Ukrayna Amerika Birləşmiş Ştatlarına Qərbin uzaqmənzilli artilleriya qurğuları ilə Rusiya ərazisinə zərbə endirmək hüququnun verilməsini tələb edib.
Musavat.com “Politico” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova dilə gətirib.
“Biz öz ərazimizdəki və ya ondan kənardakı rus qoşunlarına zərbə vurmağımızdan asılı olmayaraq özümüzü müdafiə edirik. Biz bunu etməyə çalışdıq. Amma təbii ki, müəyyən məhdudiyyətlər var”, - diplomat bildirib.
Onun sözlərinə görə, Kiyev Qərbdən hava hücumundan müdafiə sistemlərinin hazırkı tədarük həcmindən razı deyil. Oksana Markarova onları artırmağa çağırıb.
Sözügedən hava hücumundan müdafiə sistemlərinə gəlincə, Qərb dairələri indi getdikcə daha çox texnikanın Kiyevə fiziki ötürülməsini deyil, Qərb ölkələrinin ərazisində hava hücumundan müdafiə sisteminin quraşdırılmasını müzakirə edirlər. NATO-nun hərbi rəsmiləri hesab edirlər ki, sistemlər oradan Rusiya raketlərini vuracaq.
Musavat.com