Ukraynanın Kursk həmləsinin pərdəarxası

“Bu tezliklə ehtimal etmirdik, amma təəccüblənmirik də!” - güman ukraynalıların Kurska ən azı hələlik davam edən çox uğurlu hücumunu şərh edən ağıllı və təcrübəli siyasi təhlilçi belə deyərdi, çünki burada bir neçə çox mühüm və ciddi məqam var.

Birincisi, bir neçə ay bundan əvvəl Ukraynanın müttəfiqləri ona müharibəni Rusiyanın içərilərinə doğru keçirməyə icazə verəndə aydın idi ki, hansısa məqamda ruslar da müharibəni çox yaxınlıqda hiss etməyə və hətta yaşamağa başlayacaqlar.

Üstəlik, çox ağrılı və həm də çətin bir siyasi qərar olmuşdu bu, ABŞ və Böyük Britaniya kimi dövlətlər əvvəl tərəddüd edir və razılıq vermək istəmirdilər. Vaşinqton hətta bununla bağlı ciddi şərt də qoymuşdu: Rusiyanın içərilərinə doğru cəbhənin dərinliyi 200 mili aşmamalıdır!

Odur, heç təsadüfi deyil ki, ukraynalılar Kurska hücum edəndə amerikalılar əvvəlcə bunun onların verdikləri yeni hərbi texnika ilə bağlı olduğunu inkar etdilər. Yalnız bir-iki gündən sonra bəyan etdilər ki, onlar Kurska hücumu Kiyevin özünümüdafiə aktı hesab edir və onu tam dəstəkləyirlər. Artıq tərəddüdlər arxada qalıb, hamı yenə də Ukraynanın tərəfindədir və onu müdafiə edir.

İkincisi, ABŞ-dakı prezident seçkilərinə üç aydan da az vaxt qalıb. Avqustun əvvəllərində seçkinin konfiqurasiyası tamamilə dəyişdi - demokratlar seçkiyə yeni namizədlə getməyə qərar verdilər və vitse-prezident K.Harris onların yeni namizədi oldu. Xanım Harris çox tez bir zamanda seçkinin ümumi atmosferini dəyişə bilıdi və indi hamı ən azı qəbul edir ki, D.Trampın çox ciddi rəqibi peyda olub.

Düzdür, qarşıdan debatlar gəlir və yalnız birinci debatdan sonra nəsə təqribi bir şey demək olar. O ki qaldı Ukrayna məsələsinə, Demokratlara bir neçə istiqamətdə çox ciddi dəyişiklik lazım idi. Bunlardan ən birincisi də Rusiya-Ukrayna müharibəsidir. Demokratlar seçicilərinə göstərməlidirlər ki, onların siyasəti düzgündür və Rusiya ilə müharibə aparmaq, Ukraynanı dəstəkləmək elə də mənasız və ya perspektivsiz iş deyil. Üstəlik, çox uğurlu Kursk kimi bir əməliyyat həm də onların seçki aktivinə yazıla biləcək bir olay sayıla bilər.

Üçüncüsü, ukraynalılar ruslardan geri xalq deyil. Vaxtilə Ukrayna Rusiyadan sonar SSRİ-nin iqtisadiyyatca və səhv etmirəmsə, həm də əhalicə ikinci böyük respublikası idi. Rusların bütün böyük uğurlarında, o cümlədən də hərbi uğurlarında onların böyük payı vardı. Bir sözlə, onlar kiçik Gürcüstan deyillər. Həm də çeçenlər kimi kiçik bir xalq elə bir beynəlxalq dəstək olmadan Rusiya hərbi mifini dağıda bilmişdisə, niyə bunu on milyonlarla ukraynalı edə bilməsin, xüsusən də nəzərə alanda ki, rusların onlarla böyük sərkərdəsi milliyyətcə ukraynalı olub!

Ona görə də Kursk əməliyyatında təəccüblü bir şey yoxdur. İndi hamını başqa sual düşündürür: bu əməliyyat davamlı olacaqmı? Biz bu sətirləri yazan zaman deyilirdi ki, ukraynalılar 82-dən çox yaşayış məntəqəsini nəzarətə götürüblər. Amma böyük cəbhəni nəzarətdə saxlamaq üçün çox böyük resurslar lazımdır. Ruslar Kiyevin bu uğurunu hələ də ötəri taktiki uğur hesab edirlər. Amma ümid edirik ki, belə olmayacaqdır, ukraynalılar öz ilk böyük hərbi uğurlarını əldə saxlaya biləcəklər. Bu, onlara gələcəkdə Rusiya ilə danışıqlarda üstün mövqe təmin etmək və Rusiyanın işğal etdikləri əraziləri qaytarmaq üçün sövdələşmə predmeti kimi lazım olacaq. Həm də ruslar müharibədən o vaxt imtina edəcəklər ki, hərbi maşınlarının sındığını hiss edəcəklər. Bu isə tamam realdır, ona görə ki, Ukraynanı az qala bütün dünya müdafiə edir. Rusiyanın yanında isə real olaraq bir A.Lukaşenkodan başqa heç kim yoxdur. Bu adam isə doğrudan - doğruya belə hesab edir ki, guya Belarus da nüvə dövlətidir! Halbuki SSRİ-nin vaxtlarında müttəfiq respublikaların demək olar ki, hamısında nüvə silahı vardı, amma təkcə Moskvadan başqa heç kim onların harada olduğunu və necə idarə edildiyini bilmirdi, çünki “nüvə çamadanı” yalnız və yalnız Kremlin, SSRİ rəhbərinin sərəncamında idi.

 

20.08.2024 11:05
774