Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb - FOTOLAR

Ukraynanın Rusiya ərazisinə - Kursk vilayətinə girməsi hazırda dünya mətbuatında geniş müzakirə olunur. İlk vaxtlarda adi reyd kimi qəbul edilən prosesin ciddi məqsədləri olan əməliyyat olduğu getdikcə daha aydın hiss olunur.

Musavat.com xəbər verir ki, politoloq Şahin Cəfərli baş verənlərin xüsusi hərbi əməliyyat olduğu fikrindədir: "Son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib. Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb. (Bu xəbərin yayılmasından sonra Avropa qaz bazarında qiymət bir az qalxdı.) Xeyli Rusiya əsgəri əsir düşüb.

Ukrayna ordusunun Sudja şəhərini də nəzarətə götürdüyü barədə təsdiq olunmamış məlumatlar var".

Politoloqa görə, Ukrayna siyasi-hərbi rəhbərliyi bu əməliyyatda 2 məqsəd güdə bilər: "Birincisi, Rusiya komandanlığını Donbasdakı qüvvələrinin bir qismini Kursk yanğınını söndürmək üçün geri çəkməsinə nail olmaq: Hazırda Donbasda - Pokrovsk istiqamətində Ukrayna üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya komandanlığı bu istiqamətdə ciddi perspektiv görərək rezervlərini buraya yönəldir və Ukrayna müdafiəçiləri üzərində təzyiqi hər gün artıraraq irəliləyir. 

1-40-780x450.jpg (39 KB)

Şahin Cəfərli

İkincisi, Rusiya ərazilərinin bir qismini, o cümlədən Kurskdakı strateji obyektləri (Sudja qazölçmə stansiyasından əlavə Kursk AES) ələ keçirərək orada möhkəmlənmək və beləliklə, danışıqlar masasında əlini gücləndirmək. Bu, çox çətin vəzifədir və müxtəlif amillərdən, o cümlədən Ukraynanın bu əməliyyata nə qədər qüvvə cəlb etməsindən asılıdır. Rusiya hazırda itirdiyi əraziləri (təxminən 100 kv km olduğu deyilir) geri almaq üçün bütün gücünü səfərbər edir.

Müharibənin gedişatını dəyişdirmək üçün Ukrayna tərəfindən qeyri-standart addımlara ehtiyac var və Kursk əməliyyatı bu tip addımlardan biridir. Nəticələri necə olacaq, onu demək çətindir. İzləyib, görəcəyik". 

Ukrayna ordusu isə iddia edir ki, Kursk vilayətində 2 günlük döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin 300-ə yaxın hərbi qulluqçusu əsir götürülüb.

Musavat.com xəbər verir ki, bu iddia foto və video görüntülərlə müşayiət olunur.

 

Musavat.com

07.08.2024 22:57
2038