Tramp ABŞ-dakı prezident seçkilərində qalib gələrsə və Kiyevə yeni silah və maliyyə yardımı paketləri göndərməkdən imtina edərsə, Ukrayna Moskva ilə hər hansı danışıqlarda daha az təsir rıçaqına malik olacaq. Bu isə rəsmi Kiyevin qəti məğlubiyyəti deməkdir. Yüksək səviyyəli bir avropalı məmur vəziyyəti qəzetə bu cür təsvir edib: “Ukraynanın başı böyük bəladadır”.

Vens dəfələrlə Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmağı və Ukraynadakı münaqişəni tez bir zamanda həll olunmasını söyləyib. Respublikaçı vitse-prezidentliyə namizədin fikrincə, Birləşmiş Ştatlar əsas diqqəti Şərqi Asiyaya yönləndirməlidir, çünki “bu bölgə ABŞ-ın növbəti 40 ili üçün xarici siyasətinin gələcəyidir və Avropa bu faktı tanımalıdır””, - məlumatda deyilir. 

Vens “The New York Times” qəzetinə müsahibəsində qeyd edib ki, Ukraynaya neytral status verilməli, onun sərhədləri yenidən gözdən keçirilməlidir.

Musavat.com

17.07.2024 15:20
922