Uğursuz estetik əməliyyat etdiyi iddia olunan cərrah DANIŞDI: "Soyundurun görün, nə fəsad var?"

Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.

Belə qurbanlardan biri də Bakı sakini, 42 yaşlı Günel Əhmədovadır (ad şərtidir).

Bizim.Media-ya müraciət edən anası Firəngiz Quliyeva bildirib ki, 9 aydır ki, qızı əməliyyatın fəsadlarına görə xəstəxanalarda və həkimlərdə qalıb.

"Cərrahiyyə yox, terror"

Ananın iddiasına görə, "Badam" klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva qızının üzərində əməliyyat aparıb:

"Qızım bu il fevral ayının 27-də sinə dikləşdirmə və odinoplastika əməliyyatı üçün Səkinə Xudiyevaya müraciət edib. Səhər 9-a təyin olunan əməliyyat axşam 5-də bitib. Qızımın üzərində bir gündə bir neçə cərrahiyyə əməliyyatı aparıb.

Qızıma demədən sinə dikləşdirməsi əvəzinə böyük implantlar yerləşdirib. Hansı ki, həmin nahiyələrdə hematoma var idi. Özü də qızımda xoşxassəli şişlər və kistalar olub. Ona implant yerləşdirilməli deyildi. 55 kq çəkidə olan qızın kürəklərindən piy götürüb, liposaksiya edib.

Hər yeri kəsik-kəsikdir. Əməliyyatdan 3 gün sonra implantlar partlayıb və yerindən irin axmağa başlayıb. Ağrılardan "göyə çıxır". Nə qədər ağrıkəsici içmək olar? İş qüvvəsini itirib, qolunu qaldıra bilmir.

İki dəfə qızım ölümdən dönüb. Müalicələrinə 3 min manatdan çox pul gedib. Hələ də əməliyyatın fəsadlarını aradan qaldıra bilmirik".

"İmplantlar çıxarılmasa, xərçəngə çevriləcək"

Firəngiz Quliyeva deyib ki, qızı yenidən əməliyyat olunmalı, implantlar çıxarılmalıdır. Bunun üçün isə 10 min manat pul lazımdır:

"Bir neçə klinikaya üz tutmuşuq. Həkimlər deyir ki, implantlar çıxarılmasa, xərçəngə çevriləcək. Tələbimiz qızımın sağlamlığına qovuşması, əməliyyat üçün Səkinə Xudiyevaya ödədiyimiz 7 500 manatı geri almaqdır.

Dəfələrlə onunla görüşmək üçün "Badam" klinikasına getmişik. Yaxına buraxmırlar, polis çağırıb bizi küçəyə çıxarırlar. Klinikanın sənəd üzərində rəhbəri Kamran Məmmədovun da qəbuluna getmişik. İlk dəfə pulun bir hissəsinin qaytarılacağını söylədi. Növbəti dəfə gedəndə yerində tapa bilmədik, gizləndi.

Daha sonra qəbul etməyib polis çağırdı. Sübut və faktlarla hüququmuzu istəyirik. Niyə polislə bizi hədələyir? Mənə nə var ki, klinikanın rəhbəri Şamo Fərzəlibəyov böyük və pullu adamdır?"

Dövlət Vergi Xidməti klinikada çoxsaylı pozuntular aşkarlayıb?

Şikayətçi qeyd edib ki, əməliyyatın pulu - 7 500 manat klinikanın kassasına deyil, otaqda Səkinə Xudiyevanın özünə verilib. Qəbz isə təqdim olunmayıb:

"Ümumiyyətlə, "Badam" klinikası "quldurxana"dır. Ora əməliyyata gələn xəstələr pulu otaqda həkimin özünə verirlər. Yalnız analizlərin və digər müayinələrin pulu kassaya verilir. Bununla bağlı Dövlət Vergi Xidmətinə də müraciət etdik.

Qurum təsdiqlədi ki, vergi ödəmələrində və kassa mədaxillərində klinikanın çoxsaylı pozuntuları var. Klinikanın maliyyə müdiri şikayətlərimizdən sonra əvvəlcə 5 min manat qaytaracaqlarını dedi. Sonra bu məbləği 4 700 manata endirdi və bildirdi ki, 300 manat da mediaya vermişəm.

Nə, hansı media? Bu nə deməkdir? Üstəlik, niyə pulumuzdan çıxırlar? Biz də razılaşmayıb, bütöv məbləğin geri qaytarılmasını tələb etdik".

"Qızın cinsiyyət orqanını kəsib..."

Ananın iddiasına görə, Səkinə Xudiyeva çalışdığı bütün klinikalarda səhv və uğursuz əməliyyatlar icra edib. Dəfələrlə onunla bağlı məhkəmələrdə iş açılıb:

"Kəpəz hospital"da da bir qızı komaya salıb. Bundan əlavə Cəmilə adlı qızın cinsiyyət orqanını kəsib. Qız biabırçı vəziyyətdədir. Bizim kimi nə qədər zərərçəkənlər var".

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Nizami Rayon Prokurorluğuna müraciət ediblər. İşlə bağlı araşdırma başlayıb və zərərçəkən tibbi ekspertizaya göndərilib. Tibbi ekspertizanın rəyində isə Səkinə Xudiyevanın əməliyyatı düzgün icra etdiyi bildirilib:

"İndiyədək tibbi ekspertizanın rəyini də bizə verməyiblər. Bu qədər kor olmaq olar, anlamıram. Əgər əməliyyat düz icra edilibsə, biz dəliyik ki, küçələrə düşək və ya kimlərdənsə söz götürək?

Bu azmış kimi sənədlərdə əməliyyat pulunun guya klinikanın kassasına ödənildiyi və kassa sahibinin adının qeyd olunduğu yazılıb. Həmin kassa sahibinə zəng edib soruşuram ki, biz sənə nə vaxt pul vermişik? Cavab verməyib, danışığı sonlandırır. Belə də hər yerdə kamera sistemidir. Sübut üçün niyə kameranı açıb baxmırlar?"

Firəngiz Quliyeva Nizami Rayon Prokurorluğunun apardığı araşdırmadan narazı olduğunu bildirib.

"Qadını soyundurun görün, nə fəsad var?"

Məsələ ilə bağlı Bizim.Media "Badam" klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva ilə əlaqə yaradıb. Şikayətçi tərəfin iddiaları ilə razılaşmayan cərrahdan absurd bir açıqlama gəlib:

"Siz qadını soyundurun, baxın görün nə fəsad var?" - deyən həkim sözlərinə belə davam edib:

"Bütün Azərbaycanın o xanım haqqında məlumatı var. Bilirlər ki, şarlatandır. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişik. Məlum olub ki, neçə belə həkimi şantaj edir. Onun üçün tədbir görüləcək", - deyə Səkinə Xudiyeva fikirlərini belə sonlandırıb.

Baş Prokurorluqdan isə saytımıza bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

Qeyd edək ki, plastik cərrah Səkinə Xudiyevanın uğursuz əməliyyatları ilə bağlı zaman-zaman mətbuatda qalmaqallı şikayətlər dərc olunub.

Ötən ilin fevralında Səkinə Xudiyevanın tanınmış jurnalist Samirə Səfərəliyeva üzərində apardığı uğursuz əməliyyatı ilə bağlı məsələ də qalmaqala səbəb olmuşdu. Jurnalist başına gələnləri mediada ictimailəşdirmişdi.

Bu ilin martında isə Səkinə Xudiyeva başqa bir pasiyent tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, həkim təkcə "Badam" klinikasında çalışmır. Paralel olaraq əməliyyatlarını "Kəpəz" və "Real Hospital"da da icra edir. Amma həkimin harada çalışmasından asılı olmayaraq uğursuz əməliyyatları davam edir...

"Badam" klinikasına gəlincə...

"Badam" klinikasının da adı bir neçə qalmaqalda çəkilib. Bu ilin avqustunda xəstəxananın həkimi Günel Ağayeva səhv diaqnoz qoyaraq jurnalistin atasını kor edib.

2021-ci ildə də isə bu klinikada biabırçı hadisə yaşanıb.

Məlumat üçün bildirək ki, "Badam" klinikasının formal rəhbəri Şamo Fərzəlibəyovdur. Hansı ki, o, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Ağayevlə qudadır. Şamo Fərzəlibəyovun bundan əlavə "Caspian International Hospital" və "Badam Medical Center" klinikaları da var.

Bəs "Badam" klinikasının sənəd üzərində rəhbəri Kamran Məmmədov kimdir?

Kamran Məmmədovun atası Abid Məmmədov bir vaxtlar bu "Caspian International Hospital" və "Badam Medical Center"lə bağlı ortaq biznesin əsas siması olub. Amma bütün işlərini oğluna həvalə edib.

14.10.2024 21:17
1040