İqtisadçı: “10 ilə yaxın müddət lazım olacaq ki, tamamilə nəticələr aradan qaldırılsın”
Bu gün - fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin bir ili tamamlanır. Ötən ilin bu günü saat 04.17-də Türkiyənin Kahramanmaraş şəhəri və Elbistan rayonunda 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Fevralın 6-da baş verən zəlzələ 11 əyalətdə dağıntılara səbəb olub. Ümumilikdə zəlzələ nəticəsində 53 min 537 nəfər ölüb, 107 min 213 nəfər yaralanıb.
Zəlzələdən ən çox təsirlənən vilayətlər Kahramanmaraş, Qaziantep, Hatay, Kilis, Adıyaman, Osmaniye, Diyarbəkir, Malatya, Elazığ və Şanlıurfa olub. Təxminən 1,5 milyon bina dağılıb, 13,5 milyon insan zərər çəkib. Bununla belə, ötən bir il müddətində Türkiyədə zəlzələlər davam edib. Kandillidən verilən açıqlamaya görə, 6 fevral 2023-cü il zəlzələlərindən 4 fevral 2024-cü ilədək bölgədə ümumi 45 min 756 zəlzələ baş verib ki, zəlzələlərin sayı gündə 40-50 arasında dəyişib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, fevralın 6-da baş verən zəlzələnin zərəri 104 milyard dollardır. Türkiyə lideri əlavə edib ki, orta dərəcədə zədələnmiş binalarda işlər davam etdirilir. Bölgədə 311 mindən çox binanın yenidən qurulmasına ehtiyac var.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan Türkiyəyə yardım edən ilk ölkədir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycandan Türkiyəyə sıravi insanlardan tutmuş, dövlət səviyyəsinədək bir çox dəstəklər oldu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən qardaş ölkənin ən çətin vaxtlarında yanında olduğunu vurğulamışdı.
Ötən il Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı saziş də təsdiqləndi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan hökumətinin Kahramanmaraş vilayətində yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib. Layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasının Hökuməti ayırıb. Bu vəsait hesabına Azərbaycanın İcraçı Qurumu tərəfindən inşa olunacaq bina və qurğuların Türkiyə Respublikası Hökumətinə əvəzsiz olaraq verilməsi nəzərdə tutulub.
Türkiyə iqtisadiyyatı böyük dağıntılardan sonra özünə gələ bilibmi?
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyədə dağıdıcı zəlzələnin nəticələri tam olaraq 10 ildən sonra aradan qalxacaq: “Türkiyəyə dəymiş zərərlə bağlı "Fitch Ratings" Agentliyi 4 milyard dollar həcmində qiymətləndirmişdi. Bəzi iqtisadçılar da buna yaxın bir məbləğ proqnozlaşdırırdılar. Onda demişdim ki, bu rəqəmlər doğru ola bilməz. Çünki ilk günlərdə açıqlanan rəqəmlərə əsasən xeyli bina dağılıb, yollar yoxa çıxıb, infrastruktur məhv olub, istehsal sahələri yerlə yeksan olub, dəyər zəncirinin əsaslı hissəsi sıradan çıxıb, təchizat prosesi dayanıb və sair və ilaxır. Maddi zərər yaradan səbəblər hədsiz çox idi. Dəymiş ziyanın 100 milyard dolları ötəcəyini demişdim. O zaman bəziləri mənimlə razılaşmadılar, amma Türkiyə prezidenti rəqəmləri açıqladı, eyni hesabladığım kimi oldu. Mənəvi zərbənin təsiri də heç maddidən az olmadı.
Dəymiş zərər Türkiyə ÜDM-nin 10%-ni ötə bilər. 2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olub. 2023-cü ildə isə bunun 941.55 milyard dollar olması proqnoz edilmişdi. Lakin zəlzələ bu proqnozun da gercəkləşməsinə imkan vermədi.
Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir.
Rəqəmlərdən göründüyü kimi, dəymiş ziyan 100 milyarddırsa, bu, Türkiyənin ÜDM-nin 12%-ə qədəri deməkdir. Eyni zamanda illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq. Bu xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsirini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur. Odur ki, dəymiş ziyanı yalnız büdcə vəsaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 10-12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaqdır. Yəni Türkiyə qısa müddət ərazində zəlzələnin nəticələrini aradan qaldıra bilməyəcək. Ona görə ki, dəymiş zərərin həcmi çox böyükdür. Düşünürəm ki, hər il büdcə kəsirinin məbləğini götürsək, üç illik büdcə kəsirinin həcmindən artıq vəsait olur. Fikrimcə, 10 ilə yaxın müddət lazım olacaq ki, tamamilə nəticələr aradan qaldırılsın.
Amma təbii ki, bu, qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Düzdür, Türkiyə sevməyənlər nəyəsə nail olmaq istəyərlər, amma Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə, bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir.
O ki qaldı Azərbaycanın qardaş ölkəyə köməyinə, ekspert dedi ki, sözün həqiqi mənasında həm dövlətimiz, həm vətəndaşlarımız bir mənalı olaraq qardaş ölkənin yanında oldu: “Xilasedicilərimiz, həkimlərimiz, könüllülərimiz böyük kütlə ilə bu yardıma tələsdi. Hələ mart ayında açıqlanan rəqəmlərdə 100 milyon dollarlıq yardım məbləği müzakirə olunurdu. Bununla bağlı konkret rəqəmlər demək mümkün deyil. Hətta açıqlanan statistikalar dürüst ifadə oluna bilməz. Çünki ölçülə bilməyəcək səviyyədə yardımlar olmuşdu. İstər fiziki, istərsə də avadanlıqlar şəklində, təchizat formasında, nağd pul formasında, xilasedicilər anlamında xeyli yardım edildi”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”