Ukraynadan daha 30 uşaq ölkəmizə gətirilib

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilməsi işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə onların emosional vəziyyətlərinin stabilləşməsi təmin ediləcək.

Uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması üçün onların Şəki, İsmayıllı, Şamaxı şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl artıq 3 qrup üzrə 100-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

01.10.2023 09:15
490