Türkiyədən səfər dəvəti alanda tərəddüd etmədən razılaşdıq və təşəkkürümüzü bildirdik. Çünki qardaş ölkəni ziyarət hər zaman xoşdur və yalnız məmnuniyyət hissi yaradır. Həmçinin Türkiyə Mədəniyyət Nazirliyinin, Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) və bir sıra digər qurumların təşkilatçılığı ilə düzənlənən səfər proqramları hər zaman özəlliyi ilə seçildiyi kimi, yüksək səviyyədə həyata keçirilməsi ilə də yaddaqalan olur. Bu dəfə də Vətəndən-Vətənə Azərbaycandan Türkiyəyə səfərimiz xoş xatirələrlə yaddaşımıza yazıldı, yüksək təəssüratlarla geri döndük.
Türkiyə Hava Yollarına məxsus təyyarə ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından İstanbul Hava Limanına, oradan da Qaradənizin sahilində, möhtəşəm bir ünvanda tikilmiş Ordu-Giresun Hava Limanına – Bakıdan Ordu-Giresuna birbaşa təyyarə reysləri olsa da, səfər günümüzlə üst-üstə düşmədiyi üçün fərqli marşrut seçilmişdi - enənəcən Türk coğrafiyasının dənizdən-dənizə uzanan gözəlliklərini günəşin sehirli saçaqlarının müşayiəti ilə seyr etmək şansımız da oldu. Xəzərdən Mərmərəyə, Bosfor boğazına, ordan da Qaradənizə salamları zümzümə elədik, “Çırpınırdı Qaradəniz” şərqisinin sədaları ruhumuza hakim kəsildi. Qeyri-ixtiyari “Ey böyük Türk, varlığın qənimətdir, sən bütün mənalarda böyüksən, qüdrətlisən, amma böyük olduğun halda heç zaman kiçiklərə qarşı amansız olmadın, əksinə, əlindən tutdun, yardımçı oldun, insanlıq ideallarını daim uca tutdun” düşüncələri ilə Turan dünyasının varlığına şükranlığımızı ifadə etdik.
Azərbaycan mətbuat nümayəndələri olaraq heyətimizdə 5 media təmsilçisi var. Gürcüstandan isə daha iki televiziya əməkdaşı qrupa qoşulur. Təşkilatçılar hər məqamı zərgər dəqiqliyi ilə düşünüblər. Hava limanındaca bizi bələdçimiz, türk, Azərbaycan, rus, ingiliscə mükəmməl danışan Mustafa Yalçın Yalçınqaya, həmçinin TGA-nın dəyərli əməkdaşları Özden Vanlı qarşılayır. Təşkilatçılarımız o qədər mükəmməldirlər ki, hər hansı sıxıntı olmasın deyə, heyət üzvlərinə yay günlərində reallaşan səfər üçün günəş eynəyi, baş geyimi, günəş qoruyucusu kremi belə götürməyi tövsiyə ediblər. Qarşılayacaq şəxslərin də əlaqə telefonları öncədən ünvanlanıb, Mustafa bəy hətta Bakıda olarkən bizimlə əlaqə saxlayıb, qiyabi tanışlıq verir.
Bu da Giresun şəhəri. 317 kv.km-lik şəhərin əhalisi təqribən 150 minə yaxındır. Qaradənizin qoynunda, amfiteatr şəklində salınmış şəhər möhtəşəm auraya malikdir. Evlər səliqəli şəkildə tikilib, göz oxşayır, yollar rahat, piyada keçidləri, on km-lərlə uzanan velosiped zolaqları, dəniz sahilində tər-təmiz, insanın ruhunu sakitləşdirən çimərliklər...Yeri gəlmişkən, burada bələdiyyələrin təşkilatçılığı ilə ictimai çimərliklər də yaradılıb və kiminsə istirahətinə mane olacaq heç nə yoxdur. Təbii ki, dəniz sahili boyunca hasardan söhbət gedə bilməz. Burada insanın dənizlə ünsiyyətinə mane olan nəsnəyə rast gəlinməz...
Hələ təyyarədən seyr edən zaman diqqətimizi çəkən Giresun adasına indi sahil boyunca hərəkətdə olarkən tamaşa edirik. Qara dənizin cənub-şərq sahilində, Giresun şəhərindən 1,2 km məsafədə yerləşən kiçik adanın sahəsi 4 hektardır. Giresun adası Türkiyənin Qara dəniz sahilindəki ən böyük adasıdır. Həm də çox gözəldir. Təsəvvür edin, dənizin müxtəlif rəngələr çalan ləpələrinin əhatə etdiyi tala-orman, göz oxşayır, ruha qida verir. Giresun şəhərinin çox hissəsində olduğu kimi Giresun adasında da yağıntının miqdarı çoxdur, yayı isə isti və rütubətli keçir. Ərazinin relyefi əsasən qayalıq və dikdir. Adanın şimal-şərq və cənub-şərqində iki təbii körfəz var və bunlardan ikincisi kiçik gəmilər üçün liman rolunu oynaya bilər. Ziyarətçilər bu limandan adanın içərisinə qədər gedə bilərlər. Ehtimal olunur ki, ada eramızdan əvvəl 6-cı və ya 5-ci əsrdə materik şəhəri Kerasousdan (indiki Giresun şəhəri) olan yunan kolonistləri tərəfindən istifadə edilib. Tarixi mənbələrə görə, adanın qədim adları yunanca Aretias , Areos Nesos , Xalserit və Puqanı kimi qeyd olunub. Adada damı olmayan daş məbədin xarabalıqları, istehkam və qalalar və iki şərab və ya yağ presi var. Damsız məbəd qədim dövrlərdə burada dini ayinlər keçirən amazonlara aid edilir. Arxeoloji tədqiqatlar tikilinin Klassik Ellinizm dövründə inşa edildiyini göstərir. Məbədin xarabalıqlarında türkcə Həmzə daşı adlanan, təxminən 4 metr diametrində qara yuvarlaq bir daş var. Bu daş günümüzdə hər il keçirilən Aksu şənliyi çərçivəsində təşkil olunmuş gəzintinin başlanğıc nöqtəsidir və məhsuldarlıq və sağlamlıq üçün dilək daşı hesab olunur. Arxeoloji tapıntılar bu daşın Roma daş kultu və ya Kibela kultu üçün müqəddəs olduğunu göstərir.
“Fındıq paytaxtı” Giresunun geniş yayılmış bitkiləri dəfnə və yalançı ağ akasiyadır. Bununla birlikdə təkcə Giresun adasında 71 yerli və gətirilmiş ağac və ot növünün olduğu bildirilir. Ada həm də qarabatdaq və qağayıların məskənidir, bu quşlar üçün təbii yaşayış məkanıdır.
Yeri gəlmişkən, Giresun və Şəki arasında qardaşlaşmış rayon və şəhər münasibətlərinin yaradılması haqqında protokol 01.03.2001-ci il tarixdə Ankarada imzalanıb. 01.07.2013-cü il tarixdə Şəki şəhərində Şəki Bələdiyyəsi və Giresun Bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsi ilə bağlı imzalanma mərasimi olub. Giresun şəhərini təmsil edən nümayəndələr 2001-ci ilin sentyabr ayında, 2005-ci ilin may ayında və 2012-ci ilin iyul ayında Şəkidə səfərdə olublar. Giresun şəhərinin nümayəndələri Şəkidə ayrı-ayrı tədbirlərdə, o cümlədən “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalında və “Şəki Xan Sarayı”nın 250 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər. Şəki şəhərini təmsil edən nümayəndələr isə 2013-cü ilin may ayında, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi 2016-cı ilin may ayında Giresun şəhərinə səfər edib. Giresun şəhərində səfərdə olmuş Şəki Bələdiyyəsinin bir qrup üzvü şəhərlə tanış olub, Giresun Bələdiyyəsinin üzvləri ilə görüşüblər. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Giresun şəhərində keçirilmiş “Giresun Teatr Günləri”ndə iştirak etmiş və çıxış eləyiblər. Bu mənada bizim ilk dəfə olduğumuz gözəl məkan Giresun ən azı Şəkidə yaxşı tanınır.
Bu kiçik şəhərdə Giresun Universiteti 2006-cı ildən fəaliyyət göstərir, dövlət universitetidir. Hazırda universitet 13 fakultə, 3 institut, 6 kollec, 13 peşə məktəbi, 19 tətbiqetmə və tədqiqat mərkəzi ilə elmi fəaliyyətinə davam edir. Universitetin 31.000-dən çox tələbəsi, 850 akademik heyəti mövcuddur. Universitetə Qəbul həm SAT/YÖS kimi imtahanların nəticələri əsasında, həm də sadəcə attestatla mümkündür.
Giresun deyərkən ilk yada düşən fındıqdır. Təsadüfi deyil ki, Türkiyədə Giresun şəhəri “fındığın paytaxtı” kimi tanınır. Şəhərin və ətraf bölgələrin hər yerində fındıq bağları var. Giresun fındığının özəllikləri var, kiçik olsa da, dadlı, yağlı olmasına görə seçilir. Elə Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə media mənsublarının bölgəyə təkil olunan səfərində də əsas məqsəd Giresun fındığının tanıdılması, bölgə ilə tanışlıq, fındıq mövsümündə Türkiyə üçün olmazsa, olmaza çevrilmiş bu məhsulun səs-sorağının daha geniş şəkildə təşviq edilməsi idi. Biz də getdik, gördük. Heyrətamiz və nümunəvi sayılan bir məqam var: Giresunda boş torpaq sahəsi, meşə zolağı arasında tala görməzsən, hər yerdə fındıq tingləri basdırılıb. Özü də fərq etməz, yer narahatdır, yoxuşdur, torpaq olan hər yerdə üstü fındıqla dolu yaşıl ağaclar görərsiniz. Türkiyənin əfsanə şəhəri Giresun dağları belə fındıqla örtülmüş yaşıl şəhərdir. Daha ətraflı növbəti yazılarımızda...
Elşad Paşasoy,
Bakı-Giresun-Ordu-Bakı
Foto: “YM”