Zaur Bayramlı: “Ukrayna üçün sülh yox, uzunmüddətli atəşkəs anlaşması daha sərfəlidir”
Amerikada yaşayan tanınmış jurnalist və diaspora nümayəndəsi Zaur Bayramlı Musavat.com-a açıqlamasında Ukraynanın mövcud müharibə şəraitində taktiki qələbəyə nail olmasının çətin, lakin strateji qələbəsinin mümkün olduğunu bildirib.
O hesab edir ki, yaxın aylarda imzalanacaq sənəd sülh yox, atəşkəs anlaşması olmalıdır.
“İndiki şərtlər daxilində sülh anlaşması Ukraynanı ərazi güzəştinə məcbur edəcək”, - deyə Bayramlı vurğulayıb.
Onun fikrincə, Ukrayna üçün ən uyğun variant uzunmüddətli atəşkəsdir.
“Ukrayna heç bir halda, Krım da daxil olmaqla, ərazi bütövlüyü prinsipindən geri addım atmamalıdır”, - Zaur Bayramlı əlavə edib.
Bayramlı Azərbaycanın timsalında uğurlu bir nümunənin mövcud olduğunu xatırladaraq bildirib ki, ölkəmiz yaranmış tarixi fürsətdən istifadə edərək öz torpaqlarını işğaldan azad edib. Onun sözlərinə görə, Ukrayna da oxşar strategiya ilə gələcəkdə işğal altındakı ərazilərini qaytara bilər.
Tanınmış jurnalist qeyd edib ki, Ukrayna hazırkı mərhələdə toparlanmalı, ölkədə geniş yayılmış korrupsiyaya son qoymalı və Avropaya iqtisadi-siyasi inteqrasiyanı gücləndirməlidir.
O, Ukraynanın Avropa İttifaqına üzvlüyünün NATO-ya qəbulundan daha real olduğunu vurğulayıb:
“Heç kimə sirr deyil ki, yaxın illərdə Ukraynanın NATO-ya qəbul edilməsi imkansızdır. Lakin müəyyən islahatlardan sonra Avropa Birliyinə üzvlüyü daha real görünür”.
Bundan başqa, Zaur Bayramlı Ukraynanın Böyük Britaniya, Türkiyə və İsraillə münasibətlərini daha da inkişaf etdirməsinin vacibliyini qeyd edib. O, bu ölkələrin hərbi-sənaye kompleksindən istifadə edərək Ukraynanın öz müdafiə sənayesini gücləndirməsinin və silah istehsalı sahəsində kifayət qədər inkişaf etməsinin vacib olduğunu deyib.
Putin sonrası dövr: tarixi fürsət
Zaur Bayramlı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətdən getdikdən sonra ölkədə siyasi kataklizmlərin baş verməsi qaçınılmaz olacaq.
“Həmin anda, Azərbaycanın işğaldan azad etdiyi torpaqlar kimi, Ukrayna da de-fakto Rusiyanın idarəçiliyi altında olan ərazilərini geri qaytara bilər”, - deyə o vurğulayıb.
Jurnalist bu prosesin minimum 5, maksimum 20 il ərzində reallaşa biləcəyini qeyd edərək bildirib ki, dövlətlərin tarixində bu, uzun müddət sayılmır. O, Ukraynanın sülh müqaviləsi imzalamağa razılaşacağı təqdirdə, müharibədən məğlub ayrılacağını və gələcəkdə öz ərazilərini geri qaytarmaq imkanlarının məhdudlaşacağını bildirib.
“İndi Ukraynanın əsas vəzifəsi dövləti gücləndirmək və strateji baxımdan qalib gəlmək üçün lazım olan addımları atmaqdır”, - deyə Bayramlı fikrini yekunlaşdırıb.
Musavat.com