Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib.
Musavat.com RBK-ya istinadən xəbər verir ki, nazirliyin elektron resursunda Timoşenko haqqında belə qeyd var: “Axtarış üçün əsaslar: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.
Qeyd edək ki, Timoşenkonun 63 yaşı var. O, 2005-ci ilin fevral-sentyabr aylarında və 2007-ci ilin dekabrından 2010-cu ilin martına qədər Ukraynanın baş naziri olub və üç dəfə prezidentliyə namizəd olub. 2011-2014-cü illərdə o, Rusiya ilə qaz müqavilələri bağlayarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq həbs edilib. AİHM Timoşenkonun həbsini qanunsuz hesab edib, 2014-cü il aprelin 14-də Ukrayna Ali Məhkəməsi ona qarşı işi bağlayıb. 2019-cu ildə Timoşenkonun “Batkivşina” partiyası parlament seçkilərindən sonra Ali Radada 24 mandat qazanıb.
May ayında Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın hazırkı və keçmiş prezidentləri Volodimir Zelenski və Petro Poroşenkonu (2014-2019-cu illərdə ölkəyə rəhbərlik etmiş) Cinayət Məcəlləsinə əsasən axtarışa verib. Söhbətin konkret olaraq hansı maddələrdən getdiyi o zaman da dəqiqləşdirilmədi.
Musavat.com