Türkiyəli nazir peycer partlayışından DANIŞDI: “İki versiya var, qısaqapanma və...”

“Türkiyədə köhnəlmiş cihazlar praktiki olaraq istifadə edilmir. Açıq deyə bilərəm ki, ölkəmizdə peycerlərlə bağlı heç bir risk yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi peycerlərin partladılması ilə bağlı insidenti şərh edərkən deyib.

Uraloğlu qeyd edib ki, qurğulara partlayıcının yerləşdirilməsi ehtimalı xeyli yüksəkdir.

“Deşifrə olunmaqdan yayınmağa çalışan təşkilatlar və qruplar belə köhnəlmiş cihazlardan istifadə edirlər. Onları izləməyi çətinləşdirmək üçün radio siqnallarından istifadə edərək ünsiyyət qururlar. “Hizbullah”ın müşahidədən yayınmaq üçün bu cür cihazlardan istifadə etdiyinə dair əlimizdə sübutlar var.

9 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan bu qədər cihazın eyni vaxtda partlaması həqiqətən ciddi hadisədir. Biz bu məsələni kibertəhlükəsizlik üzrə ekspertlərimizlə müzakirə edirik.

Mütəxəssislərimiz iki mümkün ssenarinin olduğunu vurğulayırlar. Onlardan biri İsrailin avadanlıqlara partlayıcı yerləşdirmək üçün cihazların yenilənməsi prosesinə müdaxiləsidir. İkinci ssenari qısaqapanma və ya həddindən artıq qızma nəticəsində mümkün olan batareya partlamasıdır”, - deyə nazir bildirib.

Uraloğlunun sözlərinə görə, belə cihazların istehsalında milliləşdirmə prosesinin davam etdirilməsi zərurətdir.

“Biz proqram təminatından tutmuş cihazların özünə qədər istehsalda əhəmiyyətli irəliləyiş əldə etdik. Dünyanın heç bir ölkəsində cihazların 100 faizi istehsal olunmur. Ancaq əsas komponentləri, xüsusən də proqram təminatını özləri istehsal etməyə çalışırlar. Biz Türkiyədə məhz bunu etməyə çalışırıq.

Biz buna nail olanda təhlükəsizlik səviyyəsi yüksələcək. Digər tərəfdən, biz kibertəhlükəsizlik sahəsində mühüm işlər görürük. Təsəvvür edin ki, hər gün bu böyük kiberhücumların 400-dən çoxunun qarşısını alırsınız. Ona görə də indiki mərhələdə deyə bilərəm ki, biz kibertəhlükəsizlik sahəsində dünyanın ilk 10 ölkəsi sırasındayıq”, - deyə türkiyəli nazir bildirib.

Şahanə Rəhimli
Musavat.com

18.09.2024 15:50
729