2024-cü ilin yanvar ayında Ukrayna Azərbaycandan növbəti humanitar yardım partiyasını, o cümlədən bərpa işləri üçün 25 partiya enerji avadanlığını qəbul edib.
Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
"Tərəfdaşlarımıza bu yardıma görə minnətdarlığımızı bildiririk. Göndərilən avadanlıq Ukraynanın enerji şirkətləri tərəfindən rəqiblərin atəşinə məruz qalan obyektlərin bərpası üçün istifadə olunacaq. Görülən işlər enerji sisteminin stabil fəliyyətini dəstəkləməyə və istehlakçıların elektrik enerjisi və istilik təchizatına olan ehtiyacını qarşılmağa imkan verir", - Ukraynanın energetika naziri German Qaluşenko deyib.
Xatırladaq ki, yanvarın 11-də Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.
Bildirilib ki, 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin, 22 ədəd komplekt transformator məntəqəsi daxildir.
Qeyd edək ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.