Ukrayna London və Vaşinqtona elə bir SİYAHI təqdim etdi ki...

Ukrayna hakimiyyəti ABŞ və Böyük Britaniyaya Rusiyaya Qərb silahları ilə zərbələr endirmək üçün potensial hədəflərin siyahısını verib.

Musavat.com xəbər verir ki, bu məlumatı “Reuters” agentliyi adı açıqlanmayan avropalı diplomatlara istinadən yayıb.

Bu siyahının nə vaxt verildiyi açıqlanmır.

Hədəflər arasında hərbi komandanlıq və idarəetmə mərkəzləri, yanacaq və silah anbarları var. Böyük Britaniya hakimiyyətinin öz raketlərini Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı istifadə etmək üçün ABŞ-dan icazə alacağı gözlənilir. Fransalı diplomatik mənbə aydınlıq gətirib ki, Paris təkbaşına qərar verəcək.

Bununla belə, bəzi Amerika rəsmiləri öz silahları ilə hücumların perspektivinə şübhə ilə yanaşırlar. Onlar qeyd edirlər ki, Ukrayna artıq Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı dronlardan istifadə edir və Qərb raketləri “döyüşlərin dinamikasını dəyişmək üçün çox bahalı və sayca məhduddur”.

Qeyd edək bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiya ərazisinə dərin zərbələr endirmək iqtidarında deyil, çünki bunun üçün ona peyklərdən və uçuş missiyalarından kəşfiyyat məlumatları lazımdır. Rusiya lideri qeyd edib ki, NATO ölkələri hazırda təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir: əslində onlar Ukrayna münaqişəsinə birbaşa cəlb olunub-olunmamağa qərar verirlər. Putin bildirib ki, Moskva Rusiya üçün yaradılacaq təhdidlərə əsaslanaraq qərarlar verəcək.

Musavat.com

14.09.2024 18:57
548