Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, ötən gün Rusiyanın Krasnodar vilayətindəki Oktyabrski kəndi yaxınlığında Rusiyaya məxsus silah anbarına zərbə endirildiyini açıqlayıb. Bu zərbə nəticəsində İrana məxsus 400 “Şahed” kamikadze pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi bildirilir.
Musavat.com xəbər verir ki, “Forbes”in analitiki Devid Aksın sözlərinə görə, 2022-ci ildən bəri Rusiya İrandan 8000-dən çox kamikadze PUA alıb. Ukrayna Silahlı Qüvvələri bu zərbə ilə Rusiyanın müharibədə istifadə etdiyi "Şahed" dronlarının təxminən beş faizini məhv edə bilib.
Aks qeyd edir ki, 400 kamikadze dronunun məhv edilməsi Rusiya hücumlarının sürətini azalda bilər, lakin bu, yalnız müvəqqəti bir qələbədir. “Moskva həmişə Tehrandan daha çox dron ala bilər və eyni zamanda, bu PUA-lar Rusiyanın şərqindəki Tatarıstanda da istehsal olunur”, - deyə o vurğulayır.
Analitikin sözlərinə görə, ukraynalıların bu zərbəni necə endirdikləri hələlik bəlli deyil. Oktyabrski cəbhə xəttindən təxminən 140 mil uzaqda yerləşir və Ukrayna sursatları üçün əlçatan məsafədədir. Aksın sözlərinə görə, Ukrayna bu hücumda Qərbin uzaqmənzilli raketlərindən istifadə etməyib, lakin Ukrayna istehsalı olan Neptun qanadlı raketləri Rusiyanın cənubuna çata bilir və uzun mənzilli pilotsuz təyyarələr də belə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Eyni zamanda, hərbi analitik və tarixçi Mixail Jiroxov qeyd edir ki, Rusiya silah anbarlarına edilən bu cür hücumlar, Rusiyanın mərmi ehtiyatlarına qlobal təsir göstərməsə də, müəyyən döyüş sursatlarının qısa müddətli çatışmazlığına səbəb ola bilər.
Şahanə Rəhimli,
Musavat.com