Ukraynada müharibə 2026-cı ilədək davam edəcək – Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu (BVF) yeni proqnozunda Ukraynada müharibənin 2026-cı ilə qədər davam edəcəyini açıqlayıb.

Musavat.com Fondun saytında yayılan məlumata istinadən xəbər verir ki, ötən il hərbi əməliyyatların gələn ilin sonuna qədər davam etməsi mənfi ssenari üzrə nəzərdə tutulub.

Bu ilin ən pis ssenarisində BVF müharibənin 2026-cı ilin ortalarında başa çatacağına inanır. Fond Qərbin dəstəyi və enerji təhlükəsizliyi məsələlərində Kiyev üçün ciddi riskləri qeyd edir: “Ukraynadakı müharibə getdikcə artan iqtisadi, sosial və humanitar ziyana səbəb olmaqda davam edir. Enerji infrastrukturuna hücumlar ciddi iqtisadi zərər və itkilərə səbəb olub və proqnozlar çox qeyri-müəyyən olaraq qalır.

Müharibənin gələn il ərzində də davam edəcəyi, xərclərə təzyiq göstərəcəyi və əlavə maliyyə ehtiyaclarını açacağı gözlənilir”.

Müharibə Ukrayna hakimiyyətini müdafiə üçün 2025-ci il büdcəsinə əvvəlcə planlaşdırıldığından daha çox vəsait daxil etməyə məcbur edir.
Ciddi sosial və iqtisadi problemlər, eləcə də daha sərt səfərbərlik artıq ölkədə işçi qüvvəsi çatışmazlığına gətirib çıxarır. BVF hesab edir ki, 10,3 milyondan çox insan həm ölkə daxilində, həm də xaricində köçkün olaraq qalır. Eyni zamanda, ərzaq təhlükəsizliyi əhalinin beşdə birinə təsir edir.
Fondun proqnozuna görə, Ukraynanın borcunun ÜDM-ə nisbəti gələn il 100 faizi keçə bilər, 2029-cu ilə qədər isə mənfi ssenari olduqda, demək olar ki, 300 faizə yüksələ bilər.

BVF həmçinin Ukraynanın 2025-ci il üçün ÜDM artımı proqnozunu 2,5 faizə endirib. 2025-ci ildə inflyasiyanın müharibədən əvvəlki 9,4% səviyyəsinə bənzər 9 faiz olacağı proqnozlaşdırılır.

BVF Ukrayna hakimiyyətini vergi tədbirləri paketini dəstəkləməyə, G7 ölkələrini isə Kiyevi 50 milyard dollarlıq sabit çoxillik maliyyələşdirməyə çağırıb.

 

Musavat.com

24.10.2024 01:07
251