Türkiyənin ilk qanqsteri haqqında serial çəkilir

Tanınmış aktyor Kıvanç Tatlıtuğ Türkiyənin ilk qanqsteri Necdet Elmas haqqında serial çəkəcək.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ssenarisini Levent Cantekin yazacağı serial Necdət Elmasın oğlu Yıldırım Elmasın tərcümeyi-halı əsasında çəkiləcək.
Serial “atam qanqster idi, amma mən uşaq idim” söyləməsi ilə başlayacaq.

Qeyd edək ki, çəkilişlər Ay Yapım şirktinin dəstəyi ilə baş tutacaq.

Türk qanqsteri kimi tanınan Necdet Elmas 9 yanvar 1935-ci ildə Konyanın Ereğli rayonunda anadan olub. Kasıb ailədə dünyaya göz açan Necdet 12 yaşında evdən qaçıb.

O, müxtəlif işlərlə məşğul olaraq pul qazanmağa çalışbı. İstanbul Universitetinin Hüquq fakültəsini ikinci kursda yarımçıq buraxıb. Bir müddət dövlət qulluqçusu işləyib, lakin yeddi yaşlı övladını xərçəng xəstəliyindən itirdikdən sonra qeyri-qanuni işə üz tutub.

Necdet Elmas ilk oğurluğunu Chevrolet markalı avtomobil oğurlayaraq edib və tutulduqdan sonra 11 il həbs cəzası alıb. Bir müddət sonra o, həbsxanadan qaçsa da, yenidən polislə atışmada yaxalanıb. Sultanəhməd həbsxanasına göndərildikdən sonra ürək xəstəliyinə görə xəstəxanaya göndərilib. Xəstəxanadan qayıdarkən əsgərləri aldadaraq qaçıb.

O, 7 iyul 1961-ci ildə Çemberlitaşdakı Buğday Bankını qarət edib. Qanqster İş Bankının Kazlıçeşme şöbəsindən 165 min 850 lirə oğurladığı üçün 20 il həbs cəzası alıb. Necdət Elmas 1974-cü ildəki əfvlə azadlığa çıxıb.2017-ci ildə Antalyada vəfat edib.

Şahanə Rəhimli
Musavat.com

11.08.2024 02:06
1738