Xəbər verdiyimiz kimi, 2024-cü il yanvarın 1-dən Türkmənistan qazının İran üzərindən Azərbaycana svop nəqli dayanıb. İran Milli Qaz Şirkəti tərəflər arasında danışıqların davam etdiyini və razılıq əldə edildikdən sonra qaz nəqlinin bərpa oluna biləcəyini bildirib.
Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsinə dair saziş 2021-ci ilin sonunda imzalanıb. Azərbaycan Türkmənistandan qazı 2022-ci ilin yanvarından almağa başlayıb. Həmin il 0,9 milyard kubmetr, 2023-cü ildə isə 2,6 milyard kubmetr qaz alınıb.
Mütəxəssislərin fikrincə, razılaşma hər üç tərəf üçün faydalıdır. Azərbaycan türkmən qazını nisbətən ucuz alıb daxili tələbata yönəldir, əvəzində isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya daha çox qaz nəql etmək imkanı əldə edir. İran öz şimal rayonlarının qaza olan tələbatını tranzit haqqı olaraq aldığı Türkmənistanın tədarükləri hesabına ödəyir. Türkmənistan da öz növbəsində qaz ixracını şaxələndirir.
Ölkələrin hökumətləri mövcud vəziyyəti şərh etməsələr də, hökumətdəki mənbə “Trend”ə bildirib ki, Azərbaycan 2024-cü ildə Türkmənistandan 3 milyard kubmetrədək qaz almaq niyyətindədir. Lakin tərəflər kommersiya şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Amsterdamda yerləşən Turkmen.news saytı daha ətraflı məlumat yayıb. Saytın istinad etdiyi anonim mənbələr iddia edir ki, kommersiya mübahisələri ilk növbədə qazın qiymətini nəzərdə tutur. Çünki türkmən tərəfi mübadilə sxemi ilə Azərbaycana verdiyi yanacağa yüksək qiymət tələb edir: “Azərbaycan tərəfi qazın min kubmetri üçün 135-140 dollar təklif edir və Türkmənistan tərəfi bu qiyməti birja qiymətləri ilə müqayisədə çox aşağı hesab edir. Çünki birjada qiymətlər bu məbləğdən ən azı iki dəfə bahadır”.
İkinci səbəb isə Türkmənistanda artan daxili tələbat səbəbindən ixrac üçün yetərli qaz həcmlərinin olmamasıdır. Bildirilir ki, “Türkmənqaz” xarici tərəfdaşlarla müqavilə bağlayan zaman ixrac potensialını həmişə üstələyir və bu, sistemli problemdir.
“İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə bildirib ki, Aşqabadla İran vasitəsilə svop müqaviləsi uzadılmasa, Azərbaycan 2024-cü ildə Türkmənistandan qaz idxalı olmadan qala bilər: “2024-cü ildə Azərbaycanda ilk növbədə "Ümid" və “Abşeron” qaz-kondensat yataqlarından daxili bazara əmtəəlik qaz tədarükünün həcmində əhəmiyyətli artımın proqnozlaşdırıldığını nəzərə alsaq, Türkmənistandan qaz idxalına ehtiyac qalmaya bilər".
Mənbənin sözlərinə görə, “Ümid” yatağında yeni hasilat quyularının istismara verilməsi ilə əlaqədar qaz hasilatı sürətləndirilir. Bu yataqdan illik qaz hasilatının 2023-cü ildəki təxminən 2 milyard kubmetrdən 2024-cü ildə 3 milyard kubmetrə qədər artacağı gözlənilir.
Mənbə qeyd edib ki, “Abşeron” yatağında qaz hasilatı bu il pik həddə çatacaq və ötənilki 0,7 milyard kubmetrə nisbətdə 1,5 milyard kubmetr təşkil edəcək: “Bu və digər yataqlardan (ARDNŞ, Şahdəniz və ”Azəri-Çıraq-Günəşli" yataqlar blokundan - red.) daxili istehlaka yönəldilən təxminən 17 milyard kubmetr həcmində qaz Azərbaycanın qaza olan tələbatını və Gürcüstana tədarükü ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirməsini tam təmin edir".
Xəbər verdiyimiz kimi, Azərbaycan hökuməti 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəəlik qazı 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanın daxili bazarında qaz istehlakı 14 milyard kubmetrə yaxın olub. 2023-cü il üçünsə istehlak məlumatları hələ dərc edilməyib.
Enerji sahəsində ekspert Umud Şokri “İran İnternational” üçün yazdığı məqalədə bildirir ki, Türkmənistan təkcə Azərbaycanla svop mübadiləsi çərçivəsində deyil, həm də İrana qazın birbaşa müqavilə tədarükünü də dayandırıb. İran Milli Qaz Şirkətinin (NIGC) statistik məlumatlarına istinad edən ekspert qeyd edib ki, cari maliyyə ilinin ilk dörd ayında (2023-cü il martın 22-dən başlayıb) İran 775 milyon kubmetr türkmən qazı alıb.
Türkmənistandan qaz tədarükü son iki ildə təkcə qışda deyil, həm də yaz və yay aylarında da qaz çatışmazlığının yaşandığı İran üçün kritik əhəmiyyət kəsb edir. Qaz qıtlığı yarandıqda sənaye müəssisələri mazutdan istifadə etməli olur ki, bu da şəhərlərin üzərində qatı dumanın əmələ gəlməsinə səbəb olur.
Azərbaycana svop tədarüklərinə gəlincə, onların dayandırılmasına səbəb, Şokrinin iddiasına görə, Azərbaycanın əvvəllər türkmən qazını Avropaya reeksport etməsi olub. Lakin o, öz iddiasını özü yalanlayır. Belə ki, iranlı ekspert qeyd edir ki, 2022-ci ildə Avropa bazarında qazın min kubmetrinin qiyməti 1000 dolları ötsə də, 2023-cü ildə bu, 350 dollara düşüb. Bundan əlavə, İran Türkmənistan qazını Azərbaycana çatdırmaq üçün nəql olunan həcmin 15 faizini tələb edir (müqayisə üçün qeyd edək ki, Gürcüstan və Türkiyə tranzit üçün qazın dəyərinin 5 faizini alır -red.) Gürcüstan və Türkiyə üçün verilən 5 faizlik həcmi də nəzərə alsaq, Azərbaycan türkmən qazını Avropaya özünə zərər etməklə reixrac etməlidir ki, bunun qeyri-real olduğunu əlavə sübut etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi bülletenində əksini tapan məlumatdan aydın olur ki, 2023-cü ilin 10 ayında Türkmənistandan alınan qazın hər min kubmetri üçün Bakı Aşqabada 143 dollar ödəyib. İrandan başlayaraq, Avropaya çatana qədər ödənilən nəql haqqını da üzərinə əlavə etdikdə, reixracın iqtisadi baxımdan səmərəsiz olduğu aydın görünür.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycanın bu il Türkmənistandan 3 milyard kubmetr qaz almaq planının olmasına dair iddialar əsassızdır: “Bilirsiniz, əsas problem ondadır ki, qaz alqı-satqısını həyata keçirən hər iki ölkənin - həm Azərbaycan, həm də Türkmənistanın müvafiq qurumları məsələ ilə bağlı heç bir açıqlama vermirlər. Bu isə müxtəlif iddiaların, şərhlərin meydana çıxmasına səbəb olur. Düşünürəm ki, tərəflərin susqunluğu ondan xəbər verir ki, əsas problem kommersiya xarakterlidir. Bizə elə də böyuk həcm lazım deyil. Artan istehsal şəraitində bizə ən uzağı 1 milyard kubmetr qaz lazım ola bilər. Bu baxımdan, İran tərəfinin, digər mənbələrin səsləndirdiyi 2-3-4 milyard kubmetrlik ticarətə dair iddialar reallığı əks etdirmir. Hər şeydən əvvəl ona görə ki,Türkmənistandan İrana 20 milyard kubmetr də qaz ötürmək texniki baxımdan mümkündür, amma İrandan Azərbaycana belə imkan 2 milyard kubmetrdən yuxarı deyil. Bu həcm əvvəl 1 milyard kubmetr idi, Astara kompressor stansiyası modernləşdirildikdən sonra 2 milyarda qaldırıldı”.
Ekspert bildirir ki, Azərbaycanın Türkmənistandan qaz alışını daimi davam etdirmək niyyəti yoxdur: “Bu, müəyyən dövr üçün lazımdır Bakıya. Biz 2016-cı ildə də zərurət yarananda Türkmənistandan 1.2 milyard kubmetr qaz almışıq. Sonra ehtiyac yaranmayıb, nəql davam etdirilməyib. İndi də bizim üçün qısamüddətli dövrdə lazımdır Türkmənistan qazı. Belə halda İrandan qaz nəqli sisteminə əlavə sərmayə qoyub imkanlarını artırmağa da ehtiyac qalmır. Qiymətinə gəlincə, həm Avropada, həm Asiyada qaz qiymətləri 2022-ci illə müqayisədə 3 dəfəyə yaxın aşağı düşüb. İndi türkmənlər bizdən 2022-ci ilin qiymətini tələb edirsə, onların nə qədər reallıqdan uzaq olduğunu söyləməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, Türkmənistanın xarici alıcılarla bağladığı qaz ixracına dair müqavilələr üzrə öhdəliklərinə əməl etməməsi adi hal alıb. Hətta əsas alıcı olan Çinə də Aşqabad müqavilə öhdəliklərində nəzərdə tutulan həcmləri tam təmin edə bilmir. Bunun isə əsas səbəbi yataqların işlənməsinə sərmayə qoyulmamasıdır: Aşqabad bu sahədə daim xarici tərəfdaşların maliyyəsindən yararlanmağa çalışır. Çinə çəkilən kəmərlərin tikintisi, onlarla nəql olunan qazın hasil olunduğu yataqların işlənməsi demək olar ki, bütünlüklə Pekinin vəsaitləri hesabına maliyyələşdirilib.
Yataqlara hər hansı investisiya qoyuluşu etmədən ixrac müqavilələrinin imzalanması sonda Aşqabadın öhdəliklərdən yayınmaq üçün bəhanələrə əl atmasına gətirib çıxarır. Belə görünür ki, Azərbaycandan qiymətin artırılması tələbi də belə bəhanələrdən biridir. Çünki ötən ilin avqust ayında Özbəkistan Türkmənistanla ildə 2 milyard kubmetrə qədər türkmən qazının tədarükünə dair müqavilə bağlayıb. Özbəkistanın Energetika Nazirliyinin rəhbəri Jurabek Mirzamaxmudov bildirib ki, tərəflər həmçinin uzunmüddətli müqavilə üzərində işləyirlər - daha uzun müddətə və təchizatın artırılması üçün.
2023-cü il noyabrın 8-də “Türkmənqaz”ın rəhbəri və İraqın energetika naziri Ziad Əli Fadel qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalayıblar, Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sənədə əsasən, beş il ərzində svop sxemi üzrə İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək. Lakin hələlik bu nəqlin başlandığına dair hər hansı məlumat verilmir.
Əvəzində Türkmənistan tərəfi qaz yataqlarına xarici sərmayə cəlb etməyə çalışır. Belə ki, yanvar ayında “Türkmənqaz” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkinış”ın işlənməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. “Neytral Türkmənistan” rəsmi qəzeti xəbər verir ki, sənəd Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb. Memorandum tərəflərin “Qalkınış” yatağının üçüncü mərhələsinin işlənməsinə strateji tərəfdaşlar cəlb etmək niyyətini, yataqdan hasil olunacaq qazı region ölkələri və digər bazarlara çatdıracaq qaz kəməri infrastrukturunun tikintisi üçün enerji layihələrinin həyata keçirilməsində mümkün iştirakını nəzərdə tutur.
İ.Şabana görə, Türkmənistan qazı olmasa, Azərbaycan daxili tələbatı üçün Rusiyadan qaz ala bilər: “Zərurət yaranarsa, Rusiyadan alışları artırmaq mümkündür. 2023-cü ildə biz Rusiyadan aldığımız qazın bir hissəsini onun cənub bölgələrinə qaytarmışıq. Ölkələr arasındakı infrastruktur imkan verir ki, alış həcmlərini bir neçə dəfə artıraq”.
Dünya SAKİT,
“Yeni Müsavat”