Avqustun 14-də yayımlanan videolar Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində irəliləyişini və yeni mövqelər tutduğunu təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) son hesabatında bildirilib.
Bunun fonunda Rusiya mənbələri öz irəliləyişləri ilə bağlı təsdiqlənməmiş məlumatlar yayıb. Onların iddiasına görə, Rusiya qoşunları Srednıdan şimala və Şandriqolovo kəndində (hər ikisi Limanın şimal-qərbində yerləşir) 500 metr irəliləyib. Lakin ISW vurğulayır ki, bu bəyanatların heç bir rəsmi və ya vizual təsdiqi yoxdur.
Hesabatda qeyd olunur ki, rus qoşunları itirilmiş mövqeləri bərpa etmək və Ukraynanın hücumunu zəiflətmək məqsədilə müxtəlif istiqamətlərdə silsilə hücumlar təşkil edir.
Liman istiqamətində fəaliyyət göstərən Ukrayna briqadasının nümayəndəsi düşmən qüvvələrinin bölgədə əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, bu əraziyə cəlb olunan Rusiya bölmələri cəmi bir aylıq təlim keçib və iki-dörd nəfərlik kiçik atəş qrupları şəklində döyüşür.
Məlumatda o da vurğulanır ki, bu sektorda Rusiya pilotsuz uçuş aparatlarının məhv edilməsi zonası 15-20 kilometr dərinliyə qədər uzanır.
Musavat.com