Gəncə şəhərində 1996-cı il təvəllüdlü Babək anasının rəfiqəsinin qızına, yetkinlik yaşına çatmayan Aydana (adlar şərti verilib – red.) təcavüz edib.
Babək 5 oktyabr 2022-ci ildə Aydanla könüllü razılıq əsasında cinsi əlaqədə olub və onun bəkarətini pozub.
2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarın 3-dək olan müddət ərzində o, Aydanla müxtəlif günlərdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Qızını rəfiqələrinə tapşırırdı”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmən heç bir yerdə işləmir, zərərçəkmiş Aydan onun anası Afətin rəfiqəsinin qızıdır:
“Aydanı uşaq vaxtından tanıyıram. Ata-anası 2009-cu ildən boşanıb. 2016-cı ildə Aydanın anası Aynur Türkiyədə ailə həyatı qurduğu üçün 3 aydan bir Azərbaycana gəlib-gedirdi. Aynur hər dəfə Türkiyəyə gedəndə qızını başqa-başqa rəfiqələrinə tapşırırdı”.
“Söz verdim, cinsi əlaqədə oldum”
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Aydanın anası onu anası Afətə tapşırıb: “Anam mənim Aydanla sevgili olduğumuza görə narazılığını bildirdi və Aydanın anasına zəng vurdu ki, qızını bizim evdən çıxar, başqa evdə qalsın. Buna görə Aydan bizim evimizdən çıxaraq Yeni Gəncə qəsəbəsində anasının kirayə tutduğu evə köçdü.
Mən də onunla getdim və gecəni həmin evdə qaldım. Səhəri gün Aydanı bacım Fatiməgilə apardım və ordan da işə getdim. Bacımgildə bir gecə qalan Aydan Yeni Gəncə qəsəbəsindəki evə getmək istədiyini bildirdi. O, anasının kirayə tutduğu evə qayıtdı.
Həmin gün axşam saat 20 radələrində Aydanın yanına gedib onunla söhbət etdim, onu tək qoymayacağıma və onunla ailə quracağıma söz verdim və cinsi əlaqədə olduq”.
“İnciyərək getdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün Aydana “get bizə, hər şeyi anamgilə danış, bundan sonra sən mənə aidsən”, - deyə bildirib: “Onu evimizə yola saldıqdan sonra anama zəng vurdum, olanları bildirdim. Anam əsəbləşsə də dedi ki, məsələni yoluna qoyacaq. Bundan sonra Aydanla Gəncə şəhərində, hərbi şəhərcikdə ər-arvad kimi yaşamağa başladıq.
Yaşadığımız evdə bir neçə dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduq. Sonra Aydanın anasının ögey qardaşı Gəncə şəhərinə gəldi. Aydanın anası da bizim yaşadığlmlz ünvana gəldi, Aydanla mənim nişan mərasimini oğlu İntiqamın kiçik toyu ilə birlikdə keçirmək istədiyini bildirdi. Mən buna narazı oldum. Aydanın anası inciyərək “nə bilirsiz, onu da edin” deyib getdi”.
“Bir-birimizi sevirik”
Babək deyib ki, Aydan anası Aynura zəng vuraraq nişan mərasimlərinin olacağını xəbər verib, onu da nişana dəvət edib: “Aydanın anası bildirdi ki, siz mən deyən kimi etmədiniz, buna görə mən nişanda iştirak etməyəcəyəm. Mən deyən tarixdə nişan oldu. Aynur nişana qatılmadı, bizi təbrik etmədi.
2023-cü ildə polis əməkdaşları yaşadığımız ünvana yaxınlaşaraq bizi 4-cü polis bölməsinə dəvət etdilər. Orada mənə məlum oldu ki, Aynur polisə şikayət edib. Sonradan biz barışdıq. Aydanın anası məndən şikayətçi olmadı.
Hazırda Aydanla bir-birimizi sevirik, ailə kimi birlikdə yaşayırıq, bir azyaşlı övladımız var. Aydanın 17 yaşı tamam olan zaman rəsmən nikaha girəcəyik”.
“Dedi ki, yoluna qoyacam”
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, 2009-cu ildə valideynləri boşanıb: “2016-cı ildə anam Türkiyəyə gedərək orda ailə həyatı qurduğu üçün üç aydan bir Azərbaycana gəlirdi. Hər dəfə anam gedəndə məni nənəmgilə, yaxud rəfiqəsigilə tapşırırdı. Sonuncu dəfə məni rəfiqəsi Afətə tapşırdı. Onlarda qaldığım müddətdə Afətin oğlu Babəklə sevgili olduq. Buna görə Afət narazılığını bildirdi, anama zəng vurdu. Dedi ki, qızını gəl bizim evdən çıxart, getsin başqa evdə qalsın.
Babəkgilin evindən çıxdım, onun bacısıgilə getdim. Bir gün onlarda qaldıqdan sonra Yeni Gəncə qəsəbəsində anamın kirayə tutduğu evə yollandım.
Babək kirayədə yaşadığım evə gəldi və məni tək qoymayacağına söz verdi, öz razılığımla cinsi əlaqədə olduq. Səhəri gün Babəkin bacısı Fatiməyə zəng vurdum. Bildirdim ki, Babəklə bir-birimizi sevirik, yaşım tamam olan zaman ailə quracağıq. Ona cinsi əlaqədə olduğumuzu da bildirdim.
Bacısı da mənə dedi ki, narahat olma, mən hər şeyi yoluna qoyacam. Fatimə bir saat sonra zəng vuraraq bildirdi ki, gəl bizə, bu barədə anama demişəm. Mən onlara gedəndə böyük narazılıq yarandı. Afət anama zəng vuraraq olanlar barədə məlumat verdi.
Hadisəni eşidən anam da əsəbiləşdi və bildirdi ki, niyə bu hadisə baş verib, olmamalı idi, amma gəlib məsələni yoluna qoyacaq”.
Aydan daha sonra ifadəsində Babəklə ər-arvad münasibətində yaşamağından, aralarında nişan mərasiminin keçirilməsindən, ailələr aradında baş verən narazılıqdan, anasının Babəklə ər-arvad kimi yaşaması ilə bağlı polisə şikayət etməsindən danışıb.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Babəkin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 11 ay 28 gün müddətə şərti cəza alıb./Teleqraf.com