Ukrayna Rusiyanın raket anbarını vurdu: Partlayışlar bölgədə 3 ballıq zəlzələyə səbəb oldu

Ukrayna Silahlı Qüvvələri (AFU) pilotsuz təyyarələrin köməyi ilə Tver vilayətinin Toropets şəhəri yaxınlığında Rusiyanın ən müasir silah – raket anbarını vurub.

Musavat.com Rusiyanın Telegram kanallarına istinadən xəbər verir ki, hazırda həbsdə olan və Sergey Şoyqunun dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışan ordu generalı Dmitri Bulqakov 2018-ci ildə anbar istifadəyə veriləndə bəyan edib ki, bu obyekt hətta nüvə partlayışına da tab gətirmək iqtidarındadır.

Lakin sentyabrın 18-nə keçən gecə Ukrayna anbarı dronla vurub. Nəticədə yaranan partlayışlar bölgədə zəlzələ effektinə səbəb olub. Onlar Zəlzələ monitorinq sistemi tərəfindən qeydə alınıb: 2,8 bal gücündə ilk yeraltı təkanlar Moskva vaxtı ilə saat 03:56-da qeydə alınıb, sonra yeddi daha zəif yeraltı təkanlar olub - 2-dən 2,8-dək.

Regional hökumət Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının hücumundan sonra Toropets əhalisinin qismən təxliyə edildiyini açıqlayıb. İlkin məlumatlara görə, hücum nəticəsində 20 nəfər yaralanıb. 7 mindən çox yerli sakin şəhərdən çıxarılıb. Sakinlər şəhərin cənubunda yerləşən Qərbi Dvina və Staraya Toropa qəsəbələrinə köçürülür. Toropetsin girişi bağlanıb.

 

Musavat.com

18.09.2024 23:22
1289