Üçüncü, yoxsa dördüncü respublika? - Siyavuş Novruzov polemika açdı!

Ötən həftə-20 oktyabrda Milli Məclisin keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməliyik. O bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: “Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.

Siyavuş Novruzov həmkarının sözügedən fikirləri ilə bağlı yazı yazıb və Musavat.com-a göndərib.

Həmin yazını təqdim edirik:

"Son günlər mətbuatda Azərbaycanda “4-cü Respublika”nın mövcudluğu barədə səslənən fikirlər parlamentdə və cəmiyyətdə birmənalı qarşılanmayıb, ciddi müzakirələrə səbəb olub. Bu barədə fikirlər səslənərkən Azərbaycanın Fransa modeli ilə də müqayisəsi aparılıb və həmin model ölkəmiz üçün nümunə kimi göstərilib. Bu baxımdan hesab edirik ki, cəmiyyətdə çaşqınlıq yaradan bu məsələyə hüquqi baxımdan aydınlıq gətirilməlidir.

Tarixən monarxiya və respublika idarəetmə formalarının bir-birini əvəz etdiyi və hazırda respublika idarəetmə formasının qarışıq modelinin mövcud olduğu Fransanın nə siyasi rejimi, nə dövlət idarəçiliyi, nə də ki dövlət quruluşu modeli qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan üçün uyğun deyil və ölkəmiz üçün nümunə rolunu oynaya bilməz. Bu, xüsusilə də Fransa siyasi rejiminin (demokratiyanın) böhran yaşadığı və ciddi islahatların keçirilməsinə ehtiyac olduğu ağır siyasi vəziyyət fonunda, habelə son illər bu dövlətin Azərbaycana qarşı açıq-aşkar nümayiş etdirdiyi ədalətsiz, haqsız və qərəzli mövqeyi, habelə ikili standartlar siyasəti nöqteyi-nəzərindən yolverilməzdir.

Digər tərəfdən tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi vardır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb.

​Bu baxımdan hesab edirik ki, ölkəmizin dövlətçilik tarixi ilə bağlı bu cür fikirləri səsləndirməzdən, eləcə də ölkəmizin Fransa kimi qeyri-sabit siyasi rejimə və fərqli idarəetmə ənənələrinə malik dövlətlə müqayisə etməzdən öncə mütləq qaydada dövlət və hüquq nəzəriyyəsinə, konstitusiya hüququna, habelə Azərbaycanının dövlətçilik tarixinə diqqət yetirilməlidir.

Bunun üçün ilk növbədə “idarəetmə forması” və “respublika” anlayışını nəzərdən keçirək. İdarəetmə forması – dövlət başçısının, ali qanunverici və icra hakimiyyəti orqanlarının yaradılmasının və qarışılıqlı əlaqəsinin sistemidir. Dövlətin yaradılmasının və fəaliyyətinin konstitusion-hüquqi tənzimlənməsinin tədqiqində idarəetmə forması başlıca rol oynayır. Ənənəyə əsasən dövlət başçısının statusundan asılı olaraq idarəetmə formasının iki növü: monarxiya və respublika idarəetmə formaları fərqləndirilir.

​Respublika (lat. res publica, res - iş, publicus – ictimai, ümumxalq) idarəetmə forması dövlət hakimiyyətinin ali orqanlarının xalq tərəfindən seçildiyi və ya xüsusi nümayəndəlik institutları tərəfindən müəyyən müddətə formalaşdırıldığı və seçicilər qarşısında tam məsuliyyət daşıdığı idarəetmə formasıdır. Bu idarəetmə formasının müxtəlif meyarlar üzrə bölgüsü aparılır. Bunlara parlament respublikası, prezident respublikası, qarışıq respublika, sovet respublikası, xalq respublikası, demokratik respublika, aristrokratik respublika, islam respublikası, federativ respublika və s. misal göstərmək olar.

İndi isə qısaca olaraq Azərbaycanının dövlətçilik tarixi ilə bağlı faktlara nəzər salaq.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi. Bununla da müsəlman Şərqində ilk demokratik parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan olundu. İlk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkə sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi qəbul edildi və dövlət quruculuğu sahəsində digər tədbirlər görüldü. Bir sözlə, Azərbaycanda demokratik prinsiplərə əsaslanan parlament respublikası idarəetmə formasının əsası qoyuldu və bu idarəetmə forması 1920-ci ilə qədər davam etdi. Həmin dövrü “Birinci Respublika” dövrü adlandırırıq.

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı. Azərbaycan Sovet Sosialist Respublikası adlanan sovet respublikası idarəetmə forması yaradıldı. Bu dövr ərzində, daha dəqiq qeyd etsək 1921 (1925-ci ildə yeni redaksiyada qəbul edildi), 1927, 1937 və 1978-сi illərdə Azərbaycan SSR-də 4 konstitusiya qəbul edildi. Sovet respublikası idarəetmə forması bütün məhdudiyyətlərə rəğmən yeni idarəetmə forması olaraq Azərbaycan tarixində “İkinci Respublika” dövrü kimi tanındı.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etdi. 1991-ci il oktyabrın 18-də həmin Bəyannaməyə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan edən Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu Konstitusiya Aktı ilə dövlət quruluşunun, siyasi və iqtisadi quruluşun əsasları təsis edildi, Azərbaycanın hakimiyyətin bölgüsü prinsipinə əsaslanan müstəqil, dünyəvi, demokratik, unitar dövlət olması təsbit olundu. Konstitusiya Aktı həmçinin suveren hakimiyyətin Azərbaycan xalqına məxsus olduğunu, bu hakimiyyətin bilavasitə referendum və seçki hüququ əsasında seçilmiş nümayəndələr vasitəsilə həyata keçirildiyini, qanunun aliliyinə təminat verildiyini və digər demokratik müddəaları özündə əks etdirdi. Bu müddəalar daha sonra geniş formada Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapdı. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda yeni, prezident respublikası idarəetmə forması ilə “Üçüncü Respublika” dövrü başlandı. Bundan sonrakı dövrdə Azərbaycanda dövlət idarəçiliyinin formasında hər hansı dəyişiklik olmamışdır.

Bununla yanaşı qeyd olunmalıdır ki, 1991-ci ildə xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi, ölkəni parçalanmaq həddinə çatdırdı. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı və 1993-cü il iyunun 15-də onun Ali Sovetinin sədri seçilməsi ilə ölkədə vəziyyət dəyişməyə başladı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası istiqamətində əsaslı islahatlar aparıldı. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı.

Bu inkişaf modeli Ulu Öndər siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən qəbul edilmiş fərman və sərəncamlar, dövlət proqramları, strategiyalar davamlı inkişafa, çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqinə əlverişli şərait yaradır. Hazırda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində qazanılan, tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz Azərbaycanın nə dərəcədə sarsılmaz dövlət olduğunu, xalqımızın əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Yuxarıda qeyd olunan tarixi faktları ümumiləşdirərək qeyd etmək lazımdır ki, Azərbaycanın respublika tarixində ümumilikdə 5 konstitusiya, 1 İstiqlal Bəyannaməsi və 1 Konstitusiya Aktı qəbul olunmuşdur. Xüsusilə vurğulanmalıdır ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətində də konstitusiya qəbul edilməmiş, burada ali normativ hüquqi akt qismində İstiqlal Bəyannaməsi çıxış etmişdir. Həmçinin qeyd olunmalıdır ki, parlament respublikası idarəetmə formasına malik olan İsrail və San Marino kimi müasir dövlətlərdə də hazırda konstitusiya mövcud deyildir. Belə ki, İsraildə konstitusiya rolunu həm dövlətin demokratik mahiyyətini, həm də parlament hakimiyyətini tənzimləyən “Əsas Qanunlar” toplusu oynayır. 1950-ci ildə İsrail parlamenti konstitusiya qanunu qüvvəsinə malik olan qanunları hissə-hissə qəbul etməyə qərar verdi. Hazırda İsraildə mövcud olan “Əsas Qanunlardan” birincisi – “Knesset (parlament) haqqında” Qanun 1958-ci ildə qəbul olundu. Sonra daha 10 Əsas Qanun qəbul edildi.

Bununla yanaşı, San-Marino bildiyimiz konstitusiyaya malik deyildir. Burada mövcud ali qanun iki normativ aktdan ibarətdir - “San Marino Respublikasının Qanunvericilik Statutu” (Leges Statutae Republicae Sancti Marini, 1600-cü il) və “San Marino dövlət quruluşunun əsas prinsipləri və vətəndaşların hüquqları haqqında Bəyannamə” (1974-cü il). San Marino Respublikasının Qanunvericilik Statutu müstəqil dövlətlər tərəfindən istifadə edilən ən qədim qanunlar toplusu hesab olunur. Latın dilində yazılmış bu Statut altı kitabdan ibarətdir. Birinci kitab şuraların, məhkəmələrin və müxtəlif icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən 62 maddədən ibarətdir. Qalan beş kitab cinayət və mülki hüquq, hüquqi prosedurların və məhkəmə tədbirlərinin təsviri var.

Beləliklə, qeyd olunanlar bir daha sübut edir ki, respublikanın yaranmasını məhz konstitusiyanın qəbulu ilə şərtləndirmək nəzəri, praktiki və hüquqi cəhətdən düzgün hesab oluna bilməz.

​Sonda qeyd etmək istərdim ki, hüquqi və tarixi faktlara əsaslanaraq, hazırda ölkəmizin “Üçüncü Respublika” dövrünü keçməsi rəsmi dövlət informasiya mənbələrində də öz təsdiqini tapır".

Siyavuş Novruzov,
MM-in Regional məsələlər komitəsinin sədri

25.10.2023 16:46
1203