Ukrayna daha iki şəhəri itirir

Zelenski: “ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə...”

Ukrayna ordusu Donetsk vilayətində daha iki şəhərini - Uqledar və Çasov Yarı itirə bilər.  Rusiya ordusunun irəliləməsinin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinin komandanlığı cəbhənin bu hissəsinə əlavə qüvvələr, o cümlədən elit briqadalar yerləşdirib. Bununla belə, Rusiya ordusu hücuma yeni əlavə qüvvələr göndərir. Hazırda tərəflər arasında qüvvələr nisbəti Rusiyanın xeyrindir.

Ruslar Avdeyevkanı ələ keçirdikdən sonra Uqledar şəhərinin də işğal altına düşə biləcəyi gözlənilən idi.    Ancaq Uqledar təpədə yerləşdiyi üçün onu  hücumla almaq çətindir. Buna görə də ruslar şəhəri şimaldan və cənubdan yan keçərək mühasirəyə almağa çalışırlar. Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, hazırda Novomixaylovka kəndi uğrunda  döyüşlər gedir.  Kəndin ələ keçirilməsi  Rusiya ordusunun Uqledar istiqamətinə  çıxışını təmin edəcək.

---.jpeg (186 KB)

 Avdeyevka istiqamətində Pobeda kəndinin işğalı  Novomixaylovkanın müdafiəsini xeyli çətinləşdirib. Rusiyalı hərbi blogerlərin yazdığına görə, mühasirəyə düşməmək üçün Ukrayna Silahlı Qüvvələrinin bölmələri  tezliklə Novomixaylovkanı tərk etməli olacaqlar.

Rusiya ordusu Kuraxovo kəndindən də Uqledar istiqamətində irəliləyir ki, bu da Ukraynanın  bir batalyonunu  mühasirəyə sala bilər.  Ukrayna hərbçiləri hesab edir ki, ruslar Uqledara arxadan Kuraxovo vasitəsilə daxil olmaq niyyətindədirlər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, onlar mühasirənin qarşısını almaq üçün hər şeyi edirlər.

Bu arada rus ordusu Baxmutdan hücumların intensivliyini kəskin şəkildə artırdı, nəticədə Çasov Yar şəhərinin də işğal təhlükəsi yaranıb. Cəbhənin bu istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ciddi sursat və canlı qüvvə çatışmazlığı ilə üzləşib. Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, Baxmut istiqamətində 1  ukraynalıya 7-10 rus hərbçisi düşür. Qərb mediası yazır ki, Çasov Yarı müdafiə edən ukraynalı döyüşçülər ruslar tərəfindən artan təzyiqlərlə üzləşirlər və özlərini tərk edilmiş hiss edirlər. Ukrayna Silahlı Qüvvələrinin bəziləri şəhərin tezliklə  işğal olunacağını gözləyirlər.  Rusiya mənbələrinin məlumatına görə, son bir neçə gün ərzində Çasov Yar istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bir neçə iri müdafiə istehkamı ələ keçirilib. Hazırda bu şəhərin inzibati sərhədləri ilə rus ordusunun mövqeləri arasındakı məsafə cəmi 500 metrə yaxındır. Rusiya ordusu bu əraziyə  Cənub Hərbi Dairəsindən desant qüvvələri göndərib.

xbn5eCc8vNc.jpg (365 KB)

Ukraynalı ekspertlərin fikrincə, son vaxtlar intensiv hava və artilleriya zərbələrinə məruz qalan  Xarkova da hücumlarının qarşısını almaq çətinləşib.  Mövcud məlumatlara görə, Rusiya Ukraynanın ikinci ən böyük şəhərinə hücuma hazırlaşır,  ətraf bölgələrə  yeni hərbi  birləşmələr və texnika gətirir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin komandanlığını Donbass cəbhəsindən Xarkova əlavə qüvvələr köçürməyə məcbur edib.  Ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri Çasov Yar və Uqledarı tərk edərsə, bu, Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan digər yaşayış məntəqələrinin, o cümlədən Slavyansk və Kramatorskın da itirilməsi ilə bağlı əlavə təhlükə yaradacaq.

 “ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri davamlı olaraq geri çəkiləcək”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “The Washington Post”a müsahibəsində deyib. Onun sözlərinə görə, Vaşinqtonun dəstəyi olmadan  Ukraynanın müdafiəsi asan olmayacaq.

“Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər silah-sursatı yoxdursa...”, - deyə Ukrayna rəhbəri vurğulayıb.

 Musavat.com  

30.03.2024 14:04
1954