TV-lərin o proqramlarla bağlı yarımçıq qərarı...

 

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib. Bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər-ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

“Biz sosial veriliş deyəndə nəyi nəzərdə tuturuq? Kənddən, kəsəkdən unudulmuş, atılmış, cəmiyyət üçün yararsız adamları efirə çıxarmaq sosial problemi həll etmək deyil axı. Ona görə bu verilişlərin adını dəyişmək lazımdır”. Bunu Bakupost.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül efirlərimizdə ailə-məişət mövzusundan bəhs edən verilişlərin cəmiyyəti uçuruma apardığını bildirib: 

“Şapalaqla üz qızarda-qızarda, yalan danışa-danışa hara kimi gedəcəyik? Prinsip etibarilə söhbət o verilişlərin efir vaxtından deyil, efirdəki rüsvayçı, biabırçı hallardan getməlidir. Əlaqədar dövlət strukturları bu haqda niyə danışmırlar?! Əgər bir rayonun məişət, sosial problemini hansısa veriliş həll edirsə, onda onlar rayonda niyə oturublar? Bütün bu məsələlər kompleks həll edilməlidir”.

Amma verilişləri bağlamaq efiri qapatmaq deməkdir. Bəs çıxış yolu nədir?

Oxu.az - Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

Qulu Məhərrəmli: “Yayım vaxtının dəyişdirilməsi heç nəyi həll etmir”

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb.  Qulu Məhərrəmli deyib ki, bu gün ciddi şəkildə tənqid olunan şou verilişləri və onların aparıcıları ilə bağlı atılan addımlar çox həssaslıqla qarşılanır: “Bu məsələdə təbii ki, televiziyaları da başa düşmək lazımdır. Ona görə ki, birdən-birə çox kəskin addım atmaq mümkün deyil. Ona görə ki, veriliş istehsalı xeyli vaxt aparır, xüsusi struktur dəyişikliyi, kadr məsələsi tələb olunur və eləcə də verilişlərin yayım cədvəlində oturması, saatın hesablanması, işçi heyətin seçilməsi, onların vəzifə bölgüləri və sairə, bunların hamısı xeyli zaman aparır. Yayım vaxtının dəyişdirilməsi, hesab edirəm ki, heç nəyi həll etmir. Həmin verilişlərin öz aparıcıları var, yəqin ki, auditoriya yenə də onu tapıb baxacaq. 

Burada önəmli olan televiziyaların özünün o proqramlara yanaşması məsələsidir. Yəni onların konsepsiyası həmin şəkildə qalır, yoxsa hansısa dəyişikliyə məruz qalacaq, aparıcı işi o üslubda qalacaq, yoxsa dəyişiləcək -  bunlar həll olunmalıdır. Bir sözlə, daha çox ciddi konseptual məsələlər, yanaşma, məqsəd, verilişin elementlərinin müəyyənləşdirilməsi, aparılma tərzi və sairə, bunların  hamısı bir yerdə, kompleks şəkildə həll olunmalıdır. 

Ola bilər ki, verilişlərin vaxtının dəyişdirilməsi həm də bir sınaq məqsədilə həyata keçirilir. Bu məsələ özünü doğruldacaq, ya yox, bu, artıq televiziyanın strategiya və taktika məsələsidir. 

Təbii ki, biz düşünürük ki, bir qədər fərqli məzmunda, formada olan şouların ərsəyə gətirilməsi daha məqsədəuyğundur. Çünki adları çəkilən aparıcılar bəlli bir obrazdır. Onlar harada görünsələr, yenə həmin effekti yaradacaqlar. Bu baxımdan televiziyalar bununla bağlı ciddi düşünməlidir". 

Əhməd Qəşəmoğlu: “İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir”  Pravda.az

Əhməd Qəşəmoğlu: “Həmin verilişləri birdən-birə bağlamaq gərginlik yarada bilər”

Sosioloq Əhməd Qəşəmoğlu da qeyd edib ki, verilişləri birdən-birə tam bağlamaq tamaşaçı auditoriyası arasında gərginliyə səbəb ola bilər: “Əlbəttə ki, kəskin dəyişikliklər etmək həmişə gərginlik yaradır. Çünki əhalinin bir hissəsi doğrudan da bu verilişlərə aludə olub. Onları müəyyən qədər maarifləndirmək, özünün rəyinin formalaşmasına kömək etmək lazımdır. Buna görə də hesab edirəm ki, bu məsələləri tədricən həyata keçirmək lazımdır. Beləliklə, qeyd etdiyim kimi, verilişləri birdən-birə bağlamaq müəyyən tamaşaçı təbəqəsi arasında gərginliyə səbəb ola bilər. Lakin dərhal nə etmək olar? Tədricən həmin verilişlərin içərisindən şıltaq, gözdən yaş axıdan, ucuz sensasiyaları çıxarıb, yerinə keyfiyyət dəyişikliyi etmək olar. Yəni tədricən keyfiyyətli, mararifləndirici, əxlaqi dəyərləri aşılayan yönə istiqamətləndirmək olar”.

Sosioloq çıxış yolu ilə bağlı da öz təkliflərini bildirib: “Çıxış yolu nədədir? Həmin verilişlərdə əsasən neqativ tərəflər göstərilib, neqativ, ürəkağrıdan məsələlərdən danışılıb. Amma indi həmin verilişlərdə nümunəvi ailələrdən, gənclərdən də danışmaq olar. Niyə mərsiyə demək həmişə dəbdə olmalıdır? Yəni qapatmaq çıxış yolu deyil. 

Həmçinin televiziya işçilərini yenidən hazırlamaq lazımdır. Hazırda bu cür verilişlər bizə lazım deyil. Biz televiziya işçilərini yenidən hazırlamalıyıq ki, onlar əxlaqi, mənəvi dəyərlər aşılayan, ölkədə sosial, hüquqi məsələlərlə bağlı problemləri ağlaya-ağlaya deyil, daha çox maarifləndirərək həll etsinlər. Aparıcıların özləri ilə yaxından söhbət etmək, onların dünyagörüşünü dəyişmək, onlara əlavə köməkçilər vermək hesabına verilişlərin xarakterini dəyişmək olar. 

Beləliklə, ölkədə televiziya sahəsində ciddi işlər görmək lazımdır. Bizim indiki vaxtda televiziya kanallarımızla bağlı yeni, elmi əsaslarla hazırlanmış, xalqımızın mənəviyyatının daha da zənginləşdirilməsinə, tərəqqimizin yüksəlməsinə, qələbələrimizi daha məzmunlu vəsf edilməsinə, möhkəmlənməsinə, daha keyfiyyətli yeni nəslin yetişməsinə kömək edən televiziya platforması hazırlamağımıza çox böyük ehtiyacımız var. Belə platforma sosial, mənəvi problemlərimizin, insan haqları ilə bağlı məsələlərin dərindən təhlil edilməsinə, onların həlli üçün yollar axtarılmasına, əhatəli islahatlar aparmağımıza yardım edən məzmunlu, baxımlı verilişlər hazırlamağa imkanlar yaratmalıdır. Ortada belə ciddi platforma olarsa, o zaman qanunvericiliklə, maarifləndirmə  və digər  məsələlərlə bağlı hansı işlərin də görülməsinin vacibliyi üzə çıxar.  Bununla bağlı televiziyaların fəaliyyətinə məsul, müxtəlif səviyyələrdə vəzifələrdə çalışan insanlara dəfələrlə şəxsi müraciətim olub; öz köməyimi də təklif etmişəm. Amma hər dəfə etinasız reaksiya görmüşəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

29.03.2024 09:21
1349