Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR

MHP başqanı Dövlət Baxçalının PKK lideri Abdullah Öcalana etdiyi təşkilatı ləğv etmə çağırışının ardından, Türkiyə ilə PKK arasında yeni bir prosesin başlama ehtimalı gündəmə gəldi. Bunun ardınca Öcalanın "Şərait yaransa, bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi müstəviyə çəkmək üçün nəzəri və praktiki gücə sahibəm"- kimi açıqlaması yayıldı. Prezident Rəcəb Tayyib Ərdoğan 30 oktyabr tarixində Baxçalının çağırışını "tarixi bir fürsət pəncərəsi" olaraq qiymətləndirməsi prosesə rəsmi münasibəti də ifadə etmiş oldu. Türkiyədə PKK ilə dövlət arasındakı münaqişələri bitirməyə yönələn son həll prosesi 2013-cü ildə başlamışdı.

Lakin bu cəmi iki il çəkdi və mülayimlik durumu yerini yenidən münaqişə mühitinə verdi. Hətta Milli Müdafiə Nazirliyi 2016-cı ildən etibarən terrorla mübarizədə əhatəli bir konsepsiya dəyişikliyinə getdiyini açıqladı. Bunun ardınca PKK ilə silahlı qarşıdurmalar Suriya və İraq ərazisinə keçdi. Bu müddətdə Türkiyə Suriya və İraqda PKK və ona bağlı qruplara, daxili siyasətdə isə Xalqların Birlik və Həmrəyli Partiyası (DEM) üzərindəaçıq üstünlük qazandı. Belə ki, terrorla həm hərbi, həm də siyasi mübarizənin nəticəsi olaraq DEM Partiya Türkiyə siyasətində təsirli bir faktor olmaqdan çıxarıldı, Suriyada terror ocaqları arası birliyə son verildi, Afrin boşaldıldı və İraqda da Türkiyə geniş bir sahədə çoxlu mövqeləri ələ keçirərək, onlarla post qurdu. Bir sözlə, Türkiyə dövlətinin maraqları baxımından uğurlu bir mühit formalaşmışdı.

Bəs Türkiyə ilə PKK arasındakı münaqişələri sonlandıra biləcək bu hadisələr niyə məhz indi baş verir?

turk-ordusu.jpg (44 KB)

Məsələnin gündəmə gəlməsində daxili hadisələr qədər Yaxın və Orta Şərqdə cəryan edən proseslər və mümkün geopolitik güc dəyişikliyinin təsiri böyükdür. 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzada başladığı əməliyyatlarla birlikdə, tək regiondakı durum deyil, həm də “kürd problemi” ilə bağlı mənzərə dəyişmiş oldu. Məhz bu dəyişikliyi Türkiyə dövlətinin gələcək üçün risk olaraq gördüyü vəziyyət yaratmasaydı, çox güman ki, Baxçalının çıxışı ilə başlayan yeni proses də olmayacaqdı.

İsrailin bölgədə apardığı hərbi əməliyyatlar təkcə Həmasın deyil, həm də İranın Livan, İraq və Suriyadakı nümayəndələrinin güc itirməsi ilə nəticələnib. Suriyada və İraqda İranın təsir dairəsinin zəifləməsi, PKK və Suriya Demokratik Gücləri kimi qrupların mövqelərinin güclənməsi deməkdir.

İranın bu güc itkisinin qarşısını kürdlərlə əməkdaşlığı möhkəmləndirəcəyi hesabına alacağı ehtimalı artır. İraqdakı kürdlərin ən böyük problemi Bağdadla güc bölgüsü məsələsidir. Tehran, Bağdad üzərindəki nüfuzundan istifadə edərək, Ərbil-Bağdad əlaqələrinin normallaşmasında çox mühüm rol oynaya bilər. Eyni zamanda, Tehran Suriyada Şam üzərindəki təsirindən istifadə edərək Rojavada kürdlərin siyasi maraqlarına xidmət edəcək qərarların qəbul edilməsində aktiv ola bilər.

Məhz bütün bunları hesablayan Ankara dəyişən qüvvə balansı ilə birlikdə Türkiyə üçün yeni risklər görür. Buna qədər Türkiyə, İran, İraq və Suriyada kürdlər üzərindəki status-kvonu öz aralarındakı rəqabətlə balanslayaraq qoruyub saxlamışdılar. İndi bu balansın pozulması ehtimalı artıb və Türkiyə yeni bir həll prosesi başlatmaqla bu yeni şəraitə uyğunlaşmağa çalışır. Eyni zamanda PKK və ona bağlı təşkilatlar, Orta Şərqdə mümkün bir güc boşluğunda Türkiyə ilə üz-üzə gəlmək istəmədikləri üçün yeni bir prosesə hazır ola bilərlər. Bəllidir ki, Orta Şərqdə münaqişə genişləndikcə, Türkiyənin bu münaqişəyə çəkilmə riski artır. Belə bir vəziyyətdə ölkənin zəif nöqtəsi hələ də həll edilməmiş Kürd məsələsi və silahlarını Türkiyəyə yönəltmiş PKK olacaq. Əvvəlki sülh prosesi uğursuz olsa da, Türkiyənin regiondakı münaqişələrdən minimum dərəcədə təsirlənməsini təmin etmişdi. Prosesin çökməsi ilə birlikdə müharibə Suriyadan Türkiyəyə sıçradı. Bu gün isə İsrail və İran arasında artan müharibə riski, yeni bir sülh prosesinə başlama motivasiyası verir.

tsk-pence-kilit-le-sikistirdi-pk.jpg (65 KB)

Prezident Ərdoğanın "İsrail rəhbərliyinin, tamamilə dini fanatizmlə Fələstin və Livandan sonra gözünü dikəcəyi yer, açıq deyirəm, bizim vətən torpaqlarımız olacaqdır," bəyanatı da məhz bu reallıqlara hesablanmışdı. Amma görünən odur ki, Türkiyənin kürdlərlə edəcəyi əməkdaşlıq İsrailə deyil, İrana qarşı bir mövqe tutması deməkdir. Bu isə İsrailin potensial bir təhlükə deyil, potensial bir tərəfdaş kimi mövqe qazanmasına səbəb olar.

Yeni proses Ərdoğan komandası üçün həm daxildəki, həm də xaricdəki düyünlərin həllinə töhfə ver bilər. Ankara bir müddətdir ki, Suriya sərhədini təminat altına almaq və Suriyalı qaçqınların geri dönməsini təmin etmək məqsədilə Bəşər Əsəd hökumətinə dialoq çağırışı edir. PKK ilə atəşkəs vəziyyəti, Suriya ilə razılaşmanın da yolunu açmış olacaq. Prezident Ərdoğanın “Suriyanın şimalındakı bölücü terror təşkilatına, Qəndildəki qanla bəslənən terror qruplaşmasına heç bir çağırışımız yoxdur, ola da bilməz” ifadəsi məhz bu məqama işarədir. Yəni, Baxçalının silahları buraxmaq çağırışının ölkə xarici əməliyyatlardan kənar düşünmək olmaz. Başqa sözlə, dövlətin yeni geopolitik durum və şəraitə görə hər hansı siyasi strategiyasından asılı olmayaraq yekun təsdiq Türk ordusunun gücü ilə vurulacaq!

Nəsimi Şərəfxanlı
Xüsusi olaraq Musavat.com üçün

07.11.2024 12:14
399