Ukrayna ilə sülh yoxdur, sanksiyalar gəlir – ABŞ Senatı hərəkətə keçir

Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra bir sıra amerikalı qanunvericilər Moskvaya qarşı sanksiyaların intensiv şəkildə artırılması təşəbbüsü ilə çıxış edirlər.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" yayıb.
Agentlik xəbər verir ki, “Amerikalı senatorlar atəşkəslə bağlı danışıqlarda qeyri-kafi irəliləyişlə əlaqədar Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi təklifi ilə növbəti dəfə Konqresə müraciət ediblər”.

Qeyd edək ki, həm Rusiyaya, həm də onun ticarət tərəfdaşlarına qarşı ilkin və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini ABŞ Senatında 100 qanunvericidən 73-ü dəstəkləyir.
Hər iki partiyanın bir qrup senatoru layihəni aprelin əvvəlində təqdim ediblər. Onlar hesab edirlər ki, Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı Vaşinqtonun təkliflərini qəbul etmədiyi üçün sanksiyaların sərtləşdirilməsinə başlanmalıdır.

Prezident Donald Tramp isə “məcbur olsa” Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini deyir. O, Fox News telekanalına müsahibəsində deyib ki, zərurət yaranarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər, lakin bunu etməməyə üstünlük verir. Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən Tramp “məcbur olsam, buna əl atacağam” deyib: "Amma mən bunu etməməyi üstün tuturam".

Musavat.com

17.05.2025 08:41
990