Uğurlu ixtisas seçimini necə etməli - ekspert rəyləri 

Ekspert: “Abituriyentlər öz maraq və bacarıqlarını düzgün müəyyən etməlidirlər”

Dövlət İmtahan Mərkəzi ixtisas seçiminin keçiriləcəyi tarixi açıqlayıb. Belə ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9-19 avqust tarixlərində aparılacaq. 

İxtisas seçimi qəbul imtahanının ən vacib mərhələsi sayılır. Bu il abituriyentlər arasında rəqabətin güclü olacağı deyilir. Adətən valideynlər ixtisas seçimi zamanı övladlarının istəyi və bacarığına uyğun deyil, öz arzuladıqları ixtisaslar üzrə seçim edirlər. Ekspertlər isə bunun yanlış olduğunu bildirirlər. Onu da qeyd edək ki, son  illərdə xaricdə oxumaq istəyən gənclərin sayı artır. Bu zaman hansı universiteti seçək, hansı ixtisası seçək deyə sorğu-sual edirlər. 

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Mənə də valideyn və abituriyentlər tez-tez sual verirlər ki, xaricdə və ölkəmizdə hansı universitetlər yaxşıdır, hansı ixtisası seçək? Hansı universitetin daha yaxşı olduğunu müəyyən etmək bir çox faktora bağlıdır və şəxsi prioritetlərə görə dəyişə bilər. Ancaq ümumiyyətlə, yaxşı bir universitet seçərkən bu meyarları nəzərə almaq vacibdir:

Akademik proqramlar: universitetin təklif etdiyi ixtisaslar və bu ixtisasların keyfiyyəti. Məsələn, dünya miqyasında tanınmış universitetlər (məsələn, Harvard, MIT, Oxford) bəzi sahələrdə liderdir.

Tədqiqat imkanları: universitetin tədqiqat infrastrukturu və tələbələrə təqdim etdiyi tədqiqat imkanları. Güclü tədqiqat imkanları olan universitetlər tələbələrə innovativ layihələrdə iştirak etmək imkanı yaradır.

Professor-müəllim heyəti: universitetin müəllim heyətinin peşəkarlığı və elmi nailiyyətləri. Təcrübəli və tanınmış müəllimlərdən dərs almaq tələbələrin təhsil keyfiyyətini artırır.

İşəgötürmə və məzun uğurları: universitetin məzunlarının işəgötürmə nisbətləri və karyera inkişafı. Əgər bir universitetin məzunları yüksək işəgötürmə nisbətinə malikdirsə, bu, universitetin təhsil keyfiyyətinin yüksək olduğunu göstərə bilər.

Tələbə dəstəyi və resurslar: universitetin tələbələrə təqdim etdiyi dəstək xidmətləri və resurslar. Bunlar akademik məsləhət, karyera xidmətləri, kitabxana imkanları və tələbə klublarını əhatə edə bilər.

Beynəlxalq reytinqlər: universitetlərin dünya miqyasında tanınmış reytinqlərdə (məsələn, QS World University Rankings, Times Higher Education) necə qiymətləndirildiyi.

Azərbaycan daxilində isə Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri yüksək keyfiyyətli təhsil təklif edən universitetlər arasında tanınır. Bu universitetlər, müxtəlif sahələrdə yüksək keyfiyyətli tədris proqramları və tədqiqat imkanları ilə fərqlənir".

Ekspert ixtisas seçimində diqqət edilməli məqamları da açıqlayıb: “Abituriyentlər öz maraq və bacarıqlarını düzgün müəyyən etməlidirlər. Hansı fənlərə, sahələrə maraqlısınız? Bu suallara cavab tapmaq ixtisas seçimində sizə kömək edəcək. Gələcək perspektivlər düzgün qiymətləndirilməlidir. Seçilən ixtisasın gələcəkdə hansı imkanlar təqdim edəcəyini düşünmək lazımdir. İş imkanları, karyera inkişafı və gəlir potensialı kimi faktorları nəzərə alınmalıdır. Abituriyentlər təhsil müəssisələrinin keyfiyyətini də araşdırmalıdırlar. Hansi universitetlər və ya kolleclər bu ixtisas üzrə daha yaxşı təhsil verir? Müəssisələrin reytinqi, tədris proqramları və məzunların uğurları haqqında məlumat toplayın. Məsləhətçilərlə, mütəxəssislərlə işləyin, müəllimlərlə, məzunlarla və sahə üzrə mütəxəssislərlə danışaraq onların təcrübələrindən yararlanın".

Təhsil eksperti hesab edir ki, abituriyentlərin seçdikləri ixtisasın təcrübə və ya təcrübə proqramları təqdim edib-etmədiyini yoxlamaları onlara böyük üstünlük qazandıracaq: “Praktiki təcrübə nəzəri biliklərinizi möhkəmləndirə və karyera perspektivlərinizi genişləndirə bilər. Öz şəxsi dəyərlərinizi və prioritetlərinizi nəzərə alın. İşinizin həyatınıza necə təsir edəcəyini və şəxsi dəyərlərinizə uyğun olub-olmadığını düşünün. Uzunmüddətli məmnuniyyət üçün şəxsi prioritetlər önəmlidir. Bu addımlar sizə daha məlumatlı və əsaslandırılmış ixtisas seçimi etməyə kömək edəcək”.

Qeyd edək ki, əksər valideynlər uğurlu ixtisas seçimi etmək üçün ekspertlərdən ödənişli məsləhətlər də alırlar. Bu da valideynlərə təqribən 100-200 manata başa  gəlir. Bəzən valideynlər bu məbləğin çox olmasından da şikayətlənirlər.   

Fərid Pərdəşünas

Fərid Pərdəşünas

İT mütəxəssisi Fərid Pərdəşünas isə süni intellekt vasitəsilə valideynlərə ixtisas seçimi etməyin asan yolunu göstərib: “Artıq Azərbaycanda abituriyentlər üçün ixtisas seçimi edə bilən süni intellekt yaradılıb. Platformanın mahiyyəti ondan ibarətdir ki, abituriyent topladığı bala, istədiyi universitet və ixtisaslara, eyni zamanda gələcəkdə kim və nəçi olmasına uyğun süni intellektdən kodlaşdıracağı 15 ixtisas təklifini ala bilir. Al Dövlət İmtahan Mərkəzinin ötən illə bağlı elan etdiyi formalaşmış balları, mövcud yerləri, ötən və builki tələbi nəzərə alaraq hesablama aparır və abituriyentə ən uyğun 15 ixtisas seçimini verir. Əvvəllər bunu pulla müəllimlər edirdi, görünür, süni intellekt artıq onların buradan da işinə göz dikib. Platformanın müəllimdən üstün cəhəti odur ki, real zamanda məlumat yığır, ona müraciət edən tələbələrin ballarını və istəklərini analiz edərək, hazırda fakültələrə olan tələbi hətta DİM-dən belə tez bilir. Ətrafınızda abituriyentlər varsa, rəydə link bölüşəcəm, göndərin dəstək olaraq faydalasınlar. Hazırda qeydiyyat başlayıb və son 5 ixtisas AI tərəfindən pulsuz təqdim olunur. Yoxlamaq üçün nəzər sala bilərsiniz. Tam siyahı üçün isə minimal ödəniş etmək lazımdır və bu ixtisas seçimi başlayanda aktiv olacaq. Həmin ödənişə 5AZN endirim üçün isə “KODLA50" promokodu istifadə edin. Cəmi 45 manata "full"-tam ixtisas seçimi etmək olur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

30.07.2024 10:23
3801