Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Faiq Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il avqustun 18-də Ucar rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə istintaqı zamanı Faiq Qurbanov elan olunmuş ittihamla özünü təqsirli bilməklə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina edib. O, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərib ki, Moskva şəhərində olarkən mərhum anası onun mobil telefonuna səhvən intim məzmunlu mesaj göndərib. Bundan sonra Faiq anasının kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib.
Bu məsələni aydınlaşdırmaq və şübhələrin öz təsdiqini tapdığı halda, Şəlalə Qurbanovanı yaşadığı evdən çıxarmaq məqsədilə 17 avqust 2023-cü il tarixində Rusiyanın Moskva şəhərindən Azərbaycana, Bakı şəhərinə qayıdıb, sonra 18 avqust 2023-cü il tarixdə, saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə qadının tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndində yerləşən evinə gəlib. O, Şəlalə Qurbanovanın yatdığı otağa daxil olub, həmin vaxt yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Qadın isə şəxsi həyatı ilə bağlı heç kimə hesab verməyəcəyini deyərək oğlunun üzünə şillə vurub.
Daha sonra Faiq əsəbiləşib, hər iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb döşəmə üzərinə yıxaraq boğan zaman qadın ona müqavimət göstərməyə çalışıb. Bu zaman o, döşəmənin üzərində olan mobil telefona enerji yükləmək üçün istifadə olunan ağ rəngli naqili götürüb qadının boğazına keçirərək sıxıb. Nəticədə Faiq Şəlalə Qurbanovanı boğaraq qətlə yetirib.