Bu ilin yanvar-iyul aylarında Türkiyənin idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 198,6 milyard dollar təşkil edib. Musavat.com Türkiyə Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu dövrdə ixrac 4,1 faiz artaraq 148,7 milyard dollara çatıb. Xarici ticarət kəsiri ilin əvvəlindən 32,4 faiz azalaraq 49,3 milyard dollar təşkil edib.
Məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin idxalında ən böyük pay 25,8 milyard dollarla Rusiyanın olub. Bu zaman Rusiyadan idxal 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,58 milyard dollar azalıb.
Yeddi ayda Türkiyənin idxalında ikinci yerdə 25,4 milyard dollarlıq mal və məhsul tədarükü ilə Çin gəlir. İyul ayında bu ölkə Türkiyənin idxalında Rusiyanı qabaqlayaraq 4,1 milyard dollarlıq məhsul tədarük edib. Ötən ay Rusiyadan Türkiyəyə idxal 3,7 milyard dollar olub.
Yeddi ay ərzində Türkiyə ixracatında əsas pay 11,9 milyard dollarla Almaniyaya məxsus olub. İyulda Almaniyaya 1,7 milyard dollarlıq mal satılıb. İkinci yerdə 1,6 milyard dollarla Böyük Britaniya, üçüncü yerdə isə 1,4 milyard dollarla ABŞ-dır.
Xatırladaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 255,8 milyard dollar, idxal isə 361,8 milyard dollar təşkil edib.
Musavat.com