Türkmənistandan Azərbaycana qaz satışı nə zaman bərpa olunacaq?

Azərbaycan və Türkmənistan İran üzərindən qaz ticarətini davam etdirmək üçün danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İran Milli Qaz Şirkəti (NIGC) yayıb.

NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

İran mediası NIGC-yə istinadən məlumat verir ki, Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tutur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkmənistandan 189 milyon 629,45 min dollar dəyərində 1 milyard 326 milyon 683,15 min kubmetr qaz alıb. 2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında imzalanan anlaşma memorandumuna əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.

Musavat.com

07.01.2024 12:46
720